SON XƏBƏR

Rekord məbləğdə hərbi yardım paketi: ABŞ Ukraynanı hücuma hazırlayır? (TAM SİYAHI)

Yanvar 07
12:49 2023
ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya genişmiqyaslı müdafiə yardım paketinin təfərrüatlarını açıqlayıb. Daha sonra Pentaqon bəyanatla çıxış edib.

Qaynarinfo bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətlərinə istinadən xəbər verir.

"2023-cü ilin ilk həftəsində ABŞ 3,75 milyard dollardan çox yeni hərbi yardım elan etməklə Ukraynaya və avropalı müttəfiqlərimizə dəstəyini davam etdirir", deyə Blinken bildirib.

O, Ukraynaya birbaşa yardımın 2,85 milyard dollar təşkil edəcəyinə aydınlıq gətirib. Bu məbləğ üçün Kiyevə Müdafiə Nazirliyinin ehtiyatlarından sursat və silahlar ayrılacaq. Məlumatda tədarükün dərhal həyata keçirilməsi qeyd edilir. Daha 225 milyon dollar isə Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli potensialının və modernləşdirilməsinin maliyyələşdirilməsinə yönəldiləcək.

Blinken əlavə edib ki, ümumi məbləğin 682 milyon dolları avropalı tərəfdaşların və müttəfiqlərin Ukraynaya hərbi texnika hədiyyə etməsinin stimullaşdırılmasına sərf olunacaq.

Dövlət katibi həmçinin təsdiqləyib ki, "Bradley” piyada döyüş maşınları, artilleriya sistemləri, zirehli transportyorlar və digər avadanlıqlar Ukraynaya veriləcək.

Blinken açıqlamasında bildirib ki, yeni paketlə birlikdə ABŞ-ın Ukraynaya ümumi hərbi yardımı "görünməmiş” məbləğ - 24,9 milyard dollar təşkil edəcək.

"Yalnız Rusiya bu gün bu müharibəyə son qoya bilər. Bu baş verənə qədər, əvvəlki illərdə olduğu kimi, bu il də və nə qədər lazımdırsa, biz Ukrayna ilə birləşəcəyik", deyə Blinken əlavə edib.

Daha sonra Pentaqon təfərrüatlar və yeni hərbi paketin siyahısını açıqlayıb. Siyahı aşağıdaki kimidir:

• 50 ədəd "Bradley" piyada döyüş maşını, 500 ədəd TOW tank əleyhinə raketi və 25 mm çaplı 250 000 ədəd mərmi ilə birlikdə;
• 100 ədəd M113 zirehli transportyor;
• 55 ədəd minaya dözümlü maşın (MRAP);
• 138 ədəd mobil döyüş maşınları (HMMWV);
• 18 ədəd 155 mm-lik özüyeriyən "Haubitsa" və 18 ədəd döyüş sursatı daşıyan maşın;
• 155 mm kalibrli 70 min ədəd artilleriya mərmisi;
• 500 ədəd yüksək dəqiqlikli 155 mm-lik artilleriya mərmisi;
• 1200 ədəd 155 mm-lik uzaqdan zireh əleyhinə mina sisteminin (RAAM) mərmiləri;
• 36 ədəd 105 mm yedəkli "Haubitsa" və 95 000 ədəd 105 mm-lik artilleriya mərmisi;
• 120 mm kalibrli 10 min ədəd minaatan mərmisi;
• HIMARS üçün əlavə sursat;
• RIM-7 hava hücumundan müdafiə raketləri;
• 4000 ədəd "Zuni" aviasiya raketi;
• Təxminən 2 min ədəd tank əleyhinə raket;
• Snayper tüfəngləri, pulemyotlar və qumbaraatanlar və atıcı silahlar üçün patronlar;
• Piyada əleyhinə "Claymore" sursatları;
• Gecə görmə cihazları və optika

ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper brifinqdə bildirib ki, "Sea Sparrow” raketləri Ukraynanın "Buk” sistemləri ilə inteqrasiya olunacaq. Onun sözlərinə görə, "M109A6 Paladin" "Haubitsa"ları "əvvəllər çatdırılmış yedəkli "Haubitsa"lardan daha çox qorunma və manevr qabiliyyəti təmin edəcək”.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinin verdiyi məlumata görə, yanvarın sonunda Birləşmiş Ştatlar Ukrayna hərbçilərinə "Patriot” raketdən müdafiə sistemi ilə işləmək üçün təlim keçəcəklər. Təlim bir neçə ay çəkəcək.

"Fikrimcə, müharibənin elə bir mərhələsindəyik ki, onlar diqqətlərini öz ölkələrini müdafiə etməyə və ərazilərini geri almağa yönəldə bilməsi üçün biz Ukraynaya bu sistemləri idarə etmək bacarığını öyrətmək məqsədilə bu cür təlimləri keçə bilərik", deyə Pentaqonun sözçüsü, briqada generalı Pat Rayder brifinqdə bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook