"Qara bağ" filmi YARAT film klubunda nümayiş olunacaq
Avqust 18
08:41
2016
YARAT Film Klubu kinosevərləri rejissor Amil Məmiyevin ekranlaşdırdığı "Qara bağ” adlı filmin nümayişinə dəvət edir. Avqustun 23-də YARAT Müasir İncəsənət Məkanında nümayiş olunacaq ekran əsəri dram janrındadır.
Qlobal.az YARAT Müasir İncəsənət Məkanının "facebook” səhifəsinə istinadla xəbər verir ki, "40-ci paraleldə” kinoalmanaxına daxil olan film dilək ağacına bağlanan "qara düyünlər” mənasını ehtiva edir və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür.
Film məcburi köçkünlərin hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir. Çəkilişlər Bakıda və Hacıqabul rayonunun Qızıl burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda aktyorlar Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfər, Ayşad Məmmədov, Məzahir Həşimov və digərləri çəkiliblər.
Qlobal.az