"QOCA ÇİNAR"-ın kölgəsində pardaxlanan deputat: Kəmaləddin Qafarov necə oliqarxa çevrildi?
Yanvar 23
15:47
2025
Milli Məclisin deputatı Kəmaləddin Qafarov ölkənin nüfuzlu ictimai xadiminin adına söykənərək şirkətlərini dövlət satınalmalarında qalib etdirir.
Qlobal.az xəbər verir ki, deputata məxsus olduğu deyilən bu şirkətlər son illər milyonlarla manat dəyəri olan tenderlərdə qalib seçilib.
Səhiyyə sektorunu əhatə edən bu satınalmalar bəzən birbaşa sifarişlərlə həyata keçirilir.
Bəs seçicilərinin tanımadığı, mikrafonundan heç vaxt səs çıxmayan Kəmaləddin Qafarov kimdir?
Kəmaləddin Qafarov deputat olmaqla yanaşı, həm də uzun illərdir Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini vəzifəsini tutur.
Hər gün Onkologiya Mərkəzinə işə mühafizə dəstəsi ilə gəlib-getdiyi bildirilən deputatın dərman preparatlarının, tibbi ləvazimat və avadanlıqların satışı ilə məşğul olan şirkətləri ilə yanaşı, eyni zamanda xeyli sayda obyektləri də var. Bu barədə qarşıda yazacağıq. İndi isə qayıdaq satınalmalar məsələsinə...
Milli Onkologiya Mərkəzi hər il müxtılif lotlar üzrə smetası milyon manatlarla ölçülən satınalmalar həyata keçirir. Xüsusi təyinatlı yüklərin, radioaktiv maddələrin, kimyəvi dərman preparatları, laborator reaktivlər, birdəfəlik qablar, dərman vasitələri və digər tələb olunan maddələrın alınması üçün bir çox şirkətlərin xidmətindən istifadə edilir.
K.Qafarov 2015-ci ildən indiyədək Milli Məclisdə qanunların qəbulu ilə məşğuldur.
O, eyni zamanda, Milli Məclisdə Səhiyyə Komitəsinin üzvüdür.
Yəni ölkə əhalisinin sağlamlığı ilə bağlı qərarların ilkin olaraq müzakirə edildiyi bir Komitədə söz sahibidir.
Deputat olduğu 10 ildən artıq bir müddətdə Kəmaləddin Qafarov Milli Məclisdə xalqın xeyrinə olan bir kəlmə də kəsməyib. Milli Məclisdə Səhiyyə Komitəsinin üzvü olan bu deputatın danışığını bu illər ərzində nə eşidən olub, nə də görən.
Deputat Milli Məclisdə bir igidin ömrünü düymə sıxmaqla yola verib.
Ona görədir ki, sosial şəbəklərdə Kəmaləddin Qafarov monopolist deputat ayaması ilə yanaşı, həm də "düyməsıxan" deputat kimi tanınır.
Daha dəqiq desək, Azərbaycanda onkoloji xəstələrin müalicəsi ilə məşğul olan bir qurumun - Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini eyni zamanda ölkəyə həm dərman preparatlarının idxalı ilə məşğuldur, həm də qanunverici ali orqan olan Milli Məclisdə deputatdır.
Bir neçə il öncə səhiyyə sistemində köklü islahatlara başlayan hökumət xaricdən aldıqları ucuz, keyfiyyətsiz dərmanları bir tikə çörəyə möhtac olan ölkə əhalisinə baha qiymətlərə sırıyan dərman monopolistlərinə qarşı ciddi addımlar atdı.
Lakin hökumətin apardığı bu islahatdan Kəmaləddin Qafarovun şirkətləri kənarda qaldı. Daha dəqiq ifadə etsək deputat "islahat sunami"sinin cəngindən öz şirkətlərini xilas edə bildi. Təbii ki, bu məsələdə Kəmaləddin Qafarovun harayına ilk olaraq deputat kreslosu çatdı.
Nəticədə isə hələ də ümidlərini allaha bağlamış on minlərlə onkoloji xəstə olan həmvətənlərimiz ortalıqda qalıb. Hər an ölümlərini gözləyən, yaşadıqları hər bir günü son gün kimi yaşayan bu insanların ahı-naləsi Milli Onkologiya Mərkəzinin qarşısında, kolidorlarında ərşə çıxır.
Amma çifayda. Bu sahədə dövlətin məsul etdiyi şəxslər - yəni, Kamaləddin Qafarov kimi bütün səlahiyyətlərindən istifadə edərək milyonlar qazanan oliqarxlar ancaq öz mülklərinin sayını, bank hesablarındakı vəsaitlərin məbləğini artırmaqla məşğuldurlar. Bəlkə də, bu yazıdqlarımız hansısa dəyərli oxucumuza qərəzli görünə bilər. Ona görə də qlobal.az saytının araşdırma qrupu Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü, Milli Onkologiya Mərkəzinin direktor müavini Kəmaləddin Qafarova məxsus olan şirkətlərin bir neçəsini təqdim edir...
Deputatın "MMC karvanı"
Deputat Kəmaləddin Qafarovun vikipediyasında onun 2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışdığı, 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkildiyi, 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edildiyi yazılıb.
Ancaq deputatın bu illər ərzində hansı şirkətdə çalışdığı barədə yazılmır.
Qlobal.az-ın araşdırması zamanı məlum oldu ki, Kəmaləddin Qafarovun bu illər ərzində məşğul oldu şirkət elə onun özünə məxsus olub.
Kəmaləddin Qafarovun 2001-ci ilin yanvar ayında təsis etdiyi "Naturalist" Fərdi Firmasının qanuni təmsilçisi qardaşı Camaləddin Qafarov olub.
Şirkət deputatın yaşadığı Binəqədi rayonu, Mustafa Kamal Atatürk ev 65 A, mənzil 155 ünvanında qeydoyyata alınıb.
2010-cu ildə şirkətə Fərasət İbadov rəhbərlik etməyə başlayıb.
İxtisasca həkim-naturapat olan Fərasət İbadov "Naturalist" Fərdi Firmasına bir müddət rəhbərlik etdikdən sonra yerini yenidən Camaləddin Qafarova verib.
"Naturalist" Fərdi Firması hazırda dərman idxalçısı kimi bazarda yerini qoruyur.
Kəmaləddin Qafarovun digər şirkətləri isə birbaşa öz adına olub.
Sonradan diqqətdə olmamaq üçün deputat bu şirkətləri ailə üzvlərindən birinin adına rəsmiləşdirib.
"Azəri-Med-MNK" Məhdud Məsuliyyətli Cəmiyyəti 2008-ci ilin mart ayında təsis edilib.
Şirkətin o zaman qanuni təmsilçisi Kəmaləddin Qafarov olub. Bu şirkət də Binəqədi rayonu, Mustafa Kamal Atatürk ev 65 A, mənzil 155 ünvanındadır.
Kəmaləddin Qafarov 2014-cü ildə Milli Onkologiya Mərkəzinə baş direktor vəzifəsinə təyin olunanda "Azəri-Med-MNK" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiliyini ailə üzvlərindən birinin - Qafarova Canilya Rəhim qızının adına rəsmiləşdirib.
Kəmaləddin Qafarov 2008-ci ilin may ayında daha bir şirkət yaradıb. Bu şirkətin adı "Kanon" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
"Kanon" MMC 2014-cü ilin sentyabr ayında Abbasov Səbuhi Füqar oğlunun adına rəsmiləşdirilib.
İdxalçı olan bu şirkətin hazırda nəzarətində yüzlərlə apteki var.
Deputat Kəmaləddin Qafarovun daha bir şirkətinin adı isə "Mega Pharmacy" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Deputat bu şirkəti 2009-cu ildə təsis edib. Bu şirkətin hüquqi ünvanı deputatın bir zamanlar yaşadığı mənzil olub - Binəqədi rayonu, Mustafa Kamal Atatürk ev 65 A, mənzil 155 ünvanı.
Deputat 2014-cü ildə şirkəti Qafarova Canilya Rəhim qızının adına keçirib. Xaricdən ölkəyə dərman vasitələri gətirən şirkətin Bakı və digər iri şəhərlərdə yüzlərlə aptekinin olduğu bildirilir.
Əlbəttə ki, bütün bunlar Milli Onkologiya Mərkəzində, Milli Məclisdə, Səhiyyə Komitəsində kreslo və tribuna əldə etmiş Kəmaləddin Qafarovun uzun illərdir ki, səlahiyyətlərindən istifadə edib genişləndirdiyi biznesinin görünən hissəsi, daha doğrusu öz adına olanlardır.
Deputatın şirkətində çalışan etibarlı adamların, dostlarının, qohumlarının adına rəsmiləşdirdiyi onlarla daşınan və daşınmaz əmlakların olduğu barədə dəfələrlə yazılıb.
Azəri-Med QSC niyə araşdırılmır?
Azəri-Med QSC-nin "tender əjdahası" olduğu barədə zamanla mediada yazılar dərc edilib. Son bir ildə - 2024-cü ildə toplam 67 milyon manatlıq tender udub. Əsasən Səhiyyə Nazirliyinin balansında olan müəssisə və mərkəzlərin keçidiyi tenderlərin qalibi olan şirkətin elə ən böyük qazancı da buradan olub. Belə ki, "Azəri Med”in ən böyük tenderinin məbləği 30 milyon manat təşkil edib. Həmin tender Milli Onkologiya Mərkəzinin keçirdiyi müsabiqə olub. Müsabiqəyə əsasən "Azəri Med” kimyəvi reaktorlar, avadanlıqlar və digər vasitələr alıb.
Bundan başqa, şirkətin milyonluq tenderlərin qalibi olması faktı isə açıq mənbələrdə də qeyd olunub. Sonuncu belə "əməliyyatlardan” biri isə Naxçıvanda baş tutub. Şirkət Naxçıvan MR Səhiyyə Nazirliyinin 1 milyonluq tenderinin qalibi olub.
Qlobal.az