Rauf Əliyev: Ermənilərin törətdiyi cinayətlər cəzasız qalmayacaq
Mart 31
16:47
2022
"Hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrlərdə isə həmin torpaqların özgəninkiləşdirilməsi prosesi başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib: İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orda yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsi altında "Erməni vilayəti” adlandırılan inzibati bölgənin yaradılmasına nail oldular. Süni surətdə yaradılmış bu ərazi bölgəsi, əslində azərbaycanlıların öz tarixi torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsi üçün şərait yaradıb. Azərbaycan torpaqlarında "Böyük Ermənistan” yaratmaq ideyasını reallaşdırmaq üçün erməni tarixinin saxtalaşdırılmasına başlanıb”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Deputat bildirib ki, "Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. Ermənilərin törətdikləri, Bakıdan başlanan kütləvi qırğınlar Azərbaycanı və indiki Ermənistan ərazisindəki azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini əhatə edib. Yüzlərlə yaşayış məntəqələri dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu siyasətin qanlı tərkib hissələrindən ən dəhşətlisi 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı öz ağır nəticələri ilə seçilir. 1918-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətlərinə görə xüsusi qəddarlıqla qırğına məruz qalıb, insanlar diri-diri yandırılmış, tarixi və mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və qəbiristanlıqlar yerlə yeksan edilib.



