SON XƏBƏR

Qızılbaşlıq - türk islamının simvolu

İyun 12
07:49 2016
Qlobal.az APA TV-nin "Səsli tarix” layihəsinin qızılbaşlıq fəlsəfi-dini inanc sisteminə həsr olunan növbəti buraxılışının mətnini oxucular üçün çox maraqlı olduğunu nəzərər alaraq, təqdim edir.
 
Proqramın aparıcısı tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlidir.
 
Xürrəmilikdən sufiliyə, sufilikdən hürufiliyə, hürufilikdən qızılbaşlığa...
 
"Qızılbaş” sözünə ilk dəfə XV-XVI yüzilliklərdə rast gəlinir. Tarixçi Əbülxeyr Fəzullah ibn Ruzbеhanın "Tarixi Aləm arayi-Əmini” əsərində aydın yazılıb ki, qızılbaşlara başçılıq edən Şeyx Heydər babəkiliyin davamçısı idi. Əgər babəkilik xürrəmilik idisə, xürrəmiliyin xəzərlərin dostu olan məzdəkilikdən qaynaqlandığı qeyd edilirsə, deməli burada orta halqanı, yəni babəkilikdən qızılbaşlığa gedən yolu tapmaq lazımdır. Əslində, simvolika eynidir - qırmızı bayraq və qızıl papaq, yəni qırmızı çalma. Ortada sufilik və hürufiliyi mütləq qeyd etmək lazımdır. Yəni, məzdəkilikdən xürrəmilik yaranıbsa, xürrəmilikdən sufilik, sufilikdən hürufilik, hürufilikdən isə qızılbaşlıq yaranıb.
 
Babəkilik təkcə qızılbaşlıq üçün bir mənbə deyil, eyni zamanda, tariximizin ayrılmaz hissəsidir. Toponomikada Mingəçevir adının mənşəyi haqqında müxtəlif versiyalar söylənir. Lakin mənbədə qeyd edilir ki, vaxtilə Xilafət tərəfindən göndərilən Mingeçaur adlı sərkərdə yerli əhalinin öz soyundan olduğunu görür, onların tərəfinə keçir və ərəb ordusuna qarşı döyüşür. Üsyan yatırıldıqdan sonra Mingeçauru qətlə yetirirlər. O, indiki Mingəçevir ərazisində basdırılıb.
 
Yəni, qızılbaşlıq cərəyanı təkcə mənəvi qaynaqla əlaqəli deyil, həm də tarixi miras olaraq babəkilikdən yaranıb. Qızılbaşlıq cərəyanının əsasının 1293-1334 illərdə şeyxlik etmiş (1252-1334) sufi alimi Şeyx Səfi tərəfindən qoyulduğu qeyd edilir. Lakin bu məsələdə təkcə onun adını çəkmək düzgün deyil. Çünki Şeyx Səfi Şeyx Zahid Gilaninin tələbəsi olub. Müəlliminin ona çox böyük hörməti vardı, buna görə də o qızını Şeyx Səfiyə verib.
 
"Türkzadəm” deyə xitab edilən Şeyx Səfi
 
Qızılbaşlığın kökündə duran şəxsləri çox zaman müxtəlif etnoslara aid etmə cəhdləri var. Onlara ərəb deyən də var, kürd deyən də. Bu, xüsusilə, sovet şərqşünaslıq elmində meydana çıxıb. Onları faktiki olaraq, türk soyuna mənsub edən alimlər də var. Şeyx Zahid Gilani həmişə Şeyx Səfiyə müraciət edəndə, onun haqqında danışanda "Türkzadəm”, yəni türk oğlu deyərdi. Bu da təbii ki, onların mənşəyinə aydınlıq gətirir. Sadəcə, qızılbaşlara qədər belə bir qayda var idi: Sacilər, Salarilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular dövlətlərinin mənşəyi tayfalar idi. Lakin qızılbaşlığın qurduğu dövlət modeli müəyyən mənada tayfaçılıq prinsipindən uzaqlaşaraq dövlətləşməyə yönəlmişdi, bu hərəkatın meydana çıxması kökləri dərin olan Azərbaycan dövlətçiliyinin fundamentini bərkitmək cəhdi idi. Buna görə də Səfəvilər dövlətinin adını tayfa adı ilə adlandırmadılar. Bu isə Səfəvilərin Azərbaycan tarixində olan müsbət dəyərlərindən biridir.
 
Səfəvilər tarixinin mərhələləri
 
Səfəvilərin tarixini çox zaman 2 mərhələyə ayırırlar. Amma 3 mərhələyə ayırmaq daha düzgün olar. Çünki ilk dəfə bu hərəkat dərviş ordeni formasında yaranıb və ruhani həyatın təbliği ilə məşğul olurdu. Əmir Teymurun yürüşlərindən sonra Səfəvi tarixinin ikinci mərhələsi başlayır. Yəni, dövlətləşməyə doğru gedən yol. Əmir Teymurun Anadoludan gətirdiyi əsirlər Səfəvi şeyxinin xahişi ilə azadlığa buraxıldılar. Onlar Anadoluya qayıtmayaraq, Azərbaycanda məskunlaşaraq türklərin sayını daha da artırdılar. Səfəvilərin Ərdəbil hökmranlığından 1501-ci ilə qədər olan dövr isə artıq dövlətləşməyə doğru gedən və daha çox hərbi-siyasi doktrina əhəmiyyəti daşıyan mərhələdir. Artıq Şah İsmayıl ilə səfəvilərin dini və dünyəvi hakimiyyətinin birliyi təcəssüm olunmağa başlayır. Bu isə 1736-cı ilə qədər davam edib.
 
Bəzi tarixçilər 1501-ci ildən 1736-cı ilə qədər olan dövrü müəyyən mərhələlərə ayırırlar. Məsələn, Şah İsmayıldan Şah Abbasın hakimiyyətinin sonuna qədər olan dövr, Şah Abbasın hakimiyyətinin sonundan sülalənin hakimiyyətdən getməsinə qədər olan dövr. Səfəvilər dövləti süqut etməyib. Sadəcə, Azərbaycan taxtında Səfəvilər sülaləsini digər tayfa - Əfşarlar əvəz edib.
 
Qızılbaşlığı həm ideoloji sistem, eyni zamanda, siyasi-iqtisadi görüşlərin toplusu kimi də qəbul etmək olar. Səfəvilərdə ilk dönəmlərdə tərki-dünyalıq, ruhanilik, dünya malına göz dikməmək kimi xüsusiyyətlər nəzərə çarpırdı. Bu tam olaraq, sufilikdən gələn sistemdir. Eyni zamanda bu sistem sosial ədalət prinsipi, mülklərin bərabər bölünməsi kimi prinsipləri də özündə ehtiva edir.
 
Qızılbaşlıq - türk islamının simvolu
 
Tarixşünaslıqda qızılbaşlığa necə baxılır? Qızılbaşlığın sonrakı mərhələsindən bugünkü İran şiəliyinin meydana gəlməsi qızılbaşlığın günahı deyil. Bugünkü İran şiəliyi ilə qızılbaşlığın arasında bərabərlik işarəsinin qoyulması da düzgün deyil. Bunlar tamamilə fərqli cərəyanlardır. Bəzi Avropa tarixçiləri güman edirlər ki, guya qızılbaşlıq təriqəti ona görə uydurulmuşdu ki, ərəblər Əhəmənilərdən sonra farsların ikinci böyük dövləti olan Sasaniləri devirdilər və islam dini təsirini itirdiyinə görə farslar tərəfindən yeni dini inanc sistemi yaradıldı. Amma qızılbaşlıqda fars dini inanc sistemindən heç bir element yoxdur. Ortodoks islama azca da olsa, uyğun gəlməyən istənilən dini cərəyanı şiəlik kimi qələmə verirlər, məsələn, qərmətləri, ismayillilər. Əgər qızılbaşlığın ideoloji prinsipinə nəzər yetirsək, görərik ki, bu, daha çox türk şamançılığından süzülüb gələn ənənələrdir. Məsələn, Cem evlərinin təşkili. Deyilənə görə, qızılbaşlar ona görə məscidə getmirdilər ki, Həzrəti Əli orada qətlə yetirilmişdi. Digər tərəfdən, "Qurani-Kərim”də qeyd olunur ki, "Yer üzünü sizə məscid qıldıq”.  Bunu nəzərə alsaq, qızılbaşlar daha çox "Qurani-Kərim”ə dayanaraq düşünürdülər ki, namaz qılmaq üçün mütləq məscidə getmək lazım deyil.
 
Cem evlərində həyata keçirilən ayinlərə fikir versək, görərik ki, hamısı tamamilə şaman rəqsləridir. Məşhur türkoloqlar, məsələn, Farrux Sumer, Əbdülqadir İnan qeyd edirlər ki, şamançılıqla qızılbaşlıq arasında həddən artıq uyğunluq var. Qızılbaşlıq türk islamının simvoludur. Çünki ayinlərin icra edilməsində qadınlarla kişilərin bərabərlik məsələsi var.
 
Qızılbaşlar - Həzrət Əli aşiqləri
 
Təəssüf ki, babəkiliyə olan kimi, qızılbaşlığa da müxtəlif xoşagəlməz damğalar vurulur. Hətta onları dinsiz adlandıran da var. Lakin onların dilindən Məhəmməd və Əli kəlmələri düşmür. Ələviliyi, yəni bugünkü Türkiyə qızılbaşlığını araşdıran alimlərin əksəriyyəti belə bir faktı qeyd edirlər ki, qızılbaşlıqda Həzrəti Əliyə həddən artıq məhəbbət var. Çin mənbələri qeyd edirlər ki, qədim türk inanc sisteminə görə, türklər ən çox savaş tanrısı Alo şana inanırdılar. Həzrəti Əli də islam dinində aparıcı qüvvə olduğuna görə, türkün şüurunda Alo şanla eyniləşdirilir. Onda xas olan xüsusiyyətlər Həzrəti Əliyə də aid edilir. Hətta qızılbaş rəvayətlərində Məhəmməd peyğəmbərin özünü də qızılbaş hesab edirlər. Çünki Uhud döyüşündə Məhəmməd peyğəmbərin başı yarılır, onun başındakı qırmızı çalmanı sonradan Həzrəti Əli başına qoyaraq döyüşə girir. Qızılbaşlar inanc sistemlərinə bu cür don geyindirməyə çalışırlar.
 
"Ələvilik dünən və bu gün” əsərində xüsusi qeyd edilir ki, bugünkü Yakut şamanları da dini ayinləri icra edərkən mütləq başlarına qırmızı papaq qoyurlar. Bəs Səfəvilikdə bu özünü necə əksini tapdı? 12 imamın şərəfində 12 dilimli çalma qoyulması ilə. İstənilən inanc sistemi yeni cəmiyyətə uyğunlaşarkən o cəmiyyətə məxsus xüsusiyyətləri qəbul etməyə çalışır. Qızılbaşlıq da türk inanc sisteminin islama uyğunlaşdırılması cəhdi idi.
 
Qızılbaşların dövlət qurmaq cəhdləri
 
12 dilimli papaq qoyulması daha çox Şeyx Heydərdən sonrakı dövrə təsadüf edir. Onun atası Şeyx Cüneyddən başlayaraq, ruhani həyat keçirən qızılbaşlar artıq dövlət qurmaq uğrunda mübarizəyə başlayırlar. Mübarizənin önündə Şeyx Cüneyd dayanır. O, Ağqoyunlu sülaləsindən olan şahzadə xanımla, daha dəqiq desək, Həsən Bayandurlunun bacısı ilə evlənmişdi. Bu izdivacdan dünyaya gələn Şeyx Heydər isə Həsən Bayandurlunun qızı ilə evlənmişdi. Faktiki olaraq, Bayandurlu sülaləsi ilə qohum olan sülalə idi. Bu da müəyyən mənada qızılbaşların dövlətləşməsinə xidmət etdi.
 
Təəssüf ki, o dövrün Azərbaycan hökmdarları, xüsusilə Şirvanşahlar qızılbaşlıq təriqətinə qısqanclıqla yaşanırdılar. Məhz buna görə Şeyx Cüneyd sayca çox olan düşmən qüvvələr, yəni Qaraqoyunlular və Şirvanşahların ordusu tərəfindən darmadağın edilmişdi. Şeyx Cüneydin məzarı Qusar rayonunun Həzrə kəndindədir. Atasının yolunu davam etdirən Şeyx Heydər 1487-ci ildə şəhid olur. Bu dəfə qızılbaşlar Ağqoyunlu hökmdarı Sultan Yaqubun və Şirvanşah Fərrux Yasarın birləşmiş qüvvələri tərəfindən məğlub edilir.
 
Körpə İsmayılın əsirlik həyatı, Şəmasi müsibəti
 
Şah İsmayıl hakimiyyətə gələndən sonra atasının da, babasının da qisasını müəyyən mənada almış olur. Şah İsmayıl çox böyük çətinliklərlə böyümüşdü. Hələ körpə ikən əsir saxlanılıb. Bəziləri anası və üç övladının Van gölündəki Axtamar monastırında, bəziləri isə İstəxr qalasında saxlandığını qeyd edirlər. Təəssüf ki, Türkiyə tarixşünaslığında İsmayılın şəxsiyyətinə kölgə salmaq məqsədilə yazılır ki, guya anasını öldürtdürüb. Amma bu yanlış fikirdir. Çünki Şah İsmayılın ailəsi, böyük qardaşları Sultanəli və İbrahim, anası Aləmşahbəyim Şəmasi müsibəti zamanı həlak olmuşdular. Bu hadisə isə 1494-cü ildə baş verib. 1488-ci ildə doğulmuş uşaq anasının ölümünə 1494-də necə fərman verə bilərdi? Hətta bir yalan da uydurulmuşdu ki, Aləmşahbəyim sünni idi və Şah İsmayılın apardığı siyasətdən narazı qaldığına görə öldürülmüşdü. Halbuki, onun əsl adı Marta idi. O xristian idi və xristian olaraq da dünyasını dəyişdi.
 
Osmanlının yeniçəri ordusu, Səfəvilərin türk ordusu
 
Səfəvilərdə dinini məcburi şəkildə dəyişmək doktrinası yox idi. Müqayisə etsək, görərik ki, Osmanlı ordusu daha çox devşirmələrin və yeniçərlərin üzərində dayanmışdı. Səfəvilərdə isə bunun tam əksi idi. Kiməsə dini məcburi qəbul etdirmək yox idi. Osmanlı folklorunda tərsa gözəli ifadəsinə rast gəlinmir. Lakin bizim folklorumuzda, mahnılarımızda bu ifadə var. Əgər Osmanlıda xristian uşaqları islamlaşdırıldıqdan sonra devşirmə, yaxud yeniçəri formasına salınırdısa, Azərbaycan Səfəvi dövləti Azərbaycanda yaşayan türk tayfalarına əsaslanırdı. O tayfaların adları belə var. Oruc Bayat əsərində 12-dən 20-yə qədər tayfanın adını çəkir - əfşar, qacar, zülqədər, borçalu, şamlı, rumlu, ustaclı, varsağı, ərəş, qıpçaq... Məsələn, Şah İsmayılın əsas lələlərindən biri qıpçaq adını daşıyırdı. Bu da onu göstərir ki, qızılbaşlıq ideologiyası əsasında qurulan Səfəvilər dövlətinin etno-siyasi bazası Azərbaycan türkləri idi.
 
Bəzən Şah Abbası qınayırlar ki, guya ki, bu dövləti fars dövlətinə çevirdi. Kökündən yanlış fikirdir. Abbasın dövründə belə dövlətin dayaqları türk tayfaları idi. Ordunun bazasını 300 minlik qızılbaş süvariləri təşkil edirdi. Sadəcə, Abbas ordu quruculuğunda Osmanlı dövlətinin prinsiplərindən istifadə edir. Məsələn, qulamlar dəstəsi yaradılır. Xristianlıqdan islama keçmiş gənclərin əksəriyyəti orduya çağırılır və onlardan şah qvardiyası üçün qulamlar hazırlanır.
 
Qızılbaşlıq Nadirin dövründə bir qədər deformasiyaya uğrasa da, sonradan Qacarlar dövründə bu cərəyan yenidən əsas doktrinalardan birinə çevrilir. Xüsusilə, Fətəli şah Qacardan sonra hakimiyyətə gəlmiş II Məhəmməd Qacarın dövründə qızılbaşlıq Məmləkəti Məhrusi Qacarın aparıcı doktrinasına çevrilir. Sonradan qızılbaşların həyat tərzi ruhani aləmindən qopardılaraq, qeyri-türklərin əlində alətə çevrildiyindən qızılbaşlıq ideologiyası zəifləməyə başlayır.
 
Şah İsmayıl özünü Tanrı elan etməyib, o Tanrı aşiqi olub
 
Bəzən bugünkü İran şiəliyində mövcud olan islamdan uzaq düşən bəzi məqamlar var ki, onları qızılbaşların adına yazmaq istəyirlər. Məsələn, Şah İsmayılın özünü Tanrı elan etməsi. Onun əsərlərində belə bir şey yoxdur. Vaxtilə Krımski soyadlı sovet şərqşünası belə bir ifadə işlədib ki, qızılbaşlığı dərk etmək üçün Şah İsmayılın şeirlərinə müraciət etmək lazımdır.  Onun şeirlərində bidətçiliyə rast gəlinmir. Şah İsmayıl Həzrəti Məhəmməd və Həzrəti Əlini vəsf edən şairdir. Şah İsmayıl sosial-siyasi bazasını öz şeirlərində ifadə edir. Təəssüf ki, babəkiliklə qızılbaşlığı birləşdirən fikir cərəyanı əxilik bəzən unudulur. Sonradan Avropanın əxz etdiyi masonluq faktiki olaraq, əxilikdən gələn cərəyan idi. Şah İsmayıl bunu öz şeirində qeyd edir:
 
Şahın imanına iqrar edənlər,
Qazilər, əxilər, abdallar oldu.
 
Abdal deyəndə ağ hunların nəsillərindən olan, eramızın ilk illərindən Azərbaycan ərazisində yaşayan ağ hunlar nəzərdə tutulur. Azərbaycan ərazisində Abdal adlı yaşayış məskənlərinə rast gəlinir.
 
Şah İsmayıl insanın Allah tərəfindən yaradılmasını inkar etmirdi. Eyni fikri İmaməddin Nəsimi haqqında da söyləyirdilər. Guya hər ikisi dinsiz olub, Allahı inkar ediblər. Bu, ərəb dilini bilməməklə əlaqədardır. Nəsimini bu sətirlərə görə tənqid edirlər: "Haqq mənəm, haqq məndədir, haqq söylərəm”. Haqq sözü iki mənada işlənir. Biri doğru mənasındadır. Burada hansı bidəti görmək olar?
 
Dərsliklərdə qeyd olunur ki, Nəsiminin varisləri olan Füzuli və Xətai panteist fəlsəfə tərəfdarlarıdırlar. Çox adam panteist sözünün mənasını bilmədiyindən bunu dinsizlik hesab edir. Halbuki, panteizm hər yaradılışda Allahı görməkdir. Yəni, istər Nəsimi, istərsə də Xətai insanları bir-birini sevməyə təlqin edirdi.
 
Səfəvilərin sökülməkdə olan daş irsi
 
Bu gün İranda nəinki qızılbaşlıq ideologiyasını, eləcə də onların maddi mədəniyyətini silməyə cəhd edirlər. Şah İsmayılın, Şah Təhmasibin, Məhəmməd Xudabəndənin, Şah Abbas və digər Səfəvi şahlarının dövründə mətbuat olmadığına görə, məscidlərin qarşısında kitabələr qoyulardı. Cümə namazına gələnlər məmləkətdə baş verənlər barədə bu kitabələrdən xəbər tutardılar. Bu gün o daşların sökülməsinə başlanıb. Çünki o daşların əksəriyyəti türkcə yazılıb.
 
Qızıla tutulan başlar
 
Qızılbaşlıq təbərra və təvəllanı təbliğ edir. İslam dinində elə bir adam tapılarmı ki, Həzrəti Əlini sevməsin? Həzrəti Əlini sevmək qızılbaşlıqdırsa, belə çıxır ki, bütün islam aləmi qızılbaşdır. Mənbələrin birində qeyd olunur ki, Mərv döyüşündən sonra Şah İsmayıl öldürülən Şeybani xanın başını qızıla tutaraq Sultan Səlimə göndərir. Sultan Səlim isə deyir ki, onun qızılı bu qədərmi çoxdur ki, hər öldürdüyünün başını qızıla tutur? O zaman fars vəziri deyir: "Sultanım, İsmayıl söylədi ki, Şeybani xan qızılbaş oldu. İndi növbə sənindir”.
 
Əgər qızılbaşlıq islama bidət, əks bir dini cərəyandırsa, necə olur ki, bugünkü Hindistan, Pakistan, Əfqanıstandakı müsəlmanlar qızılbaşdırlar? Sadəcə, qızılbaşlığı digər şiə təriqəti adı ilə adlanan ismayillilik, qərmətilik, heydəriliklə qarışdırmaq lazım deyil. Qızılbaşlıq ayrıca araşdırma mövzusudur. Və bu vəzifə bugünkü nəslin üzərinə düşür.
 
Suriyada, İranda qalmayan, Əfqanıstanda, Bolqarıstanda isə qorunan qızılbaşlıq
 
Bugünkü dəfn mərasimində, toy, nikah adətlərində islam pərdəsinə bürünmüş yetərincə qızılbaşlıq və qızılbaşlıqdan gələn şamançılıq izləri qalıb. Bu gün Suriyada, Livanda, eyni zamanda, İrandakı şiələrə qızılbaş deyə bilmərik. Ancaq Hindistan, Pakistan, Əfqanıstandakı qızılbaşlar İran şiəliyindən tamam fərqli fikir cərəyanına xidmət edirlər. Yaxşı ki, onlar qızılbaşlığın modelini qoruyub saxlaya biliblər. Qərbdə - Bosniya və Hersoqovina, Bolqarıstanda qızılbaşlıq qalmaqda davam edir. Bu addan istifadə edərək Türkiyədə qızılbaşlıq tamamilə başqa, mənfi formaya salınıb. Bunları bir-birindən ayırd etmək lazımdır.
 
Bəktaşilik, nəqşibəndilik - qızılbaşlığın fərqli formaları
 
Türkün İslamı qəbul etdikdən sonra formalaşan inanc forması qızılbaşlığı yaratdı. Müsəlman türk və qızılbaş demək olar ki, eyniyyət təşkil edirdi. Türküstandakı ayrı-ayrı təriqətlərə baxaq - nəqşibəndilik, bəktaşilik...
 
Qızılbaşlıq birdən-birə yaranmayıb. Bir tərəfdən babəkilik, hürufilik var idisə, digər tərəfdən XIII-XIV əsrlərdə yüksək səviyyəyə qaldırılan bəktaşilik, ceylanilik və nəqşibəndilik var idi. Faktiki olaraq, məlum olur ki, bunlar qızılbaşlığın müxtəlif formalarıdır.
 
Səfəvi-Osmanlı savaşları dövründə Osmanlının təzyiqləri gücləndirildi. Bir tərəfdən qızılbaşlıq təqibə məruz qalırdısa, digər tərəfdən də tərəfdarları artırdı. Bu zaman qızılbaşların cərgəsinə türk olmayan ünsürlər də qoşulurdu. Qızılbaşların I Qurultayı 1500-cü ildə bugünkü Ərzincanda keçirilib.
 
Sadəcə, qızılbaşlığa qarşı etiraz, digər tərəfdən cümhuriyyətdən sonra isə təqiblər dayandırıldıqdan sonra qeyri-türk ünsürlər, guya müsəlman olmaq üçün, sanki islamdan fərqlənən bir cərəyan kimi qızılbaşlığa qoşuldular. Nəticədə, qızılbaşlıq Türkiyədə bir, İranda başqa formada mahiyyətini itirdi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook