REAL niyə mitinq keçirmir?
Sentyabr 19
11:23
2016
Son 1 həftədə Milli Şura iki, Müsavat Partiyası isə bir mitinq təşkil etdi. Ölkənin əsas müxalif təşkilatlarından olan REAL-ın bu icazəli mitinqlərdə iştirak etməməsi digər müxalif qruplar tərəfindən heç də birmənalı qarşılanmadı. Müxalif düşərgəni və müstəqil media qurumlarını təmsil edən bir çox insanın sosial şəbəkələrdə "REAL niyə mitinq keçirmir?” sualına hərəkat üzvlərinin "hələ vaxtı deyil, mitinqin zamanı yetişməyib” kimi cavabları qarşı tərəfi elə hiddətləndirib ki, hətta tanıdığım ağıllı adamlardan bir neçəsi "siz də mitinq edin, görək nə qədər insan toplaya bilərsiz” fikrini səsləndirirlər. Bu yazını yazmaqda məqsədim də məhz səsləndirilən belə fikirlərə cavab verməkdir.
Fərz edək ki, REAL da digər 2 qurum kimi "Məhsul” stadionunda icazəli mitinq keçirir. Bu zaman mitinqdə iştirak edəcək insan sayından asılı olaraq, "REAL mitinqə Cəbhədən və Müsavatdan çox insan topladı” və ya "REAL Cəbhədən az lakin Müsavatdan çox insan yığdı”, ya da, "REAL Cəbhədən və Müsavatdan az adam yığa bildi, bir də mitinq adı çəkməyin” və s. bu kimi fikirlər səsləndiriləcək. Bilərəkdən və ya bilməyərəkdən səsləndiriləcək belə fikirlər (əslində, çox təhlükəli) REAL-ın mitinq keçirməməsinin əsas səbəblərindəndir. Sadəcə, 2 saatlıq harasa yığışıb illərdir eşitdiyimiz dəyişməz şüarlar səsləndirmək, sonda isə sosial şəbəkələrdə "bizim mitinqə sizdən daha çox adam gəldi” kimi fikirlər söyləmək, statuslar yazmaq, fotolar paylaşmaq nəticə etibarıyla kimə nə qazandıracaq ki? "Əli Kərimli daha çox insan topladı, nəinki İsa Qəmbər” və ya "REAL-ı Əli bəydən və İsa Qəmbərdən daha çox sevirlər”. Hə, nə olsun? Bunun referenduma nə təsiri olacaq ki? Belə fikirlərlə, düşüncələrlə axı hansı nəticələr əldə edəcəyik?
REAL-ın mitinq keçirməməsinin ən əsas səbəblərindən biri də (və elə birincisi) məhz bunun üçün vaxtın, zamanın hələ yetişməməsidir. Bu fikri səsləndirəndə, digər müxalif qüvvələr və ölkəmizdəki azsaylı müstəqil media qurumlarının özlərini tərəf tutmaqdan saxlaya bilməyən müstəqil jurnalistləri "bu vaxt, bu zaman axı nə vaxt gələcək” soruşurlar. Yaxşı sualdır, amma 2003-cü ildə Qələbə meydanında təxminən 300 min insanın iştirakı ilə baş tutan məşhur mitinqdə o vaxtki müxalif liderlərinin qətiyyətsizliyindən sonra bir daha belə bir zamanın, şəraitin nə vaxt yetişəcəyi sualının cavabı təəssüf ki REAL-da deyil. Ruhdan düşmüş, müxalifətə inamı tamamilə ölmüş yüz minlərlə insan Milli Şura (əslində AXCP), Müsavat ətrafında bir daha toplaşmaq istəmir. Əsasən İlqar Məmmədovun həbsindən sonra böyümüş, təşkilatlanmış REAL-ı isə hələ o qədər də yaxşı tanımırlar (bunun obyektiv səbəbləri var). Son bir həftədə keçirilən hər üç mitinqin təşkilatçıları ölkənin bütün vətəndaşlarına müraciət etmişdilər, amma mitinqə nə qədər insan təşrif buyurdu, nə qədər insan gəldi? Bu halda böyük əksəriyyəti öz üzvlərindən ibarət 3-5 min insanla mitinq etmək bizə nə qazandıra bilər ki? REAL-ın bütün regionlarda və Bakıda yaşayan üzvləri zatən tez-tez görüşür, müəyyən məsələləri müzakirə edirlər. Axı nəyə lazımdır ki, 2000-3000 nəfərlik üzv və bir o qədər də təəssübkeş mütləq açıq havada bir stadionda görüşüb qəsdən polisin təxribatına məruz qalsın, üzvlərinin başına dubinka dəysin, boyunları burulsun, arxaları təpiklənsin, sinələri yumruq yesin, bölmələr, həbsxanalar gəzsin. Üzvlərinin, təəssübkeşlərinin heç bir nəticə gözlənilmədiyi halda, həbsinə səbəb olmaq partiyaya, lap elə xalqa axı nə verə bilər ki? Mitinq xətrinə mitinq etməyin bu referenduma heç bir təsiri olmayacaq. Beş minlik mitinq olsa da, olmasa da bu hökumət referendumu istədiyi kimi keşirəcək. REAL isə yalnız zamanı gələrsə mitinq edəcək və bu zamanın gəldiyini 2-3 minlik üzvlər yox, bütün insanlar hiss edəcək. Belə olan halda isə insanları meydana "yığmağa”, "toplamağa” ehtiyac olmayacaq, keçiriləcək mitinqə insanlar öz istəkləri ilə toplaşacaqlar…

Elçin Mahmud
Yazı müəllifin şəxsi bloqundan əldə olunub.
Qlobal.az



