SON XƏBƏR

'Qanlı göl' dəki etiraz aksiyasına icra hakimiyyətindən reaksiya: ''Heç kim evindən məcburi çıxarılmayacaq''

Sentyabr 04
21:08 2016
Ötən gün Yasamal rayonunun "Qanlı göl” adlanan ərazisində yaşayan sakinlər etiraz aksiyası keçiriblər. Sakinlər evlərinin sökülməsinə etiraz edərək magistral yolu bağlayıblar. Bu zaman polislə sakinlər arasında qarşıdurma yaranıb. Sakinlərin sözlərinə görə, Yasamal RİH-nin nümayəndələri tərəfindən onlara evlərini söküləcəyi və bunun qarşılığında heç bir kompensasiya verilməyəcəyi deyilib. Bundan narahat olan bir qrup sakin etirazlarını bildiriblər. 

Məsələ ilə bağlı "Yeni Müsavat”ın müxbiri Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. 

Yasamal Rayonunun İcra Hakimiyyətinin birinci müavini, Söküntü Komissiyasının sədri Səməd İslamov "Qanlı göl”dəki etiraza aydınlıq gətirdi. 

"Yeni Müsavat”a danışan Səməd İslamov adıçəkilən ərazidə söküntü işlərinin icra hakimiyyəti tərəfindən aparılmadığını, bunun işbazların fəaliyyəti olduğunu bildirdi: "Bildiyiniz kimi, Yasamal rayonunda mütəmadi abadlıq və təmizlik işləri aparılır. Növbəti olaraq, rayonun "Qanlı göl” adlanan  ərazisində tədbirlər görülür. Sakinlər deyirlər ki, evlər bizim tərəfimizdən sökülür. Ancaq bu qətiyyən doğru deyil. Bizə son vaxtlar məlumatlar daxil olur ki, naməlum şəxslər əraziləri hasarlayıb. Müəyyən işbazlar köçürülən ərazilərdə insanları aldadırlar və həmin əraziləri yalan yol ilə satırlar. Sakinlərin etirazından bir həftə əvvəl boş əraziləri çəpərləyən şəxslərə xəbərdarlıq olundu ki, zəbt olunan dövlət torpaqlar azad olsun, yəni çəpərlərini ləğv etsinlər. Əks təqdirdə bu tədbir bizim tərəfimizdən keçiriləcək. Onlara dəyən maddi ziyana görə, məsuliyyət öz üzərilərinə düşəcək. Biz bir müddət əvvəl həmin ərazilərdə yaşayış evlərini və digər sahələrin neytrallaşdırılmasını həyata keçirmişik. Yaşayış evlərinin tam siyahısı hazırlanıb, kimə nə məxsusdur. Onlara dəfələrlə xəbərdarlıq edildi. "Qanlı göl” də yaşayanların 99 faizinin qeydiyyatı və hər hansı sənədi yoxdur. Çox az miqdarda insanlar mülkiyyət sənədləri olmadığına görə, pasport qeydiyyatına düşüblər. Kommunal xidmətlərə görə kodlaşdırma aparıblar. Buna baxmayaraq,  qərar belədir ki, heç bir insan yaşadığı ərazidən çıxarılmayacaq, onun mənzili sökülməyəcək. Gələcəkdə bu məsələ gündəmə çıxarılacağı təqdirdə onlar yaşayış sahələri, ya da müvafiq kompensasiyalarla təmin olunacaqlar”.

Səməd İslamov onu da qeyd etdi ki, "Qanlı göl”də yaşayan hər kəsə kompensasiya veriləcək: "Bilirsiniz ki, "Qanlı göl” 29 hektar ərazini əhatə edir. Onun yaxınlığında ölkə başçısının təyinatı ilə  yaşayış binaları tikilir. Artıq yaxınlarda o işlərə də başlanılıb. Aydın məsələdir ki, bu ərazilərdə boşaldılmalıdır. Orada da vəziyyət çox acınacaqlıdır. Vaxtı ilə "donuzxana” adlı sahə sayılırdı. Tikilən evlər isə əksəriyyəti qeyri-qanuni tikililərdir. Çoxunun kommunal şəraiti yoxdur, təhlükəsizlik qaydalarına uyğun tikilməyib. Amma yenə də vurğulayıram ki, heç kim evindən məcburi çıxarılmayacaq. Kompensasiya ilə  və ya yaşayış sahəsi ilə təmin olunacaq”. 

Səməd İslamovun sözlərinə görə,  boş ərazilər işbazlar tərəfindən hasarlanır sakinlərə satılır: "Bizdə məlumatlar var ki, naməlum şəxslər tərəfindən 25-30 sot ərazini hasara alınıb, heyvan saxlayırlar. Əlbəttə ki, biz bunlara imkan verməyəcəyik. Hər hansı təsərrüfat məqsədi ilə istifadə olunan  və yaxud təyinatı məlum olmayan tikililər söküləcək. Ərazidə torpaqları zəbt edib, insanları aldadıb, onlara satıblar. Bununla bağlı isə hüquq-mühafizə orqanları araşdırma aparır. Dünən də bizə aydın oldu ki, həmin şəxslər vətəndaşları bizə qarşı qaldırırlar. İnsanlara inandırıblar ki, sizin də evləriniz söküləcək. Bir sözlə qarşıdurmaya çağırdılar. Sonradan hər şey onlara izah olundu və qayıtdılar”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook