SON XƏBƏR

Ramin Əhmədov: "Yalan informasiya yayanların məqsədi ölkədə süni təşviş yaratmaqdır"

İyul 28
15:43 2022
"Son günlər bəzi sosial şəbəkə istifadəçiləri və internet saytları tərəfindən Azərbaycan ordusunun nüfuzuna xələl gətirmək məqsədi güdən, ölkə vətəndaşları arasında təşviş yaradan və Silahlı Qüvvələrimizin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan yazılar tirajlanır, paylaşımlar edilir. Həmin saytlar və sosial şəbəkə istifadəçilərinin paylaşımlarına diqqət yetirsək görərik ki, yazılarda nə rəsmi tərəf, nə də hər hansı etibarlı mənbəyə əsaslanan informasiya var. Paylaşımların demək olar ki, hamısı həqiqəti əks etdirməyən məlumatlardan ibarətdir və yalnız süni təşviş yaratmağı, vətəndaşları qorxu içində saxlamağı hədəfləyir.”

Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi Ramin Əhmədov bəzi saytların və sosial şəbəkə istifadəçilərinin Azərbaycan Ordusu və onun hərbi fəaliyyətləri ilə bağlı yazdıqları yalan xəbərlər və paylaşımlar barədə danışarkən deyib. 

Ramin Əhmədov bildirib ki, həmin şəxslər müəyyən təxribatçı qüvvələr tərəfindən idarə olunur və əsas məqsədlərdən biri də vətəndaşlarda dövlət qurumlarına inamsızlıq yaratmaq, Azərbaycan dövlətinin dayaqlarını sarsıtmaqdır: "Bu gün Azərbaycanda bütün dövlət qurumları - xüsusilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq media ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Hər bir qurum sosial şəbəkələrdə, media orqanlarında yayılan informasiyaya operativ reaksiya verir və ictimaiyyəti maraqlandıran sualları dolğun şəkildə cavablandırır. Biz Vətən Müharibəsi dövründə aidiyyəti qurumların media ilə necə operativ işlədiyinin şahidi olduq. Hazırda da hərbi baxımdan ictimaiyyətə açıqlanması məsləhət bilinən hər hansı məlumat olanda, Müdafiə Nazirliyi həmin informasiyanı operativ şəkildə yayır. Bu səbəbdən, əminliklə deyə bilərik ki, rəsmi olmayan, qeyri-dəqiq məlumatlar yayan saytlar və sosial şəbəkə istifadəçilərinin məqsədi həmrəyliyimizə xələl gətirmək, süni reytinq qazanmaqdır.”

Hər bir sosial şəbəkə istifadəçisinin etdiyi paylaşımın məsuliyyətini dərk etməli olduğunu deyən Ramin Əhmədov bildirib ki, vətəndaşlarımız belə yalan və təxribatçı xəbərlərə inanmamalı, ictimai-siyasi sabitliyi pozmağa çalışan qüvvələrə qarşı vətəndaş mövqeyi ortaya qoymalıdırlar: "Bu məsələdə ictimai qınaq da çox önəmlidir. Oxucular və sosial şəbəkə istifadəçiləri belə yalan və təxribat xarakterli paylaşımlar edənləri, xəbərlər tirajlayanları kəskin şəkildə qınamalı, ortaya vətəndaş mövqeyi qoymalı və hüquq mühafizə orqanlarına məlumat verməlidir. Hər bir sosial şəbəkə istifadəçisi və media subyekti isə anlamalıdır ki, dövlət qurumları ilə dəqiqləşdirmədən hər hansı məlumatı yaymaq yolverilməzdir və bu, qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yaradır. Hüquq-mühafizə orqanları da mütəmadi olaraq, bu tipli qanunazid əməllər törədən sayt rəhbərlərinə və sosial şəbəkə istifadəçilərinə qarşı qanun çərçivəsində tədbirlər görür. Ötən gün də Baş Prokurorluq bir neçə sayta və sosial şəbəkə istifadəçisinə xəbərdarlıq edib."

Ramin Əhmədov sonda onu da qeyd edib ki, təxribat xarakterli məlumat yayanlara, cəmiyyətə təşviş yaradan məlumat ötürənlərə qarşı hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirləri dəstəkləyirlər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook