Qırğızıstan dollarla krediti olanlara güzəşt etdi-bəs Azərbaycan?
Fevral 03
13:08
2016
Qırğız hökuməti 40 min dolları olan vətəndaşlara kompensasiya verəcək; Qırğızıstandan büdcəsi dəfələrlə çox olan Azərbaycanın buna imkanı varmı?
Qadir İbrahimli: "İstək olsa...”
Fikrət Yusibov: "Mərkəzi Bank yaxasını kənara çəkə bilməz”
Qırğızıstan hökuməti dollarla kredit alanlara böyük güzəşt edib. 40 min dollaradək kredit götürənlərə kompensasiya verilməsi barədə mühüm qərar qəbul edilib. Bununla da, ipoteka sahibləri indiki kursla deyil, 2015-ci ilin iyununa olan məzənnə ilə ödəniş edəcəklər.
İllik büdcəsi 1.3 milyard dollar olan Qırğızıstanda belə bir qərarın qəbul edilməsi ölkəmizdə həm maraqla qarşılanıb, həm də geniş müzakirələrə səbəb olub. Qırğızıstandan dəfələrlə büdcəsi yüksək olan Azərbaycanda buna oxşar qərarın qəbul edilməsi ilə bağlı sosial şəbəkələr və mətbuatda təkliflər səsləndirilir. İqtisadçı ekspertlər hesab edirlər ki, dollarla kredit götürən vətəndaşlarımız üçün güzəştlərin edilməsi çox vacibdir. O da qeyd olunur ki, belə bir qərar qəbul edilsə, dövlət büdcəsinə ciddi təsiri olmaz.
Qırğızıstanda qəbul edilən qərarla bağlı ilk xəbər yayanlardan olan iqtisadçı-alim Vüqar Bayramov statusunda fikirlərini bu şəkildə ifadə edib: "İllik büdcəsi cəmi 1.3 milyard dollar olan Qırğızıstan bu gün məbləği 40 min dollaradək ipoteka kreditləri götürənlərə kompensasiya verilməsi haqda qərar qəbul edib. İpoteka sahibləri indiki deyil, 2015-ci ilin iyununa olan məzənnə ilə ödənişləri edəcəklər. Qeyd edim ki, hazırda 1 dollar 75 somdur və ötən ilin yayında kurs 62 som idi. Məzənnə fərqi böyük olmasa da kasıb ölkə olan Qırğızıstan üçün bu heç də kiçik məbləğ deyil.
Maraqlıdır ki, son bir ildə 8 milyard dollara yaxın dolları xərcləyən və mövcud rezervlərinin həcmi Qırğızıstanın büdcəsindən 4 dəfə çox olan Azərbaycan Mərkəzi Bank "maliyyə intizamının pozulacağı” şüari ilə kredit götürənlər üçün yaranan əlavə 3.8 milyard manat xərci hələ də kompensasiya etməkdə yubanır.
Belə görünür, bizim baş bankdan başqa dünyada heç bir ölkəsində "maliyyə intizami” haqda düşünmürlər. Amma əsas ritorik sual yenə də açıq qalır: maliyyə intizamı devalvasiya nəticəsində kredit götürənlər üçün əlavə xərc yaradanda pozulur, yoxsa onlara kompensasiya ödədikdə?”.
İqtisadçı ekspert Qadir İbrahimli bu məsələdə hökumətin istəyinin vacib olduğunu qeyd etdi: "İstək olsa, resurslar var. Büdcənin bu imkanları hələ də tükənməyib. Mərkəzi Bankın özünün də imkanları kifayət qədərdir. Azərbaycanda bu istiqamətdə daha uyğun variantlar təklif etmək olar. Burada çatışmayan yeganə amil hökumətin istəyinin olmamasıdır. Bunlar olmadıqca, problemlər qalacaq. Amma açıqlamalardan görünür ki, hökumətin istəyi yoxdur. Qazaxıstan, Qırğızıstan, Moldova və digər ölkələrdə gedən proseslər göstərdi ki, bu problemlərin həlli mümkündür. Uzağa getməyək, Naxçıvanda dollarla kreditlər köhnə məzənnə ilə ödənilir. İstənilən arqumentlər bəhanədən başqa bir şey deyil. Vətəndaşlar üçün kreditlərlə bağlı güzəştlərin edilməsi hazırda çox vacibdir. Alıcılıq kifayət qədər zəifləyib, gəlirlər azalıb. Gəlirlər sabit qala bilər, amma real gəlirlər azalıb. Qiymət artımı baş verdi, kütləvi bahalaşmanın şahidi olduq. Belə addım atılsa, bir növ dəstək olar”.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusibov da hesab edir ki, dollarla krediti olan vətəndaşlara güzəştlər edilməlidir: "Mərkəzi Bank məsuliyyəti boynundan atır, amma bu vətəndaşın günahı deyil. Bu məsələ həll olunmalıdır. Prezidentin son çıxışları da bu istiqamətdə idi. Bu tipli kreditlərin 90%-i sosial yöndə idi. Vətəndaş bu kreditləri sosial problemlərini həll etmək üçün götürüb. Əvvəlcə vətəndaş 78 manat xərc çəkirdisə, fevral devalvasiyasından sonra 100 dollarlıq krediti bağlamaq üçün 1 manat 5 qəpik xərc çəkirdi, indi isə, 1 manat 60 qəpik xərc çəkməlidir. Vətəndaş 160 manatı haradan almalıdır? Vətəndaşın bu dövr ərzində zəhmət haqqı, ailəsinin gəliri, büdcəsi artmayıb. Əksinə xərcləri iki dəfə artıb. Belə bir vəziyyətdə hər şeyi vətəndaşın üzərinə yükləmək doğru deyil. Bu kreditlərin ödənilməməsi bank sisteminə böyük zərbə vuracaq. Onsuzda problemli kreditlərlə məsələ ciddidir. Üstəlik bu problemi də yaratmaq bank sistemində ciddi fəsadlar yaradacaq. Masa arxasındakı müzakirənin predmeti bu məsələnin həllidir. Hazırda aktual olan əsas məsələ budur. Prezidentin çağırışlarında bu fikirlər var. Onlardan birini səsləndirirəm. "Dövlət məmurları xalqla bir yerdə olmalıdırlar. Onlar düşünməməlidirlər ki, hansısa statusları var. İnsanlara xidmət etmək, problemlərini yoluna qoymaq lazımdır”. Hazırda yüz minlərlə insanın problemi budur. Mərkəzi Bank yaxasını kənara çəkə bilməz. Məsələyə daha ciddi yanaşmaq lazımdır”.