Qırğızıstanda Üzeyir Hacıbəyovun 130 illik yubileyi ilə bağlı tədbir keçirilib
Mart 19
10:42
2016
Martın 17-də Qırğızıstanın Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında bütün müsəlman şərqində ilk operanın, operettanın, musiqili komediyanın və kantat-oratoriya musiqisinin yaradıcısı, ümumilikdə isə Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun doğum gününün 130 illiyi münasibətilə yubiley gecəsi və qala-konsert keçirilib.
Azərbaycanın bu ölkədəki səfirliyindən "Report"a verilən məlumata görə, tədbir səfirlik tərəfindən Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə təşkil olunub.
Tədbirdə Qırğızıstanın hökumət üzvləri, deputatlar, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar – elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımız iştirak ediblər.
Qala-konsertdə Qırğızstanın populyar opera müğənniləri: Qırğızstanın xalq artisti Jumakadır Kanimetov, əməkdar artist Sadırbek Jumaşev, Qırğız Milli Akademik Opera və Balet teatrının baş xormeysteri Karaqul Tilençiyev və solistlər Asel Bekbayeva, Bakıt Ibıkeyev, Nurjiqit Asanov, Salima Mamatova, Almaz İstambayev, Mediana Baitova ilə yanaşı Azərbaycanın xalq artisti, professor Azər Zeynalov, Azərbaycanın əməkdar artisti İlahə Əfəndiyeva, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının dirijoru Eyyub Quliyev çıxış ediblər.
Qala-konsertin rejissoru İskender Saatbayevdir.
Qlobal.az