SON XƏBƏR

"Rabitə bank"-ın müştərisinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb?

Yanvar 16
16:42 2025
"Rabitəbank” Acıq Səhmdar Cəmiyyətinin (ASC) müştərilərindən biri iddia edir ki, onun hesabındakı vəsaitlər silinərək, Türkiyədə obyektin hesabına köçürülüb. Müştəri baş verənlərə görə bankı günahlandırır. İddia edir ki, onun hesab kartının nömrəsini özündən və bankdan başqa kimsə bilməyib. Əgər özü Türkiyədə oteldə olmayıb və ödəniş etməyibsə, hesab edir ki, baş verənlər bankın günahı üzündən yaşanıb.

Bizimyol.info xəbər verir ki, "Rabitəbank”ın müştərisi Maksim Sandurskiy başına gələnlərə görə bankı məhkəməyə verib. İddia ərizəsində ona dəymiş həm maddi, həm də mənəvi ziyanın ödənilməsini tələb edib.

Şikayətçi bildirib ki, bir neçə ildir bu bankın müştərisidir. Günlərin birində kartına dörd dəfə müdaxil edilib və hissə-hissə olmaqla, 240 manat pul çıxılıb. Araşdıranda görüb ki, çıxılan pul Türkiyənin Çorum şəhərindəki bir otelin hesabına köçürülüb: "Halbuki, nə mən orada olmuşam, nə də mənim kart hesabımı bankdan başqası bilir. Bank haqqnda qaydalara görə, mənim kartıma müdaxilənin qarşısı alınmalı idi. Amma bunu etməyiblər”.

Şikayətçini narazı salan həm də bu olub ki, baş verənlərdən sonra o, banka zəng edib, məsələnin araşdırılmasını, günahkarların cəzalandırılmasını, kartından çıxan vəsaitin geri qaytarılmasını, bu işləri görən şəxslər haqqında hüquq-mühafizə orqanlarına məlumat çatdırılmasını istəyib: "Lakin bank əməkdaşları cinayət yolu ilə mənim bank kartımdan çıxarılmış pulun kim tərəfindən çıxarılması barədə araşdırma aparılmasını xahiş edəndə məndən xidmət haqqı adı ilə əlavə 30 manat pul tələb elədilər”. Onun sözlərinə görə, bankın səhlənkarlığı nəticəsində ziyan çəkməsinə, dəfələrlə müxtəlif instansiyalara, o cümlədən polis idarəsinə və banka gedib pulunun geri qaytarılmasını tələb etməsinə baxmayaraq, "Rabitəbank” dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməyib:

"Sonradan dedilər ki, iş üzrə araşdırma aparılması üçün əlavə vəsait ödəməliyəm. Əks halda, mənə vurulmuş zərəri qaytarmayacaqlar. Mən də etiraz elədim. "Rabitəbank” rəhbərliyi və əməkdaşlarının səhlənkarlığı nəticəsində sarsıntı keçirmişəm”. O, məhkəmədə bankdan maddi ziyana görə 240 manat, mənəvi ziyan üçün 1000 manat təzminat istəyib.

"Rabitəbank” ASC müştərinin iddiası ilə razılaşmır. Bankın nümayəndəsi ehtimal edir ki, müştəri əvvəllər hansısa ödəniş əməliyyatları zamanı kart nömrəsini xarici saytda yazıb və beləliklə, üçüncü şəxs tərəfindən ələ keçirilib. Kartın nömrəsi əl ilə POS terminalda yazılıb və vəsait silinib:

"Müştəri bu dələduzluq əməliyyatlarını vaxtında aşkar edəndə dərhal tədbir görməliydi. Ən azı, Mobile Арр / Bank / Azericard vasitəsi ilə bloklanmalı idi. Müştəri Chargeback (etiraz) sorğusu ilə banka müraciət etməli idi. Heç birini eləməyib. Müştəriyə 30 manat komissiya qarşılığında sözügedən əməliyyatların geri qaytarılma cəhdi üçün banka hansı şəkildə müraciət edilməli olduğu bildirilsə də, kartını blok etməyib, etiraz sorğusu ilə banka müraciət etməyib”.

Nümayəndə əlavə edib ki, artıq uzun müddət keçdiyinə görə vəsaitin geri qaytarılması ilə bağlı bank heç bir tədbir görə bilməz.

"Rabitəbank”ın nümayəndəsi müştərinin nə maddi, nə də mənəvi ziyanla bağlı hissədə iddiasının təmin olunmamasını xahiş edib.

Lakin məhkəmə belə nəticəyə gəlib ki, Maksim Sandurskiy ondan xəbərsiz kartından çıxılan pulu tələb etməkdə haqlıdır. Ona görə də maddi ziyanla bağlı hissədə iddianın təmin edilməsi və 240 manatın karta geri qaytarılması barədə qərar çıxarılıb. Lakin 1000 manatlıq mənəvi ziyan tələbi təmin olunmayıb. Buna baxmayaraq, hakim müştərinin məhkəməyə müraciətə görə ödədiyi 30 manat rüsumu da bankın üzərinə qoyub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook