QHT məsələsi: Azərbaycana gizli yolla böyük vəsaitlər daxil olur
Avqust 31
11:21
2021
Bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri son vaxtlar maliyyə çatışmazlığı ucbatından səmərəli fəaliyyət göstərə bilmədiklərini deyirlər. Onların bir çoxu vəsait çatışmazlığına görə Maliyyə Nazirliyini ittiham edir.
Təşkilatların rəhbərləri Maliyyə Nazirliyini ittiham edərək bildirir ki, nazirlik büdcədə nəzərdə tutulmuş vəsaiti ayırmır. Nəticədə müxtəlif QHT-lərə Dövlət Dəstəyi Agentliyi də qrant müsabiqəsi elan etmir, təşkilatlar pulsuzluq ucbatından işləyə bilmir.
Maliyyə Nazirliyi isə bu ittihamla razılaşmır. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, qrant layihələrinin maliyyələşdirilməsi üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyindən sifariş daxil olmalı, bundan sonra vəsait köçürülməlidir. Hələ ki, sifariş daxil olmayıb: "Cavabdeh qurum tərəfindən Maliyyə Nazirliyinə sifariş daxil olan kimi ayrılacaq vəsaitin icrası qununvericiliyə uyğun olaraq, xəzinədarlıq orqanları tərəfindən həyata keçiriləcək”.
Azərbaycanda xüsusən 2000-2012-ci illərdə QHT-lər böyük inkişaf yolu keçdi. Bu müddətdə ölkədə xeyli xarici təşkilatlar fəaliyyət göstərdi, yüzlərlə layihələr icra olundu. Eyni zamanda, bir sıra xarici donorlar Azərbaycandakı təşkilatlara layihələrin icrası üçün milyonlarla vəsait ayırdı. Amma 2012-ci ildən başlayaraq, hökumət QHT-lərin fəaliyyətini məhdudlaşdıran addımlar atmağa başladı. Qanunvericiliyə dəyişiklik etməklə, xarici donorlardan maliyyələşmənin qarşısı alındı. 2014-cü ildə xeyli tanınmış QHT rəhbərləri mənimsəmə, israfçılıq, vergidən yayınma kimi ittihamlarla həbs olundu. Onlar əsasən hökumətin fəaliyyətini tənqid edən, seçki prosesində, məhkəmə sistemində və s. monitorinqlər aparıb, qanunsuzluqları üzə çıxaran və hesabat şəklində yayan təşkilat rəhbərləri idi. Məhkəmənin hökmüylə onlara uzunmüddətli həbs cəzaları kəsilsə də, heç biri sona qədər həbsdə saxlanmadı. Sözügedən QHT rəhbərlərinin hamısı onlar haqqında çıxarılmış hökmlərdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət etdilər. Avropa Məhkəməsi onların hamısının işində Avropa Konvensiyasının 18-ci (Konvensiyadan kənar səbəblərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanımaqla, bu təşkilat rəhbərlərinin siyasi motivlərlə həbs olunduğunu bəyan etdi. Hökumətin üzərinə onların hər birinə əsassız həbsdə saxlanmaya görə kompensasiya ödəmək öhdəliyi qoyuldu. Avropa Məhkəməsinin daha bir tələbi isə həmin şəxslərin işinə yenidən baxılması idi. Kompensasiyalar ödənilsə də, işə yenidən baxılması öhdəliyi yalnız Bakı İnsan Hüquqları Klubunun təsisçisi Rəsul Cəfərova münasibətdə yerinə yetirildi. Ali Məhkəmənin Plenumu Rəsul Cəfərov haqqında hökmü, həmin hökmün qüvvədə saxlanmasına dair yuxarı instansiya məhkəmələrinin qərarlarını əsassız hesab etdi. Onun haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verildi. Üstəlik, Avropa Məhkəməsinin müəyyənləşdirdiyi kompensasiyadan əlavə, Ali Məhkəmənin Plenumu da Rəsul Cəfərova 58 min manat təzminat ödənilməsinə qərar verdi.
QHT rəhbərlərilə bağlı məhkəmə prosesləri bir sıra təşkilatların fəaliyyətində yeyinti və səhlənkarlıq hallarının mövcudluğunu ortaya qoydu. Təsadüfi deyil ki, bəzi ekspertlər 2014-cü ildə QHT sektorundakı həbsləri hökumətin "bir güllə ilə iki dovşan vurmaq” cəhdi kimi qiymətləndirirdi. Hökumət bir tərəfdən tənqidçilərini həbs etməklə susdurur, digər tərəfdən isə cəmiyyətə göstərir ki, məni korrupsiya və başqa qanunsuz əməllərdə ittiham edənlərin özləri də şəffaf işləmir. Beynəlxalq təşkilatların ayırdığı vəsaitlər bir çox hallarda mənimsənilir.
Lakin nəzərə almaq lazımdır ki, hökumət tətbiq etdiyi məhdudiyyətlərlə səmərəli fəaliyyət göstərən xeyli beynəlxalq təşkilatları da ölkədən "qaçırdı”. Bir çox sahələrdə layihələrin icrası dayandırıldı. Bu həm də həmin layihələrdə çalışıb, gəlir əldə edən vətəndaşlara da zərbə idi. Müxtəlif səfirliklər, xarici təşkilatların maliyyə dəstəyilə bölgələrdə xeyli sosial layihələr həyata keçirilirdi. Məsələn, məktəb tikintisindən tutmuş, su xətlərinin çəkilməsinə qədər...
QHT-lərə Dövlət Dəstəyi Şurası çoxlu sayda təşkilata kiçik həcmli qrantlar ayırırdı. Amma bu layihələrin bir qismi səmərəli olurdu. 2021-ci ilin aprelində Prezident İlham Əliyevin fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv edildi. Onun əsasında hüquqi varisi kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradıldı.
Agentliyin Müşahidə Şurasının üzvlərindən biri - "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova deyir ki, xaricdən maliyyələşmənin qarşısını almaq üçün atılan addımlar məqsədinə çatmayıb. Onun sözlərinə görə, yenə də xarici donorlardan Azərbaycana maliyyə gəlir, amma qeyri-leqal şəkildə: "NED-in (National Endowment for Democracy) 2020-ci il üzrə maliyyə hesabatından məlum olur ki, ötən il Azərbaycandakı təşkilatlara nə qədər maliyyə ayrılıb. Kifayət qədər böyük məbləğdir. Təhlükəsizlik baxımından maliyyə alan təşkilatların adı açıqlanmayıb. Amma bu, sübut edir ki, xaricdən maliyyənin qarşısı alınmayıb. NED-in illik hesabat təqdim etmək öhdəliyi var, ona görə açıqlayır. Amma bir çox təşkilatlar heç bunu açıqlamır. Deməli, qeyri-leqal şəkildə xarici donorlardan onsuz da maliyyə daxil olur. Bunun üçün müxtəlif yollar var: Gürcüstan modeli, nağdlaşma və s. Qeyri-leqal qrantların hesabatlılığı da olmayacaq”.
Günel Səfərovanın sözlərinə görə, Azərbaycanda faydalı layihələr həyata keçirə biləcək xeyli xarici təşkilatlar var və onları küsdürmək doğru deyil. Ona görə də qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər veriblər: "Həqiqətən ehtiyacımız olan sahələrdə iş görə biləcək təşkilatları Azərbaycandan küsdürməkdənsə, mexanizm qurub, onlarla işləmək lazımdır. Elə bir mexanizm qurulmalıdır ki, Azərbaycanda qeydiyyat məsələsi sadələşsin. Qanunda sadədir, amma reallıqda yubadırlar. Demək istədiyim budur ki, əsas niyyətdir, siyasi iradədir. Vətəndaş cəmiyyəti sektorunu addım-addım dirçəltmək istəyirik. Əvvəl beynəlxalq təşkilatların burada işləməsinə imkan verilsin, vəziyyətə baxılsın, sonra da xaricdən maliyyələşmə məsələsinə də diqqət yetirmək olar. Deyirlər ki, dövlət maraqları əleyhinə işlər gedir, əlimizdə faktlar var. Qoy, özləri nəzarət eləsin, amma bu proses başlasın. Vətəndaş cəmiyyəti ancaq dövlətin büdcəsinə "yüklənə” bilməz. Ümid edirik ki, Milli Məclisin payız sessiyasında təkliflərimiz nəzərə alınar, qanun dəyişər”.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsi elan etməməsi, Maliyyə Nazirliyinin vəsaiti köçürməməsi məsələsinə gəlincə, Müşahidə Şurasının üzvü deyir ki, yubanma onlardan asılı səbəblərdən deyil: "Bur çoxları Agentliyə ancaq qrant verən qurum kimi baxır. Amma o, yalnız qrant verməyəcək. Təkcə bilik və bacarıqların inkişafı yox, ümumiliyyətlə, dövlətin donorçuluq siyasətini formalaşdıracaq. Ayrı-ayrılıqda qrant verən nazirliklər, komitələr də o meyarlardan istifadə edə biləcək. Bunun gecikməsini Agentliyin fəaliyyətinin gecikməsi kimi qiymətləndirmək doğru deyil. Hamı bilir ki, meyarların seçilməsi, istiqamətlərin müəyyənləşdirilməsi və s. məsələlər Nazirlər Kabineti tərəfindən də təsdiq olunmalıdır. Bu, bir şəxsdən asılı deyil, struktura bağlı prosedurdur. O demək deyil ki, Agentlik işləmir. Agentlik işləyir, sadəcə, yekun strukturun formalaşması, büdcənin təsdiqi zaman alır. Dövlət qurumlarında bu məsələlərin müzakirəsi zaman alan işdir”.
Bizimyol.info