Qazaxıstan, Gürcüstan və Azərbaycan dəmir yolu konserni təsis edəcəklər
Fevral 18
20:06
2016
Gürcüstan, Qazaxıstan və Azərbaycanın dəmiryol idarələri Qazaxıstan, Azərbaycan və Gürcüstan əraziləri ilə Çindən Avropaya yük daşınmasını təmin edəcək dəmir yolu konsorsiumunun yaradılması barədə razılığa gəliblər. AZƏRTAC "Qruziya Online” saytına istinadla xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Qazaxıstan Baş nazirinin müavini Bakıtjan Sagintayev bəyan edib.
Gürcüstan və Qazaxıstan hökumət idarələri nümayəndələrinin Tbilisi görüşünün əsas müzakirə mövzusu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olub.
B.Sagintayev deyib: "Bu, hamı üçün çox sərfəli tranzit marşrutdur və biz hamımız belə konsorsiumun yaradılmasına ciddi maraq göstəririk”.
Xatırladaq ki, Bakıtjan Sagintayev Tbilisidən əvvəl Azərbaycanda səfərdə olub və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı məsələsini müzakirə edib. Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərindən keçən bu dəhlizlə Avropadan Çinə artıq üç sınaq konteyner qatarı göndərilib. Yanvarın 15-də layihəyə Ukrayna da qoşulub və artıq bu marşrutla 2 yük qatarı göndərib.