“Qarabağ xalçaları” layihəsinin təqdimatı keçirilib
Mart 09
09:15
2016
Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı ilə Xocavənddən olan məcburi köçkünlər üçün Beyləqanda salınmış qəsəbədə təşkil edilən xalçalıq kursları uğurlu nəticələrini göstərir, Qarabağ xalçaçılıq məktəbi ənənələri gənc nəslə aşılanır. Layihə çərçivəsində hər birində 30 və 40 iştirakçı olmaqla, xalçaçılıq və tikiş kursları təşkil olunub. Kurslara cəlb edilən xocavəndli qızlar 6 ay ərzində xalça toxumağın sirlərinə yiyələniblər.
AZƏRTAC xəbər verir ki, Xocavənd qəsəbəsində "Qarabağ xalçaları” layihəsinin təqdimatı keçirilib.
Mərasimdə iştirak etmək üçün Xocavənd qəsəbəsinə gələn HASEN-in baş katibi Haldun Yavaşın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.
Sonra Xocavənd Rayon İcra Hakimiyyətində görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və törədilən qanlı cinayətlər barədə məlumat verib. Xocavənd qəsəbəsində xalça kurslarının açılmasına görə Haldun Yavaşa təşəkkürünü bildirən icra hakimiyyətinin başçısı layihənin əhəmiyyətini qeyd edib.
Bildirib ki, ermənilər təkcə qədim Azərbaycan torpağı olan Qarabağı işğal etməyiblər. Eyni zamanda, mədəniyyətimizi, mətbəximizi, musiqimizi və xalçalarımızı da mənimsəyərək, öz adlarına çıxırlar. Erməni işğalçıları xalqımıza məxsus xalça çeşnilərini toxuyaraq xarici ölkələrdə satışını təşkil edir, erməni xalçaları kimi təqdim edirlər. Odur ki, bu istiqamətdə addımlar atılmalı, Qarabağ xalçalarının Azərbaycan xalqına məxsus olduğu dünyaya çatdırılmalıdır.
Haldun Yavaş HASEN-in fəaliyyəti və reallaşdırdığı layihələr, o cümlədən Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində gördüyü işlər barədə məlumat verib.
Bildirib ki, Qarabağ xalçaları layihəsi kursların təşkili ilə yekunlaşmayacaq. Xocavənd qəsəbəsində xalça istehsal edən müəssisənin yaradılması nəzərdə tutulub. Burada toxunan Qarabağ xalçaları Azərbaycan adı ilə dünyaya çıxarılacaq. Layihə məcburi köçkün qadınların işlə təmin edilməsi və iqtisadi tərəfi ilə yanaşı, həm də təbliğat baxımından olduqca əhəmiyyətlidir.
Belə ki, xocavəndli qadınların toxuduqları xalçaların Amerika Birləşmiş Ştatları və Avropa ölkələrində satışı təşkil ediləcək, beləliklə də, eyni zamanda, Qarabağ həqiqətləri də dünyaya çatdırılacaq.
Sonra xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları 320 ailəlik qəsəbədə "Qarabağ xalçaları” layihəsinin təqdimatı olub. Qonaqlar, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri xalçaçılıq kurslarına cəlb edilən qızların toxuduqları xalçalarla tanış olublar. Bayramsayağı bəzədilmiş meydanda, həmçinin xalqımızın milli xörəkləri və şirniyyatlar, adət-ənənələrimiz nümayiş etdirilib. Məcburi köçkün uşaqların ifa etdikləri müxtəlif kompozisiyalar və musiqi nömrələri marağa səbəb olub.
Qonaqlara qarabağlı qızların toxuduqları xalçalar hədiyyə edilib.
Qlobal.az