QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv olunur?!
Fevral 14
15:01
2016
Dövlət başçısı İlham Əliyevin xüsusi diqqətində olan ictimai birliklərin və fondların inkişafı üçün hər il dövlət büdcəsindən Respublika Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına milyonlarlarla vəsait ayrılır. Digər sahələrə olduğu kimi ictimai birliklərin fəaliyyətlərinin inkişafı üçün bu sektora da büdcədən ayrılan vəsait ilbəil artırılır.
Dövlət tərəfindən ayrılan milyonların düzgün sərf olunması üçün "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara bir neçə dəfə dəyişikliklər edilərək təkmilləşdirilmişdir. Ancaq edilən dəyişikliklərə baxmayaraq qurumun fəaliyyətindəki neqativ hallar azalmaqdansa, daha da çoxalır .
Hələ 2014 - cü ildə Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Azərbaycan” qəzetinə verdiyi geniş müsahibədə beynəlxalq təşkilatlar və qeyri hökumət təşkilatlarının bir qayda olaraq, yalnız dövlət orqanlarında şəffaflıq və korrupsiya məsələlərini önə çəkdiklərini qeyd etmiş, təcrübədə isə vətəndaş cəmiyyəti iştirakçılarının, xüsusilə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin tam şəffaf olmadığı, burada da korrupsiya, çirkli pulların yuyulması hallarına rast gəlindiyini bildirmişdi.
Zaman-zaman yerli mediada QHT-lərə Dövlət Dəstəyi Şurasi, eləcə də şuranın sədri, millət vəkili Azay Quliyev barədə müxtəlif ittihamlar səsləndirilib. QHT-lərin fəaliyyətsizlikləri, burada baş verən maxinasiyalar, qrantların hər dəfə eyni təşkilatlara verilməsi, yaxud təşkilatların adları dəyişdirilsə də, layihələrin arxasında eyni şəxslərin olduğu barədə bir çox informasiyalar yayılıb.
QHTlərə Dövlət Dəstəyi Şurasına ünvanlanan ittihamlardan biri də dünən Teref.info saytında yayımlandı. Məlumatda sayta müraciət edən yeni yaranan qeyri-hökumət təşkilatının rəhbəri bütün sənədlərinin qaydasında olmasına baxmayaraq dövlət qeydiyyatından keçmək üçün Azay Quliyevin ondan 5000 (beş min) dollar istədiyini söyləyib.
Daha sonra iddia olunub ki, qrant müsabiqələrində Azay Quliyevin xüsusi payı var: "Bildiyimiz kimi ildə iki dəfə dövlət QHT-ləri dəstəkləmək məqsədiylə qrant müsabiqəsi təşkil edir. Bu sahəyə büdcədən milyonlar ayrılır. Azay Quliyev müsabiqədə qalib olan təşkilatlara ayrılan məbləğin 60 faizini mənimsəyir. Əvvəlcə sövdələşmə aparılır və hər layihəyə ayrılan məbləğin 60 (altımış) faizi qeyri-rəsmi yolla Azay Quliyevə çatmalıdır. Əks halda heç bir təşkilat qalib hesab oluna bilməz. Ona görə ancaq Azay Quliyevə xüsusi beyət edən təşkilatlar dövlət qeydiyyatından keçə bilər və layihə müsabiqəsində qalib ola bilərlər”.
Səslənən bu fikirlərə cavab olaraq dünən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidməti bunu qurumu atılan şər –böhtan, iftira adlandıraraq mətbuat şurasına və hüquq mühafizə orqanlarına müraciət edəcəkləri haqqında bəyanat verib.
Qlobal.az baş verən hadisə ilə bağlı ilginc məlumat əldə edib.
Son vaxtlar dünyada baş verən iqtisadi böhranın mənfi təsirlərinin nəticəsində dövlət büdcəsində ciddi kəsirlər yaranıb. Buna görə də büdcədən maliyyələşən bir çox şişirdilmiş, qeyri- xidməti qurumların ləğv ediləcəyi, yaxud birləşdiriləcəyi gözlənir. Bu barədə dövlət rəhbəri dəfələrlə öz çıxışlarında da bildirib.
Mənbənin iddiasına görə ləğv olunacağı nəzərdə tutulan qurumların önündə gələn QHT-lərə Dövlət Dəstəyi Şurasıdır. Artıq bu barədə ən yüksək səviyyədə müzakirələrin getdiyi söylənilir. Deyilənə görə QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv olunacaq, səlahiyyətləri isə Prezident Administrasiyasının İctimai- siyasi şöbəsinə veriləcək.
Qlobal.az



