Qərb hikmətinin Şərqli mütəfəkkiri: Fərman İsmayılov
İyun 14
09:38
2016
Azərbaycanın
sovet dövrünə qədərki fəlsəfə tarixinə nəzər
salanda çox ünlü isimlər gözlərimiz önünə gəlir: Əbülhəsən Bəhmənyar Azərbaycani,
Nəsirəddin Tusi, Mahmud Şəbüstari Təbrizi, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Məhəmməd
Əmin Şirvani, Yusif Qarabaği, Nizami Gəncəvi,
Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Şəhabəddin Şührəvərdi.
Sovet dövründə filosoflarımızın sayı
rəsmən dəfələrlə artsa da fəlsəfə tariximizdə qoyduğu izlə öyünə biləcəyimiz
mütəxəssislər o qədər də şox deyil. Müasirimiz olan professor Fərman İsmayılovu
dövrümüzün çoxsaylı filosoflarından fərqləndirən başlıca cəhət onun müasir fəlsəfə tariximizdə
açdığı yeni səhifələrdir. Fərman İsmayılov bizim dövrümüzün və gələcəyimizin filosofudur.
Sovet dövründə təhsil almış hər
birimiz o dövrün filosoflarının istənilən mövzunu izah etmək üçün ancaq
marksizm-leninizm klassiklərinə istinad etməli olduqlarını görmüşük. Qoyulmuş çərçivə hüdudlarında ağlabatan bir şey izah edə bilməyərək özlərinin
də sona qədər anlamadığı "şey” və "özündə şey” terminləri arasında ilişib qalan
böyük bir filosoflar pleyadası sovet insanına fəlsəfə adına heç bir bilgi verə
bilmədi. Hələ bu gün də orta yaş dövründə olan insanların"fəlsəfə” sözünü eşidərkən
keçirdikləri təlaş və həyəcan bütün cəhdlərinə baxmayaraq onların
bu elmə aid hər hansı bir bilgiyə yiyələnə bilməməsindən irəli gəlir. Fərman
İsmayılov əsərlərindən birində deyir ki,
zamanın xoşbəxtliyi də, bədbəxtliyi də fəlsəfədən
gəlir. Həmin dövrün bütün iztirabları da məhz fəlsəfədən, yəni sovet
dövrünün fəlsəfəsizliyindən irəli gəlirdi.
Bu boşluğu anlayan və onu doldurmağı
özünün missiyası kimi müəyyənləşdirən nadir insanlar öz həyatını fəlsəfəsizliyə həsr etmədən, əsl fəlsəfənin ardınca
getdilər. Onlar sovet rejiminin qoyduğu məhdudiyyətləri aşaraq nəzərlərini Qərb
fəlsəfəsinə, onun çox çeşidli cərəyanlarına yönəltdilər və sovet fəlsəfəsinə
deyil, ümumbəşəri fəlsəfəyə - Həyat fəlsəfəsinə üz tutdular. Sovet dövrünün və ərazisinin bu nadir insanlarından biri və Azərbaycanda
birincisi də məhz Fərman İsmayılov oldu.
O, öz axtarışlarını, elmi tədqiqatlarını
Qərb fəlsəfəsinin öyrənilməsi, təhlili və elmi tənqidi üzərində quran ilk Azərbaycan
filosofu olaraq həqiqi elmi anlayan və onu
qiymətləndirən insanlar təərfindən diqqəti cəlb etdi. Buna görə də
1995-ci ildə ildə yazdığı "Klassik psixoanalizin əsasları”əsəri elə böyük
marağa səbəb oldu ki, ona dərhal, doktorluq dissertasiyası müdafiə etmədən "Fəlsəfə
elmləri doktoru” elmi adı verildi. Bu, sovet dövründə və Azərbaycan miqyasında
çox nadir bir hal idi. Fərman İsmayılov Azərbaycanda Qərb fəlsəfəsini öyrənən,
onu dərin təhlillərə və analitik tədqiqatlara cəlb edən, Azərbaycan sovet fəlsəfəsinə
yeni istiqamət verən birinci filosof oldu. Qərb fəlsəfəsini, qərb praqmatizmini
dərindən öyrənmiş, təhlil etmiş professor Fərma İsmayılov demək olar ki, bütün əsərlərində
müasir dövrün böhranlarından danışır və narahatlığını ifadə edir. Elmdə, mədəniyyətdə,
ictimai şüurda və nəhayət bütövlükdə sivilizasiyada total böhran nəzəriyyəsindən
danışır. Bəşəriyyətin belə bir tarixi məqamında o bütün diqqətini İnsanın, cəmiyyətin
və bütövlükdə bəşəriyyətin bu böhrandan xilas yollarını axtarmağa səfərbər
edib. Fərman İsmayılov hər bir fərdin və eləcə də cəmiyyətin həyatında baş verən
böhranın səbəbini fəlsəfədən uzaqlaşmaqda görür və deyir: "Fəlsəfəsiz həqiqi insan olmaq, İnsan adına layiq həyat sürmək mümkün
deyil”.
Fərman İsmayılov insanları öz
dünyagörüşlərini cilalamağa, həyata yeni baxış sərgiləməyə və yeni düşüncə tərzinə
yiyələnməyə dəvət edir. Həyatın mənası, onu necə yaşamağın yolları barədə oxuculara istiqamət verir. Təfəkkürümüzü
dərinləşdirməyə, özümüzü dərk etməyə və müdrikləşməyə səsləyir. O, Azərbaycan fəlsəfəsinə
yeniliklər gətirən və məhz onun özünə məxsusolan fəlsəfi ideyaları elmə çevirən
və onları bütün oxucuları ilə bölüşən bir filosofdur.
Fərman İsmayılovun fəlsəfəsi xalqa
ünvanlanıb və sadə xalq dilində yazılıb. Onun hər hansı bir əsərini oxumağa
başlayan hər bir şəxs onun bütün digər
kitablarını da oxumaq arzusundan vaz keçə bilməz. Məsələn, keçən il çapdan çıxmış ən yeni
kitablarından biri "Müqəddəs od və ya Fəlsəfənin fəlsəfəsi” adlanır.Əsərdə
dünya fəlsəfə tarixi üçünəbədi olan bir sual ətrafında mülahizələr incələnir. İnsan nədir, onun mahiyyəti və mövcudluğu nədən
ibarətdir. Bu kitab fəlsəfə tarixi üçün orijinal olan bir konsepsiyanı –
"ağlasığanlıq və ağlasığmazlıq” anlayışlarını ilk dəfə elmi dövriyəyə gətirir.
Kitabda müasir insanın düşüncə tərzi və nitq
fəaliyyəti üçün metodoloji xətt müəyyənləşdirilir.Bu maraqlı tədqiqatında
Fərman İsmayılovXX əsrin görkəmli filosoflarından biri olan Lyüdviq
Vitqenşteynin "düşünülə bilən və düşünülə bilməyən”lər haqqında nəzəriyyəsinə
istinadlar etsə də,"ağlasığanlıq və ağlasığmazlıq” paradiqmasının izahında Fərman
İsmayılov Vitqenşteynin özünü də keçərək bu nəzəriyyənin praktik həyati əhəmiyyətini
daha asanlıqla oxucuya çatdıra bilir. O, öyrədir ki, müasir insan düşünərkən,
danışarkən, hər hansı bir sahədə fəaliyyət göstərərkən ağlasığan mövqedə
dayanmalı, öz həyatını ağıl və gözəllik qanunları əsasında qurmalıdır. Müasir
insan həyatı gözəl və mənalı yaşamaq üçün öz varlığını, həyat və düşüncə tərzini
yenidən nəzərdən keçirməli, keçdiyi yolun onu haradan haraya aparmasına diqqət
yetirməlidir. Müəllifin məqsədi insanın inkişaf tendensiyasına istiqamət vermək,
ona öz həyatını necə qurmaq və nəticədə necə xoşçəxt olmaq yollarını göstərməkdir.
Adından da göründüyü kimi, Fərman İsmayılov fəlsəfənin özünün fəlsəfəsini
insanlara anlatmağa çalışır ki, bu tendensiyanın özü Qərbdə də hələ təzədir.Əsrlər
boyu insanlığı xoşbəxtliyə qovuşdurmağın yollarını arayan və gəldikləri nəticələri
insanlara öyrətməyə çalışan filosoflar belə bir qənaətə gəlirlər ki, bəşəriyyətin
xoşbəxtliyi sadəcə ətraf mühiti dərk etməkdən deyil, həm də onu anlamaqdan
keçir.Fərman İsmayılovda öz əsərlərindəxüsusi olaraq anlamaq fəaliyyəti üzərində
dayanır, "dərketmə” ilə "anlama” arasında fərqi müəyyənləşdirir və insanlara
anlamağın zəruri olduğunu izah edir. Bu məsələnin izahında o, İnsanı Təbiətə
yaxınlaşdırır, onun "anlamaq” konsepsiyasında İnsan Təbiətlə çulğaşır və Fəlsəfəni
bilavasitə insanın həyatında müşahidə etmək mümkün olur.
Fərman İsmayılovun ideyaları, onun
öyrətdiyi biliklər ümumbəşəridir. Onun göstərdiyi yol hər bir insanın və
bütövlükdə cəmiyyətin xoşbəxtliyinə və səadətinə aparan yoldur. Buna əmin olmaq
üçün sadəcə onun əsərlərini oxumaq lazımdır. Bu əsərləri oxuyan hər bir şəxs
daim axtarışında olduğu həyat yolunun trayektoriyasını asanlıqla müəyyən edə
bilər. Bu barədə böyük filosof özü belə deyir: "Fəlsəfə təbii peyk kimi həmişə İnsanın başı üzərində olmalıdır. Əks təqdirdə
o yanılmalara və dolaşıqlara düçar ola bilər”.
İnsan
taleyi, onu səadətə qovuşdurmaq arzusu Fərman İsmayılovun bütün əsərlərində əsas
leytmotivdir. Həyatını və bütün yaradıcılığını belə müqəddəs bir missiyaya həsr
etmiş insanlar özləri də müqəddəsdir. Böyük filosof, nəcib insan, insanların həyat
müəllimi Fərman İsmayılovun 80 yaşı tamam olur. İdeyaları və nəzəriyyələri bu
günümüzə və gələcəyə işıq salan bu böyük insanın böyük yaradacılığı bir insanın
öz xalqına, millətinə və dövlətinə verə biləcəyi ən böyük töhfədir. Onun
yaradıcılığının həm həcmi, həm də mahiyyəti heyrətamizdir. 20 monoqrafiyadan və 100-dən
artıq elmi məqalədən ibarət yaradıcılığını göz önünə gətirəndə heyrətlənirsən.
Bu kitabları oxuyanda isə müdrikləşməmək mümkün deyil. Şöhrətpərəstlikdən uzaq,
təmənnasızlıqda örnək olan böyük fikir sahibinin ən böyük mükafatı isə tələbələrinin,
oxucularının və həmkarlarının ürəklərində
ona bəslədiyi sonsuz məhəbbət və rəğbət hissləridir. Bu məhəbbət onun Bəşəriyyət
haqqında arzuları və fikirləri kimi səmimi və sonsuzdur. Həyat müəllimimə möhkəm
can sağlığı, böyük yaradıcılıq uğurları və sonsuz minnətdarlıq hisslər ilə,
Cavanşir Feyziyev
Fəlsəfə doktoru, millət vəkili
Qlobal.az