Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"

İyun 09
11:28
2025
Estetik cərrahiyyə sahəsində baş verən qalmaqallar davam edir. Bu günə qədər yüzlərlə qadın qeyri-peşəkar kosmetoloq və həkimlərin həyata keçirdiyi prosedurların qurbanı olub. Prosedurların düzgün icra edilməməsi, qeyri-peşəkarlıq və digər səbəblər nəticəsində zərərçəkənlərin bədənində çürümə və irinləmə halları müşahidə olunur.
Adı tez-tez qalmaqallarda hallanan klinikalardan biri olan "Laser Beauty Klinikası"nın estetik kosmetoloqu Rəna Soltanova ilə bağlı demək olar ki, hər gün yeni məlumatlar yayılır. Onun prosedurlarının qurbanı olmuş şəxslər davamlı olaraq açıqlamalar verir, ittihamlar səsləndirirlər.
Rəna Soltanovanın zərər vurduğu şəxslərdən biri də turizm sahəsində çalışan Nərmin İsmayılova adlı xanımdır. O, burun dolğusu proseduru üçün Rəna Soltanovaya müraciət edib. Lakin prosedur nəticəsində ciddi fəsadlarla üzləşib və səhhətində yaranan problemləri aradan qaldırmaq üçün uzun müddət müalicə almalı olub. Bu müddət ərzində həm işindən olub, həm də böyük maliyyə itkisi ilə qarşılaşıb.
Nərmin xanım başına gələnləri Qaynarinfo-ya danışıb:

"Ötən ilin 19 noyabr tarixində Rəna Soltanovaya müraciət etmişdim. Bu, üçüncü dəfə burun dolğusu proseduru idi, əvvəlkiləri də o etmişdi. İlk iki prosedurdan sonra problem yaşamamışdım. Amma sonuncuda fəsad baş verdi. Dolğu vurulan anda göyərmə yarandı. Evə getdim və sonradan bu barədə Rəna Soltanovaya məlumat verdim. "Problem deyil, belə hallar olur", dedi. Ertəsi gün köməkçilərinə vəziyyətin görüntüsünü göndərdim, "heç bir problem olmayacaq" cavabını verdilər. Ancaq dörd gün sonra burnum qaralmağa başladı və içindən ağ prişiklər çıxdı. Bu zaman mənə dedilər ki, təcili xəstəxanaya gedim. İlk günlərdə isə problemin olmadığını deyirdilər. Halbuki, bunu adi bir insan belə görə bilərdi ki, ciddi problem var - nekroz başlayıb. Bunu bir mütəxəssis olaraq Rəna Soltanova bilməli idi.

Sonra dedi ki, "mən xaricə uçuram, qızların yanına get". Yanında işləyən 3-4 qız var, onların yanına getdim, kömək edə bilmədilər. Bu müddət ərzində 5 ay işləyə bilmədim və işimi itirdim. Ondan təzminat tələb etmədim, amma heç olmasa deyə bilərdi ki, mənə görə bu vəziyyətə düşmüsən, nəsə kömək edim. Əvəzində məni başqasının yanına göndərdi. Safura xanım vardı, qaş və tatu silir - onun da əziyyəti oldu, amma bu, onun sahəsi deyildi. Özüm Dilqəm Məhərrəmovun yanına getdim. O dedi ki, "sənin burnun çürüyür, bunun qarşısını almaq üçün antibiotiklər, dərmanlar olunurmu?" Cavab verdim ki, "heç nə olunmur". O da telefonu götürüb çölə çıxdı, Rəna Soltanova və ya köməkçisi ilə danışdı. Sonra özü mənə resept yazdı və Fidan xanıma zəng edib dedi ki, "təcili şəkildə bu müalicə başlanmalıdır, əks halda burun tamamilə itə bilər". Bu reseptlə müalicə başladı. Demək olar ki, 7 ay süründüm, çox əziyyət çəkdim. Gördüm nəticə yoxdur, insanlarla ünsiyyət qura bilmirəm, vəziyyətim düzəlmir. Rəna Soltanovanın özünə də dedim ki, "siz də qadınsız, bu vəziyyətdə cəmiyyət içinə çıxa bilərsiz?" Cavab verdi ki, "sən danışığını bilmirsən". Bu qədər hadisədən sonra heç nə təklif etmədi. Bütün xərcləri özüm qarşıladım - aparatılara getdim, dərmanlar, vitaminlər vuruldu. Nə qədər pul xərclədiyimi dəqiq bilmirəm, amma əsas məsələ pul deyil. Mənəvi zərbə və göstərilən laqeydlik daha ağırdır. Həm zərər çək, həm də işindən ol. Ən ağrılı məqam budur".
Qlobal.az