Rəsədxananın direktoru: “Quranın ilahidən gəldiyinə inana bilmirəm”
Avqust 04
13:06
2016
Namiq Cəlilov: "Bütün planet sistemi Günəşin üstünə töküləcək”
"Öz aramızdakı intriqalar elmi məktəbləri məhv elədi”
Azərbaycan Milli Elmlər Akademiyasının NəsrəddinTusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:
- Günəş fizikası ixtisası üzrə mütəxəssissiniz. Eyni zamanda Günəşin məxsusi qlobal rəqslərinin fiziki modelləri adlı elmi işiniz var. Zəhmət olmasa, ilk olaraq elmi terminlərlə zəngin bu ifadəni hamının başa düşəcəyi şəkildə izah edin.
- Mən 1977-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU-red) bitirəndə müəllimimiz olan Rəhim Hüseynov bizi Günəş fizikası tədqiqatlarına yönəltdi. Günəş fizikası astrofiziki tədqiqatların içərisində xüsusi yer tutur. Ona görə ki, kainat çox böyükdür. Milyardlarla qalaktikalar, milyardlarla ulduzlar... Günəşdə gedən proseslər bütün kainat üçün bir laboratoriya rolunu oynayır. Günəş fizikası bilavasitə Günəşin fizikası, onun Günəş sistemi cisimlərinə və planetlərə təsiri haqqında tədqiqat bölməsidir. 60 illik yubileyə malik Şamaxı Astrofizika Rəsədxanası öz fəaliyyətinə məhz Günəş fizikası ilə başlayıb.
Mənim sahəm birbaşa təcrübə, teleskoplarla bağlı deyil. Hələ tələbə vaxtından mənim üçün sırf nəzəri mövzu qoyulmuşdu. Mən uzun illər Rusiya Elmlər Akademiyasında işləmişəm, orada namizədlik və doktorluq dissertasiyasını müdafiə etmişəm. Uzun müddət Almaniyada olmuşam. Həmişə Günəş fizikası sahəsində və siz adını çəkdiyiniz mövzu üzrə işləmişəm.Sadə dildə desək, qlobal məxsusi rəqslər dedikdə bu bütövlükdə Günəşi və ya onun böyük hissəsini eyni zamanda dinamik hərəkətə gətirən prosesdir. Bu adətən müxtəlif növlü irimiqyaslı durğun dalğaların nəticəsində yaranır. Bu proseslərin fiziki modelinin qurulması Günəşin içəri qatlarında gedən proseslər haqqında təsəvvür yaradır. Məsələn, Yerdə zəlzələ yaradan seysmik dalğalar Günəşdə də yaranır. Ancaq bu daha qlobal miqyasda baş verir və bütün Günəşi silkəliyir. Mən kosmik plazmada bu cür qlobal dinamik proseslərlə məşğul oluram.
- Mən də elə onun məğzini açıqlamanızı istədim.
- İndi izah edirəm. Bu sahəyə başqa adla helioseysmologiya da deyirlər. Məsələ burasındadır ki, istənilən "qaynar qazan” qaynayanda orada müxtəlif tezliklərdə, müxtəlif spektrlərdə akustik dalğalar əmələ gəlir. Aşağı və yuxarı tezliklər və s. Onlar müəyyən filtrasiyadan keçəndən sonra Günəşin səthinə çıxır. Günəşin səthində rezonator meydana gəlir. Eksperimentlər yolu ilə Günəşin səthində akustik dalğalar müşahidə edilir. Bu ölçmələr çox böyük dəqiqliklə akustik dalğaların fiziki parametrlərini müəyyən edir. Qurulmuş nəzəri model bu ölçmələri izah etməli və daxili fiziki vəziyyət haqqında informasiya verməlidir.
- Bayaq dediniz ki, işiniz teleskoplarla bağlı deyil. Bəs necə olur ki, müşahidə aparmadan nəzəri modellər qurulur?
- Astrofizika kollektiv elmdir. Bu sahədə müşahidə qrupları və nəzəriyyəçilər var. Onların tandemi olanda daha yaxşı elmi nəticələr hasil olur. Biz nəzəri modeli inkişaf etdirəndə, başqaları deyək ki, Yerin Cənub qütbündə Günəşdəki dalğaları arası kəsilmədən müşahidə edirlər. Biz də onun nəzəri interpretasiyasını veririk və onların eksperimentlərdən əldə etdikləri məlumatları nəzəri modellərin qurulmasında istifadə edirik.
- Namiq müəllim, Günəş ulduz kateqoriyasına daxildir. Günəş-Yer kontaktı həmişə mənim üçün maraqlı olub. Sualım isə belə olacaq: Günəş nə zamansa həddindən artıq isti kütlə ilə Yeri məhv edəcəkmi?
- Çox gözəl və müasir sualdır. Doğrudan da, Günəş-Yer əlaqələri fizikası çox sürətlə inkişaf edən bir sahədir. Günəş enerji nöqteyi-nəzərdən Yer üçün həyat mənbəyidir. Biz enerjisiz yaşaya bilmərik. Bununla yanaşı, Günəş həmişə Yer üçün təhlükə mənbəyi olub. Ona görə ki, Günəşdə mütəmadi olaraq 11 illik maqnit tsiklləri baş verir. Hər 11 ildən bir Günəşin səthində maqnit sahəsi 3-4 min Qaussa qədər qalxır və tədricən 0-a qədər enir. 11 ildən bir bu proses təkrarlanır. Tsikl maksimuma yaxınlaşanda Günəşdə böyük partlayışlar baş verir. Günəşlə Yer arasındakı məsafə 150 milyon kilometrdir. Günəşin səthində alışma zamanı rentgen şüalanmasında böyük enerji ayrılır və bu ətraf mühitə yönəlir. Bu sanki Günəşdən açılan bir top atəşinə bənzəyir.
Bu çox vaxt yerdən yan keçir, amma Yerə dəyən vaxtlar da olur. İkincisi Günəşdən arası kəsilmədən qaynar plazma kütləsi axır. Həm ekvator zonasından, həm də qütblərdən. Bunlar müxtəlif sürətdə olur: təqribən saniyədə 400 kilometrdən 1200 kilometrə qədər. Arası kəsilmədən, çay kimi axan sürətli plazmadan Yeri onun maqnit sahəsi qoruyur. Yəni maqnit sahəsi həmin plazma kütlələrini Yerdən kənara yönəldir və bizi müdafiə edir. Beləliklə hücumla müdafiə arasında müəyyən tarazlıq mövcuddur. Ancaq bu tarazlığın bizim üçün təhlükəli pozuntuları da ola bilir.
- Maraqlıdır. Amma yenə "təhlükəli pozuntular” ifadəsinə görə əlavə sual yaranır. Nə zaman o plazmalar Yerin maqnit sahəsini əzib keçə bilər?
- Hərdən böyük partlayışlar olanda ayrıca bir plazma kütləsi topa şəklində maqnit sahəsinə çırpılır. Bu zaman böyük deformasiyalar olur. Maqnit qasırğaları meydana gəlir. Böyük enerjili zərrəciklər Yer atmosferinə daxil olurlar. Atmosferdə fiziki şərait dəyişir. Şərait dəyişdiyinə görə məsələn, süni peyklərin orbitləri dəyişir. Arası kəsilmədən enerji sərf etməliyik ki, həmin süni peyklər öz orbitlərinə qayıtsınlar. Başqa misal, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər atmosferdəki dəyişikənliklərə və maqnit qasırğalarına çox həssas olurlar.
- Bayaqkı sualımı bir başqa formada qoyuram. Günəş Yeri təxminən nə qədər müddətdən sonra əridəcək? Düzdür, dəqiq proqnoz yoxdur, amma mən bildiyimə görə, nəzəri yaxınlaşmalarla təxmini tarix demək mümkündür.
- Günəşin yaşı təqribən 4.5 milyard ildir. Bu onun ömrünün təxminən yarısıdır. Ulduzların təkamül modelləri vardır. Ulduzların ömrü tükənəndə onlar ya qara dəliyə, ya pulsara, ya da neytron ulduza çevrilirlər. Yəni böyük bir kütlə balaca bir radiusda yığılır. Bu zaman planetlər ya uçub getməlidirlər, ya da hamısı Günəşin üstünə kollaps olmalıdır. Yəqin ki, ikinci variant olacaq. Bütün planet sistemi Günəşin üstünə töküləcək. Bu 4 milyard ildən sonra baş verə bilər. Günəşin kütləsi, radiusu çox yaxşı məlumdur. Oradakı nüvə reaksiyalarının sürəti də məlumdur. Ona görə də, dəqiq deyə bilərik ki, Günəş özü nə zaman sönəcək.
- Mən özüm sırf humanitar sahə üzrə təhsil almışam, ixtisasca jurnalistəm. Ancaq elmlə az- çox maraqlanıram. Dünya şöhrətli astrofizik alim Stiven Houkinq bildirir ki, qara dəliklər ulduzların sönməsi nəticəsində yaranır. Siz isə dediniz ki, Günəş də sönəcək. Günəş isə ulduzdur. Bəs o sönəndə qara dəliyə çevrilə bilmə ehtimalı varmı?
- Günəşin qara dəliyə çevrilmə ehtimalı çox azdır. Çünki qara dəliyə çevrilmək üçün kütlə Günəşin kütləsindən 2 dəfədən də çox olmalıdır. Böyük ulduzlar qara dəliyə çevrilə bilirlər. Günəş kimi ulduzlar isə çox vaxt ya pulsara, ya da neytron ulduzlara çevrilməklə ömürlərini başa vururlar.
- Planetlərin Günəş səthinə tökülməsindən və eyni zamanda Günəşin özünün ölməsindən danışdınız. Yenə də bir sual ortaya çıxır. Günəş planetlərdən qabaq yox olacaqsa, o zaman planetlərin taleyi necə olacaq?
- Hər şeyi qravitasiya qüvvələri müəyyən edir. Günəş hansısa səbəbdən yoxa çıxacaqsa, planetlər də avtomatik məhv olacaq. Çünki fəzada onları saxlayan Günəşin özüdür.
- Houkinqin fikrinə görə, qara dəliklər kainata alternativ yoldur. Amma bu ehtimal olaraq qalır. Belə bir şey öz təsdiqini taparsa, bizim qalaktikanı nə gözləyir?
- Bu da maraqlı sualdır. Qalaktikaların demək olar ki, hamısının mərkəzində qara dəliklər var. Houkinqin nəzəriyyəsinə görə, hissəciklər qara dəliklərdən tullanır, yəni qara dəliklər şüalanırlar. Ancaq müasir kosmik eksperimentlər imkan vermir ki, bu prosesi müşahidə edək. Buna baxmayaraq nəzəri modelə görə, qara dəliklər doğurdan da şüalanmalıdır. Biz bu şüalanmanı ölçə bilsək, bu zaman həmin qara dəliklərin içərisində nə olduğunu fərz edə bilərik. Müasir nəzəriyyələrə görə, kainatlar paralel olmalıdır. Paralel kainatlara keçid isə ehtimal olunur ki, qara dəliklər vasitəsi ilə mümkündür. Bir təsəvvür edin. Protonun kütləsi 10 üstü mənfi 24 qramdır. İşığın sürəti də bəllidir. Bir sıra fundamental fiziki sabitlər var. Həmin nəzəriyyədə o fundamental sabitin birini çox cüzi dəyişsək, o zaman başqa bir dünya alırıq. Az çox böyük partlayış ("Big Bang” – A.K) nəzəriyyəsi qəbul olunub.
Bu nəzəriyyə çox şeyi yaxşı izah edə bilir. Lakin fundamental sabitlərin qiymətləri dəyişən kimi, başqa kainat alırıq və onun inkişafı da fərqli olacaq. Nəzəriyyə deyir ki, işığın paralel dünyalardakı sürətləri fərqli olmalıdır. Müasir müşahidələr onu deməyə imkan verir ki, bizim qalaktikamız – Süd yolu qonşu Andromeda ilə sürətlə bir-birlərinə yaxınlaşırlar. Buna səbəb onların mərkəzlərindəki qara dəliklərin bir-birini cəzb etmələridir. Nə vaxtsa yəqin ki, bu birləşmə baş verəcək. Ancaq müasir təsəvvürlərə görə kainat bütövlükdə genişlənir və bu genişlənmə təcillə baş verir. Bunun səbəbi qara enerji – antiqravitasiya qüvvəsinin mövcudluğu ilə bağlıdır. Bu qüvvənin mahiyyəti haqqında müasir astrofizika elmi hələ ki, heç nə deyə bilmir.
- "Big Bang” nəzəriyyəsinin adını çəkdiniz. Amma bu da mütləq doğru elmi yanaşma deyil. Sizcə, kainatı yaradan ilkin təkan nədir?
- Plank vaxtı deyilən bir anlayış var. Səhv etmirəmsə, 10 üstü mənfi 44 saniyədir. Bu vaxta qədər bizim başa düşdüyümüz maddə deyilən bir şey yoxdur. Fizikanın biz bildiyimiz qanunları bu müddətə qədər işləmir. Sinqulyar nöqtənin nədən ibarət olduğu bilinmir. Fizika elmində ən böyük problem plank vaxtına qədər nələrin olduğunu aydınlaşdırmaqdır. İlkin təkanın nə olduğunu heç kim deyə bilməz. Hətta Houkinq də.
- Cavab yoxdur, olanlar da hamısı nəzəridir. Ona görə də, kainatın arxasındakı proseslərdə ali bir şüur amilinin dayandığını düşünmək olarmı? Yəni, inanclı insanların təsəvvürlərindəki Allahmı ilk təkan verib?
- Mən çoxlu astrofiziklərlə görüşüb, bu tip söhbətlər etmişəm. Kainat o qədər incə qurulub ki, bir rəqəm dəyişsə, o, başqa cür olar. Bu nöqteyi-nəzərdən bəzi alimlər deyir ki, kainatı yaradıcı qüvvə yaradıb. Amma dini nöqteyi-nəzərdən olan Allah məfhumu tamamilə başqadır. Elmdə isə fərqlidir. Hər şeyin yaranma səbəbi, yaradıcı qüvvə olmalıdır. Biz bilmədiklərimizin sayı-hesabı belə yoxdur, o cümlədən də ilkin yaradıcı qüvvənin mahiyyəti haqqında heç nə məlum deyil.
- Yəni, dinin insanlara təqdim etdiyi Allahı qəbul etmirsiniz?
- Mən yaradıcı qüvvə anlayışını din prizmasından demirəm. Yaradıcı qüvvə həqiqətən də var. Onu qeyri-məlum qüvvə də adlandırmaq olar.
- Çox gözəl. Kainat isə çox əzəmətli, əsrarəngiz və həddindən artıq genişdir. O yaradıcı qüvvə varsa, kainatın hansı nöqtəsində qərarlaşıb?
- Bu sual da xoşuma gəldi. Sinqulyar nöqtədən böyük partlayış modelini qəbul etsək, deyə bilərik ki, kainat bütün istiqamətlərə kürə kimi genişlənir. Biz də bu kürənin içərisindəyik. Müasir kosmik eksperimentlərlə məlum olub ki, biz həmin kürənin içərisindəki maddənin yalnız 5-6 faizini bilirik, onu hiss edirik. Qalanının isə nədən ibarət olduğunu bilmirik. Ancaq onun mövcudluğu sübut olunub. Həmin o məlum olmayan materiyanın iki hissəsi var: qara enerji və görünməyən maddə. Bizim qara enerji haqqında heç bir məlumatımız yoxdur. Bir onu bilirik ki, kainatı təcillə genişləndirən qara enerjidir. Digəri isə görünməyən maddədir. Məncə bu məsələlərdə bizi çox böyük kəşflər gözləyir. Həmin yaradıcı qüvvə elə kainatı idarə edir, deməli onun hər yerində olduğunu fərz etmək olar.
- Necə başa düşüm? Yaradıcı qüvvə o qara enerjinin içərisindədir?
- Kainat yaranarkən ilkin partlayışlarda nə qədər çox enerji alınsaydı belə, bir müddət sonra o yavaşımalı və həmin nöqtəyə - geriyə qayıtmalı idi. Ancaq hər şey tərsinə baş verir. 14 milyard ildir ki, Kainat genişlənməkdə davam edir. Ən maraqlısı isə odur ki, o təcillə genişlənir. Deməli, qravitasiyanın təbiətinə zidd olan anti-qravitasiya var. Qravitasiyanın əleyhinə işləyən qüvvə qara enerjidir. Amma onun mahiyyəti nədən ibarətdir – bilmirik. Ancaq qara, görünməyən maddə bir az fərqlidir. O, qravitasiya qanunlarına tabedir. Deməli ilkin yaradıcı qüvvə haqqında nəsə demək ancaq qara enerjinin təbiəti aydın olandan sonra mümkün olacaq. Yaşayarıq, görərik.
- Bir çox alim gəncliyində yaradıcı qüvvənin varlığı haqqında mütləq bir qənaətə gəlmir. Elmi araşdırmalar genişləndikcə və bunun nəticəsində daha mürəkkəb suallar yarandıqca, yaradıcıya inam yaranır. Siz də gəncliyinizdə ali bir şüurun olduğuna inanırdınız, yoxsa sonradan qazanılmış düşüncədir?
- Mən gənc vaxtlarımda Allahın varlığına inanmırdım. Lakin astrofizika elmində dərinə getdikcə, yaradıcının olmasına dair inam güclənir. Əvvəllər çoxumuz ateist idik. Hər şey dəyişir. Ancaq yaradıcı haqqında təsəvvürüm bi az başqadır.
- Astrofizika elmi ilə məşğul olanlar Quranı da oxuyur. Siz də oxumuşunuz?
- Bəli, tərcüməsini və interpretasiyalarını oxumuşam.
- Orada astrofizika üçün lazım olan bir məqam varmı? Yoxsa din sırf mənəviyyatı tənzimləyən bir konstitusiyadır?
- İnsana zəka elə-belə verilməyib. İnsana zəka ona görə verilib ki, o yaradıcılıqla məşğul olsun –istənilən fəaliyyət sahəsində. Ətraf təbiətin, kainatın quruluşunun yaradıcılıq nöqteyi-nəzərindən öyrənilməsi elmin vəzifəsidir. Quranda elmi biliklərin olması fikri həmişə irəli sürülür. Lakin bilgi o vaxt elmi sayılır ki, onu biz bilavasitə və ya dolayı yollarla təcrübələrdə yoxlaya bilək. Bu kitabda mənəviyyat və davranış kodeksləri daha çox qabardılıb və böyük əksəriyyət məhz bu hissəni tez qavrayır və onun üzərində dayanır.
- Siz mənim sualıma cavab vermədiniz. Quranda astrofizika üçün maraqlı olan nüanslar nədir? Məsələn, Quranda kainatın genişlənməsinə dair ayə var. Elm də bunu sübut edir. Bu, sizin üçün maraqlı deyil? Buradan çıxış etsək, deyə bilərikmi ki, Quran ilahidən gələn kitabdır? Çox xahiş edirəm, səmimi cavab verin.
- Quranda astronomik faktlar çoxdur. Orada göyün yeddi qatı anlayışı var. Əlbəttə ki, onlar məcazi mənadadır. Quranda kainatın, atomun, Yerin quruluşu haqqında məsələlər var. Lakin bütün bunlara o vaxt diqqət yetirilir ki, onlar artıq elmdə sübut olunublar. Quranı bir dəfə oxumaqla onu başa düşmək çətindir. Çünki Quran çox sıxılmış biliklər külliyyatından ibarətdir. Onun elm adamlarının – fiziklər və astronomların xüsusi tədqiqatına ehtiyac var. Məncə çox maraqlı olardı, müsir biliklər fonunda Qurandakı faktlar necə görünür, nə təsdiqini artıq tapıb və yeni nə irəli sürülür. Bütün bunlara baxmayaraq, mənə elə gəlir ki, Quran özünəqədərki sivilizasiyalarda əldə edilmiş bilgilərin sıxılmış toplusudur.
- Yəni, açıq desək, ilahidən gəldiyi fikrini qəbul etmirsiniz.
- Mən Quranın ilahidən gəldiyinə inana bilmirəm, çünki mən bunu necə baş verdiyini təsəvvür edə bilmirəm.
- Bəs yaradıcı qüvvə öz varlığını insana necə çatdırır?
- Məsələn, adi həyatımızda hər cür hadisələrin şahidi oluruq. Bir də görürük ki, ədalətsiz hərəkət edən bir insanın özü olmasa da, yaxınları bunun cavabını alırlar. Belə şeylər deməyə imkan verir ki, idarə edən bir qüvvə mövcuddur. Təəssüf ki, buna sübut yoxdur və bu həmişə belə olmur. Yəni qanunauyğunluq yoxdur, varsa da hələ biz onu tapa bilməmişik. Yaradıcı qüvvənin mövcudluğuna inam hissi insanı axtarışa sövq edir, o bu qüvvənin təzahürlərini başa düşməyə çalışır. Bu, elmdə belədir. Ancaq onu doqma kimi qəbul edənlər daha çoxdur – bu isə müxtəlif dinlərin meydana gəlməsinə səbəb olub. Əsas çətinlik ondan ibarətdir ki, hər bir elmi kəşfin dalınca onlarla naməlum sual ortaya çıxır. Bu sualların miqyası o qədər böyükdür ki, insan bu boyda kainatın öz-özünə yaranmadığını düşünür və qəbul edir. Mən də həmçinin.
- Elmi mövzudakı söhbətlər açığı, bir az məni yordu. Ona görə də, şəxsinizlə bağlı suala keçmək istəyirəm. Tərcümeyi-halınıza baxdım, çoxlu sayda elmi məqalələriniz xarici nəşrlərdə dərc olunub.
- Mən direktor olana qədər yaxşı işləyirdim, çox aktiv idim. İndi isə buna heç vaxtım qalmır. Buna baxmayaraq gənc kadrları başıma yığıb, nəzəri astrofizika sahəsində fikirlərimi onlarla bölüşürəm. Onlardan 2-si indi Belçikadadır, Leuven universitetində Astrofizika mərkəzində. Avropa Qrantı almışıq və onlar bu qrantın hesabına gediblər. Onları burada oturmağa qoymuram. Deyirəm ki, gedin elmin içində bişin, mütəxəssis kimi qayıdın.
Məqalələrim müxtəlif mövzularda olub. Məsələn, almanlarla Günəşin tərkibində diffrensial fırlanma barədə nəzəri model irəli sürmüşük. Orada maraqlı burulğanlar əmələ gəlir. Bu, Günəşin nüvəsində gedən istilik-nüvə reaksiyasının sürətinə təsir edir. Bir də Günəşin səthində optik xarakteristikanı dəyişdirir. Bunları bir yerə yığanda Günəşin sulanması enerjisi 1000 illik periodlarla dəyişir. Bu, Yerdəki qlobal iqlim dəyişikliklərin birbaşa izahıdır. Yerin son buzlaşma dövründə 2-3 min illik ciddi sıçrayışla istiləşmə periodları olub. Bunların birbaşa Günəşlə bağlı olduğu fərz olunur. Bu fərziyyənin modelini biz qurmuşuq. Digər mövzular üzrə elmi məqalələrim Avropa, Amerika və Rusiya jurnallarında çap olunub. Əsas tədqiqat istiqamətim Günəş və digər kosmik plazma mühitlərində dalğa turbulensiyasıdır.
- Alimlər deyir ki, qlobal istiləşmə baş verir. Yeri nə gözləyir? Buzlaşma yoxsa istiləşmə?
- Qlobal istiləşmə dövrü ilə bağlı alimlərin fikri tən yarı bölünüb. Bizi kimi astrofiziklər hesab edir ki, bu, təbii periodik prosesdir. Digərləri insan tərəfindən atmosferə atılan tullantıların – çirklənmənin parnik effekti yaratdığını əsas götürür. Hər iki tərəfin öz sübutları var. Təbii ki, hər iki faktın rolu vardır. Mənim fikrimcə, son istiləşmə birinci mexanizmlə daha çox bağlıdır.
Müasir süni peyklərdən aparılan müşahidələr göstərir ki, Qrenlandiya buzlaqları sürətlə əriyir, okeanın səviyyəsi tədricən qalxır. Bunun nəticələri ağır ola bilər. Ən çoxu da insan miqrasiyaları genişlənə bilər.Yəqin ki, okeanların səviyyəsi qalxıb sahil şəhərləri su altında qoya bilər. İstiləşmə çox sürətlə gedir. İqlimdə qlobal və lokal dəyişmələr olur. İndiki istiləşmə çox güman ki, lokaldır. Son buzlaşma dövrü 10 min il bundan əvvəl bitib. İndi isti Holosen dövrüdür. Buzlaşma dövrünün içərisində də ciddi istiləşmə periodları olub. Düşünürəm ki, istiləşmə atmosferə atılan tullantılarla yox, birbaşa Günəşlə daha çox bağlıdır.
- Namiq müəllim, Günəş sistemində hər bir planetin öz orbiti var. Nə zamansa ola bilərmi ki, bir planet başqa bir planetin orbitinə keçsin?
- Belə bir şey olsaydı, çoxdan baş verərdi. Hər şeyi Günəşin qravitasiyası təyin edir. Planetlər özləri də bir-birini cəzb edirlər. Hər bir şey tarazlıqdadır. Qravitasiya onları elə taraz vəziyyətdə saxlayıb ki, bir planetin başqası ilə toqquşması mümkün deyil. Buna Günəş imkan vermir.
- Amma tarazlıq varsa, onun pozulması ehtimalı da var axı!
- Tarazlıq o vaxt pozular ki, Günəş sönsün, bu isə çox yavaş proses olduğundan tarazlıq həmişə bərpa olunur. Tarazlığı pozan digər səbəb bizim qalaktikanın digəri ilə toqquşması ola bilərdi.
- Keçək rəsədxananın fəaliyyətinə. Açığını deyim ki, çox tənqidlər eşidirəm.
- Nə deyirlər ki?
- Məsələn, ortaya elmi tədqiqatlar qoyulmur, dünya arenasına çıxa bilmir.
- Rəsədxananın fəaliyyətini tənqid edənlər düz edirlər. Təsəvvür edin, bizim 60 illik tariximiz var. Sovetlər dövründə Şamaxı rəsədxanasının çox parlaq tarixi olub. Bura gəlməyən kosmonavt qalmayıb. Çox böyük alimlər, nobel mükafatçıları burada olublar, böyük simpoziumlar keçirilib. Nəticədə bizdə astrofizika üzrə məktəblər formalaşmağa başlamışdı. Astronomlar nəsli yetişirdi. Çox dəyərli elmi nəticələr əldə edilirdi.
SSRİ dağılandan sonra bizdə astrofizika elmi çox sürətlə geriləməyə başladı. Bunun həm subyektiv, həm də obyektiv səbəbləri vardır. Sovetlər burdan gedəndən sonra öz aramızdakı intriqalar elmi məktəbləri məhv elədi. Nəzəri tədqiqatların üstündən xətt çəkildi. Eksperimental baza sürətlə zəiflədi. Elmi işçilərin maaşı azaldı. Müəssisədən kadr axını gücləndi. Hal-hazırda da Rəsədxanada elm SSRİ vaxtındakı potensialından qat-qat aşağıdır. Buna görə də tənqidlər düzdür, ancaq bu tənqidlərdən təəsüflər olsun ki, vaxtında düzgün nəticə çıxaran olmayıb.
- Siz direktorsunuz. Niyə inkişaf etdirmirsiniz?
- Məni bu vəzifəyə yenicə təyin ediblər. Çox cəhd edirəm. Astronomiya ümumbəşəri elmdir. Ayrıca bir elmi mərkəzdə o inkişaf edə bilməz. Eksperimental baza – həm yerüstü, həm də kosmik, çox baha olduğundan dünyada elmi mərkəzlər öz güclərini birləşdirirlər. Ancaq bu cür yeni nəaliyyətlər əldə edilə bilər. Kosmik era artıq çoxdan başlayıb – 60-cı illərdən. Buna görə də biz real inkişaf etməyimiz üçün dünyanın elmi mərkəzlərinə qoşulmalıyıq. Bunun üçün yaxşı alimlərimiz və eksperimental bazamız olmalıdır.
Amma bizim nailiyyətlər də var. İllik hesabatlar veririk. Günəş-Yer əlaqələri fizikası üzrə işlər görülür. Sonra planetlər, qalaktikalar fizikasına dair işlərimiz var. Bu yaxınlarda qalaktikaların güclü dəyişməsi ilə bağlı ABŞ-a 3 astronomik teleqram göndərdik. Kəşf səviyyəsində nəticədir. İlk dəfə rəsədxanada qalaktikaların sürətlə dəyişməsi fiks olundu. Kanadanın Monreal Universiteti ilə birgə yerüstü və kosmik eksperimentlərdə kompleks tədqiqat proyekti həyata keçirilir.
Polşanın Kopernik Universiteti ilə ulduzlararası mühitdə görünməyən maddənin təbiəti ilə bağlı işlər görülür. Rusiyanın elmi mərkəzləri ilə, İsrail və digərləri ilə elmi əlaqələrimiz sürətlə genişlənir. "Azərkosmos”la birgə işlər görmək üçün planlı iş gedir. Bundan başqa biz yeni şöbə yaratmışıq: Nəzəri astrofizika və kosmologiya şöbəsi. Bu şöbədə kainatın quruluşu ilə bağlı ciddi tədqiqatlara başlamışıq.
- Rəsədxananın nə qədər elmi işçisi var?
- Hazırda 154 nəfər əməkdaşımız var.
- Yəqin ki, maaşları elə də yüksək deyil.
- 200-300 manat.
- Siz nə qədər alırsınız?
- 700 manat.
- Əslində alim üçün azdır. Mən belə düşünürəm.
- Bir də baxırsan ki, bir professor ömrünü tamamilə elmə sərf edib, şöbə müdiridir, amma 400 manat maaş alır. Bu çox azdır. Elmdə ancaq onun fanatları qalır, qalanları gəlirlər və gedirlər. Biz çalışırıq ki, xarici ölkələrlə əməkdaşlıq edib qrantlar alaq. Bizim sahə fundamental elmdir.
Elmi nəaliyyətlərin praktik müstəvidə tətbiq nəticələri uzun illər görünmür. Ancaq insan cəmiyyətinin müasir dövrdə əldə etdiyi bütün nəaliyyətlər həmin fundamental elmin əsasında yaranıb. Tətbiqi elm boş yerdə yarana bilməz. Bu həmişə belə olub və olacaq.

(Modern.az)