Rafael Cəbrayılovun mandatı nə vaxt alınacaq? - MSK-dan CAVAB
Sentyabr 30
13:15
2019
"Deputat özü ərizə ilə mandatının ləğv olunmasını istəyirsə, Mərkəzi Seçki Komissiyasında bu istək qısa zamanda reallaşacaq”.
Bunu Lent.az -a açıqlamasında Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli bildirib. Onun sözlərinə görə, deputat əgər özü ərizə yazaraq istefa verirsə, Komissiya tərəfindən hər hansı araşdırma aparılmadan mandatına xitam veriləcək:
Xatırladaq ki, Milli Məclisin deputatı Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib. Ə. Hüseynli deyib ki, deputatın mandatdan məhrum edilməsi ilə bağlı son qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir. Parlament müraciəti Mərkəzi Seçki Komissiyasına göndərəcək və Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.
Bir müddət öncə Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb. Bununla bağlı mətbuata açıqlamasında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.
R.Cəbrayılov 2015-ci ildən bəri ancaq qalmaqallarla, ona məxsus tikinti şirkətinin vətəndaşları aldatması, sələmçilik və s. hadisələrlə gündəmə gəlib. Bundan az əvvəl Bakı sakini Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov tərəfindən aldadıldığını bildirmişdilər.
Deputatla qardaşının "Dərhal” MMC firması bir neçə vətəndaşı aldadıb, indiyə qədər iş məhkəmələrdədir.
Mirəhməd Abbasov deputat Rəfail Cəbrayılovla tələbə yoldaşlığından istifadə edərək, sonuncunun qardaşı Elşən Cəbrayılovla əlbir olub, digər tələbə yoldaşları, hazırda "Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi də eyni qaydada aldadıb. Onun 165 min manat pullarını mənimsəyib.
Ona aid olduğu söylənən tikinti şirkəti ilə Rusiyanın "Nikoil Bank”ı arasında da məhkəmə çəkişməsi olub.
Bank R.Cəbrayılovun və qardaşlarının 1,1 milyon dollar borclarını ödəmədiyini əsas göstərək, məhkəməyə müraciət etmişdi.
14.11.2012-ci ildə Ali Məhkəmədə "NikoilBank”ın deputat R.Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliyevə qarşı kasasiya şikayəti əsasında məhkəmə prosesi keçirilmiş və kasasiya şikayəti təmin olunmamışdı.
Bundan başqa, deputata və onun yeznəsinə qarşı iddia "AG Bank” ASC tərəfindən qaldırılıb.



