SON XƏBƏR

Ramiz Mehdiyev rəhmət aparacaq

Aprel 22
11:40 2022
İdris Abbasov,
Filologiya elmləri doktoru, professor 
 
Gözləyirdim ki, akademik Ramiz Mehdiyevdən sonra onun "üzünə duran" akademşəbəkənin titullu, yeyib-dağıtmağa dadanmış mülkbaz və büdcəgir üzvləri də istefa ərizəsi yazıb soxaya qalmış neştərlərini canımızdan çıxaracaqlar.
 
Əksinə, onlar islahat janrında mədhiyyələr oxumağa başlayıblar. Utanmadan, qızarmadan! Hətta qurumun (AMEA) bir parçasını öz inhisarına almış və multimilyonerə çevrilmiş akademiklərdən biri siyasi sırtıqlığa keçərək özünün və nəsil-nəcabətinin akademikanə yeyinti həqiqətlərini ört-basdır etmək üçün ümummilli lider Heydər Əliyevin akademiya haqqında söylədiyi yüksək fikirlərdən sitat gətirir, özünü sadə insanlara pak-pakizə alim kimi sırımağa çalışır, açıq-aşkar həyasızlıq edir.
 
Akademik-qatil düşünür ki, belə çıxışları ilə xalqı və dövləti aldatmaqda və nəvə-nəticələrini də elm adı altında ölkəni talmağa, xalqı soymağa alışdırmaqda davam edəcək.
 
Akademiyada öz əməlinə baxıb nəticə çıxarmayan, həya etmədən islahat nəğməsi oxuyan, gənclərin həyatını söndürmək hesabına can bəsləyib ömür uzadan, əliəyriliklə, rüşvətlə, dövlət büdcəsindən ayırmaları talamaqla, sayı bilinməyən saxta əsərlərlə, nəsil-nəcabətini diplomlaşdırmaqla vəzifədən vəzifəyə tullanan işbaz alim-akademiklər iş başında davam edəcəklərsə, Ramiz Mehdiyevə qəni-qəni rəhmət oxunacaq.

Xatırladım ki, bu ilin yanvar ayında akademşəbəkənin "uzaqgörən", ağzıqanlı, milyoner "cəngavərlər"i məhz Ramiz Mehdiyev haqqında mətbuatda gedən tənqidi yazımı bəhanə edərək bir daşla iki quş vurmaq, məni həm mənəvi, həm də fiziki cəhətdən məhv etmək üçün hazırladıqları planın bir hissəsini həyata keçirməyə cəhd etdilər. Uca Allah, şükürlər olsun ki, bu cəhdin baş tutmasının qarşısını aldı. Əlbəttə, post-Mehdiyev dövründə rahat sökmək, talamaq, şəbəkə maraqlarını dövlətə və xalqa diktə etmək üçün açıq söz deyən, dürüst tənqid edən əməkdaş olmamalıdır, çünki belə davranış qurumun yazılmamış nizamnaməsinə ziddir. Bu mənada akademiya arxadan zərbəni və dövlətin sakit çöküşünü şərtləndirən, hər cür pisliyin səbəbi, möhtəkirlər və zərərlilər yığnağı olan bir quruma çevrilib.

PS. AMEA institutlarının bəzi direktorları dövlətin balansında olan binanı dədə malı kimi istismar edirlər. Keflərini tam təmin etmək üçün sökürlər, özlərinə xudmani "infrastruktur" qururlar. Məsələn, direktor kabinetin içində özünə xüsusi tualet və hamam tikdirir, bir neçə katibə xidməti ilə əhatə olunur. Halbuki orta hesabla hər 50-60, bəzən 70-80 işçiyə Nikolaydan qalma bir murdar tualet unitazı düşür. Və utanmadan, vicdan əzabı çəkmədən, özünü şəxsi hamam-tualetlə təmin edib əməkdaşları antisanitariya girdabında çürüdən, elmi həmin murdar unitaza salan akademik zatlar islahatdan dəm vururlar. Bəli, dünyanın axırıdır ki var! Yaşı yetmişi haqlamış, övladlarını və nəvələrini xalqın qanlı pulları ilə yerbəyer etmiş, ictimai vicdanını itə satmış həmin direktor və ya alim-əğyar səhərdən-axşama məddahlıq edir, islahatdan danışır, bir sözlə, hər şey edir ki, əsl düşmən siması üzə çıxmasın.

Qeyd: Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook