Rauf Arifoğlundan müxalif siyasilərə "osmanlı tokadı"
Avqust 03
12:22
2016
Son günlər "Yeni Müsavat” qəzeti ilə bağlı açılan mübahisələrə və bu media orqanına qarşı olan ittihamlara qəzetin qurucusu Rauf Arifoğlu tərəfindən cavab verilib. Həm də son illərin bir çox müxalif media orqanının fikrini ifadə edən ‘Yeni Müsavat’ niyə əvvəlki kimi deyil? – Oxucunun anormal sualına normal cavab” başlıqlı həmin yazını cumhuriyyet.az olaraq dərc etməyi vacib bildik:
Onlar haqlıdırlar. Bizim kitabımızda satmaq yox, satqınçılıq yox. Həm də əslində, maraq və mənafelərini satacaq məsuliyyət çevrəmiz, qrup və təşkilatımız da yoxdur. Biz "Yeni Müsavat” Media Qrupundan və buranın işçilərindən, əməkçilərindən başqa kimsəni sata, aldada bilmərik.
Başlıqdakı bu sualı daha çox bizi sevənlər verir. Onlar hacılı kimilərin bizim barədə arxadan xəncər xarakterli iddialarına inanmırlar, "Rauf Arifoglu satılmaz” deyə, bizə hər şərt altında dəstək verirlər… Amma sonunda yenə də qeyd edirlər ki, axı, qəzet daha əvvəlki qəzet deyil…
Onlar haqlıdırlar. Bizim kitabımızda satmaq yox, satqınçılıq yox. Həm də əslində, maraq və mənafelərini satacaq məsuliyyət çevrəmiz, qrup və təşkilatımız da yoxdur. Biz "Yeni Müsavat” Media Qrupundan və buranın işçilərindən, əməkçilərindən başqa kimsəni sata, aldada bilmərik.
Ölkədə, kainatda mürəkkəb proseslər gedir, dünya yenidən dizayn olunur, hər yerdə – hətta demokratiyanın beşiyi sayılan Avropada da, demokratiyanın paytaxtı sayılan Vaşinqtonda da iqtidarlar, onların daxili və xarici siyasət konsepsiyaları aqressivləşir, ictimai kanonlar dəyişir, sosial tələblər fərqlilik göstərir. Dünyanın və demokratiyanın standartları dəyişir. Hər bir dövlətdə özünüqoruma instinkti işə düşüb. Çevrilişlər olur, insanlar ölür, güllələnir, təyyarələr parlament binalarını bombalayır, terrorlar dünyanı başına götürüb. İqtidarlar özünü, içini təmizləyir, müttəfiqlər düşmən, düşmənlər dost olur…
Belə bir halda üzgün, yorulmuş və bütün ümidləri tükənmiş Azərbaycan müxalifətinin bəzi para təmsilçiləri siyasi səhnəyə göz gəzdirir və milli azadlıq hərəkatının, demokratik düşərgənin ayaqda, yıxılmadan qalan tək nümunəsini – "Yeni Müsavat”ı, ona əlavətən qurduğumuz böyük saytları görür və yalnız ona yüklənir. Anlayırıq ki, biz də bütün düşərgə kimi yıxılsaydıq, inləsəydik, yaşam düsturu tapıb, zərbələrdən yayınıb, ayaqda qala bilməsəydik, təbii ki, kimin nə işinə vardı ki…
Hərə öz mədəni səviyyəsinə və içindəki münasibətə uyğun reaksiya verir. Biriləri sadəcə ayaqda olduğumuza, bunca zərbələrə tab gətirib, çökmədiyimizə görə bizi hədəfə alır. İstəmir, bizi ayaqda görməyə dözəmmir və bağırır, "satqın” deyir, təhqir yağdırır. Böyük bir qəzeti, 3 saytı, 60 iş yerini, yazar və müxbirləri qoruyub, saxlamağın, inkişaf etdirməyin xəyanət və satqınçılıq kimi qiymətləndirildiyi bir düşərgə ilə təmasda olmaq nə demək, anlamanızı istərdim…
Lakin bir çoxları elə deyil. Onlar xəyallarından yıxılıblar. Onlar iqtidar olmaq, özlərinin həyatların və Azərbaycanı dəyişmək uğrunda siyasi partiyalara üzv olub, illərini xərcləyənlərdir. Ya da onların övladları, yaxınları – qismən, yaxud tam gənclərdirlər.
Onlar sadəcə gileylənirlər. Ətraflarındakı siyasi uçquna baxıb, qarşılarında ayaqda duran və yaxşı tanıdıqları tək quruluşa – "Yeni Müsavat” Media Qrupuna baxıb, hövüllənir və deyirlər: "…qəzet əvvəlki kimi yazmır”. Biriləri əski dövrlərdəki yazılarımız paylaşır. Biriləri video-çıxışlarımızı yayır – lakin demokratik düşərgədə hamı nəsə edir, bizə münasibətdə. Biriləri xeyirxahlıqla, biriləri bədxahlıqla. Sanki hamı and içib ki, qapısını aça biləcəkləri, salamat qalan tək media quruluşunu da sallaşıb, yıxsınlar, uçquna qatsınlar, sonra da rahatca varıb, getsinlər kədərlənməklərinin dalınca…
Facebokda xətrini çox istədiyim müsavatçılar status yazmışdılar. Ənənəvi: "Yeni Müsavat” əvvəlki deyil, mən bu qəzetlə nəfəs alırdım, indi almıram və sair…
Onların hamısı zamanında konkret siyasi liderlərə tapınanlardı. Mən belələri üçün, düz onların statuslarının altından bir yazı yazdım. Sonra onu böyütdüm, bu hala gətirdim. İstərdim, bu qeydlər daha geniş oxucu kütləsinə çatsın.***
Əvvəlki "Yeni Müsavat”ın xiffətini çəkənlər! Əslində biz o zaman qəzet buraxmırdıq – "döyüş vərəqəsi” kimi bir şeydi… Digər tərəfdən, dəyişən heç qəzet də deyil, qardaş və bacılarım. Dəyişən Müsavatdı, müxalifətdi, sizin tapındığınız liderlərin hədəfsizliyidi, qəzetin bir zamanlar sizinlə bərabər dəstək verdiyi, iqtidara daşımaq istədiyi qüvvələrin, siyasətçilərin sıradan çıxmasıdı, yolun yarısında nəfəs təngliyinə düçar olması, dayanmasıdı, siz özünüzsünüz, ölkəmizdi, dünyadı… Biz indi 2002-2003 -cü ildəki hədəfi, ab-havanı, böyük coşqunu haradan tapaq? Qəzet, saytlar günə və sizlərə – siyasətə Ayna tutur. İndi bizdə gördüyünüz mənzərə özünüzsünüz, özünüzə baxıb məyus olursunuz. Liderləriniz, təşkilatlarınız, gerçək durumumuzdu, sizi məyus edən. Məgər dəyişən yalnız qəzetdi, oradakı yazılardı? Guya hər şey yerindədi, yalnız "Yeni Musavat” dəyişib? Yox, özünüzü aldatmayın. Müxalifət deyilən "sıfır güc” hazırda nə edir ki, biz də yazmırıq, fotosunu çəkmirik, canlı yayım etmirik? Sizin dəyişmək istədiyiniz bu hakimiyyətə qarşı kim hansı fəaliyyəti göstərdi ki, biz onu işıqlandırmadıq? Gileyləndiyiniz devalvasiya, bahalıq əleyhinə kim mitinq, toplantı, flaşmob keçirdi, biz onu gözdən qaçırdıq?İllər boyu dəstəklədiyimiz liderlər həyatımızı sərf etdiyimiz təşkilatı, təmsil etdikləri hədəfləri, özlərini kiçiltdilər. Ölkənin əsas müxalif partiyaları darmadağındı, siyasi vitrin küsüb gedib , Simvol Lider kənara çəkilib, nevroz birisi iş başına keçib, nə etdiyini özü də bilmir… O biri tərəfdə bir ruh xəstəsi, "zombilərin” lideri ölkə siyasətini çirkləndirməkdədir…
Bunlarımı yazaq? Bu adamlar bir dəfə – 1993-də milli iqtidarımızı, indi də Müsavatımızı məhv etdilər. Yolun yarısında hər şeyi buraxıb gedən bir fəlakət kadrosu ilə üz -üzəyik. İndi biz bunlardan nə düzəldək? Sizi necə və kiminlə ruhlandıraq? Bir qabağa çıxan alternativ ola biləcək qəhrəman göstərin, lütfən, adını söyləyin; heç olmasa toparlayıcı olan normal bir siyasətçi adı deyin, bir hədəf göstərin, Azərbaycanın məsuliyyətini üzərinə götürə biləcək normal durumda olan bir müxalif təşkilat, blok, birlik ortaya qoyun. Biz də bilək, ona dəstək verək, gücləndirək, yenidən düzlənək. Ortada bunlar yox ikən, miskin bir mənzərə Aynada əks olunarkən biz sizi necə əvvəlki kimi cəlb edək, "oksigen” olaq? Siz özünüz nə haldasız, əvvəlkisinizmi?
Biz bu səhnəni necə tərənnüm edək ki? Və mövcud iqtidarı bunca miskin bir alternativə niyə və necə dəyişməyə çalışaq ki? Azərbaycanı Ərəbistan xaosunamı çevirək? Heç olmasa, onlar ölkədə sabitliyi idarə edirlər, xaosa gedən dünyada bizim Azərbaycanımızı qoruyurlar! Türkiyəmizdəki son olaylar göstərdi ki, bu faktın özü çox önəmlidir… İndi biz qəzet olaraq kimin üçün, hansı hədəf naminə, hansı alternativi nəzərdə tutaraq, bu hakimiyyətlə savaşaq? Və ən əsası, iqtidarla savaşmaq qəzet işimi? Bunu sizlər – müxalif siyasətçilər və liderlər etməlidirlər axı.
Başqa bir tərəfdən, 25 illik mücadilə dostlarına, türmə və təşkilat yoldaşlarına, tonlarla çörək kəsdikləri dostlarına arxadan bıçaq kimi zərbələr endirən kinli, qərəzli, nifrin dolu müxalif siyasətçilərin iqtidara yolunu nə deyərək, açaq? Onlardan iqtidar olmaz axı. Görmürsünüzmü, onlar heç müxalifət də deyillər, olammırlar, bitiblər…
Bax, durum budur. İndi bizim ən böyük yaxşılığımız bu ki, bu miskin mənzərəni yaradan siyasiləri hər gün topa tutmuruq, onların tənə və nifrinlərinə, Feysdən yağdırdıqları tüpürcəklərinə dözürük; dönüb "xain, bivec, avara”, – deyə, hədəf göstərmirik. İnsanların həyatları ilə oynadılar, yalan danışdılar, yanlış hədəf göstərdilər, deyə sizi qızışdırıb, liderlərin üstünə salmırıq…
Sizlərə, özümüzə və onlara acıyırıq. Ona görə də heç olmasa ermənilərdən, düşməndən yazalım, daha çox onlara "diqqət” ayıralım, deyirik. İndi siz deyirsiz ki, hamı çəkilsin kənara, müxalif düşərgədə qalan bütün insani resurslar Feysbuka transfer olunsun, oradan ayaqda qalan tək qurumu – "Yeni Müsavat”ı və onu hər şeyin bahasına qoruyan Rauf Arifoğlunu söysünlər; liderlər varsınlar, kiçilsinlər, prezident olmaq belə istəməsinlər, iddia göstərməsinlər …amma "Yeni Müsavat” əvvəlki kimi olsun, sizə ruh versin…
Sizcə bu ağıllı, savadlı, insaflı və düzgün yanaşmamı?
Sizcə biz nə baş verdiyini və nə etmək lazım olduğunu, öz xeyir və şərimizi, ən azı, sizlər qədər anlaya bilmirik?
Biz əslində əvvəlkiyik – yenə öndə, yenə ayaqda, yenə liderik, siyasətin mərkəzindəyik! Bizə verilən missiyanı, insanlarımızı, özümüzü və sahəmizi qoruduq, gücləndirdik, böyütdük.
Sizlər üçün, gələcəyimiz, demokratiyamız, ölkəmiz və həm də özümüz üçün.
Biz də adam cinsindənik. Bizi də bir Ana doğub. Eyni ilə sizlər kimi…



