SON XƏBƏR

Qarabağ qazisi: “Deyirlər ki, ayaq üstə dayana bilirsən, sənə əlillik düşmür”

Aprel 15
01:12 2022
"Qarnımda 20 tikiş var, qoluma qan işləmir, ayağım axsayır, ağrılardan yata bilmirəm. Əlillik almaq üçün başqa hansı şərtlər lazımdır?”

Könüllü müharibədə döyüşən Qarabağ qazisi ona əllilliyin verilmədiyindən şikayətlənir.

Davud Bağırzadə Toplum TV-yə deyib ki, o, Füzuli və Xocavənd istiqamətində döyüşlərdə yaralanıb.

Davud Bağırzadə - şəxsi arxiv

Dediyinə görə, onu yaralı vəziyyətdə ön cəbhədən Füzuli Rayon Mərkəzi Xəstəxanasına gətiriblər.

Xəstəxanada əməliyyat olunduqdan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib. Burada da bağırsaq və qaraciyərdən əməliyyat olunub.

"Qarnımda 20 tikiş var”

Davud Bağırzadə deyir ki, əməliyyat olunsa da, müharibənin dəhşətli izlərindən yaxa qurtara bilməyib: "Rahat hərəkət edə bilmirəm. Ayağım da axsayır. Belimdə o qədər ağrılar var ki, səhərə qədər yata bilmirəm. Belim ağrımasın deyə taxta üzərində yatıram”.

Qazinin anası xadimə işləyərək ailəsini dolandırır

Davud Bağırzadənin atası ölüb. Bacısı ödənişli əsaslarla təhsil alır, anası isə xadimə işləyərək ailəsini dolandırır.

Deyir ki, müharibədən əvvəl rahat işləyib ailəsinin ehtiyaclarını özü qarşılaya bilib: "Mən ailəmi dolandırmaq üçün heç vaxt kimdənsə yardım istəməmişəm. Müharibədən əvvəl özüm işləyib, halal zəhmətimlə ailəmi dolandırırdım. İndi səhhətimlə bağlı işləyə bilmirəm. Ehtiyacım var deyə yardım istəyirəm. Mənə 80 manat təqaüd verilir. O da heç dərmanlarıma kifayət eləmir. Hər gün dərman atıram”.



"Döyüşlərdə könüllü vuruşmuşam, niyə mənə yardım göstərilməməlidir?”

Davud Bağırzadə deyir: "Yardım üçün "YAŞAT” Fonduna müraciət etdim. Dedilər ki, əllillik dərəcən yoxdur deyə sənə yardım edə bilmərik. Əllilliyin verilməməsinin səbəbini soruşduqda isə deyirlər ki, ayaq üstə dura bilirsən, sənə əlillik düşmür”.

"Müharibədə ölməli idim?”

Qazi əllilik almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, müsbət cavab ala bilməyib: "Deyirlər ki, sağalmısan. Sağalmamışam axı. Nə etməli idim? Demək istəyirlər ki, müharibədə ölməli idim?”

Lənkəran Şəhər İcra Hakimiyyətinin də onunla maraqlanmadığını deyir: "Lənkəran Şəhər İcra Hakimiyyəti mənimlə bir dəfə də maraqlanmayıb. İş üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə getmişdim. Dedilər ki, iş yoxdur”.

"İcra Hakimiyyəti iş verən qurum deyil”
 

Lənkəran İH - açıq mənbədən götürülüb

Lənkəran Şəhər İcra Hakimiyyətindən Toplum TV-yə bildiriblər ki, imkan yarandığı təqdirdə qazinin işlə təmin olunmasına köməklik göstəriləcək: "İcra Hakimiyyəti kimisə işlə təmin edən qurum deyil. Davud Bağırzadə qəbul edilən zaman ona Lənkəran-Astara Regional Məşğulluq Mərkəzinə mürəciət etməsi tövsiyə olunub. Bununla belə, vətəndaşın işlə təminat məsələsi nəzarətə götürülüb və gələcəkdə imkan yarandığı təqdirdə münasib işlə təmin olunmasına köməklik göstəriləcək”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook