Qalib Toğruldan neftin taleyi ilə baglı PROQNOZ
Yanvar 13
12:35
2016
Neftin qiyməti düşdkcə, neft ölkələrinin hərarəti yüksəlir
Neftin qiyməti 30 dollara yaxınlaşdıqca həyəcan yüksəlir. Yüksələn təkcə birjalardakı həyəcan deyil, neft ixrac edən ölkələrin də hərarəti neftin qiymətinə tərs şəkildə dinamika nümayiş etdirir. Hansı qiymətdən sonra neft hasilatı faydasız iş olacaq? Ümumiyyətlə, neft sənayesinin zərəri hansı qiymətdən başlayır. Azərbaycanda, eyni zamanda, qonşu Rusiyada ekspertlər tərəfindən neftin maya dəyəri ilə bağlı ziddiyyətli fikirlər səsləndirilir. Buna səbəb neftin hasilatı şərtlərinin yerindən və hasilatçının texnoloji imkanlarının asılı olaraq dəyişməsidir. Fərqli maya dəyərinin yaranmasına digər bir səbəb kimi hasiat xərclərinin hamısının, o cümlədən qurğu və avadanlıqların təmir və amortizasiya xərclərinin maya dəyərinə daxil edilib-edilməməsini göstərmək olar. Neftin hasilatının artıb-azalması da maya dəyərinin dəyişməsini şərtləndirir.
Neftin nəqli edildiyi kəmərlərdə nəqletmə xərcləri də fərqlidir. İllər üzrə maya dəyərinin fərqliliyi də neft hasilatı üçün xarakterikdir. Və təbii ki, müxtəlif quyularda (o cümlədən, dənizdə və quruda) maya dəyəri müxtəlif olur. Ona görə də maya dəyəri adətən, hasilat şirkətləri üzrə orta göstəricini ifadə edir.
Ölkəmizdə əsas neft hasilatçıları SOCAR və BP-dir. BP-nin hasilatdakı payı təxminən 80%-dir.
BP-nin Azərbaycanda çıxardığı neftin 1 barelinin maya dəyəri 6 dollardır. BP neftini Bakı-Supsa və Bakı-Ceyhan kəmərləri ilə ixrac edir. «Caspian Barrel» Neft Araşdırmaları Mərkəzinin məlumatına görə, 1 barrel neftin Bakı-Supsa ilə nəqli 2 dollardan bir qədər çox, Səngəçaldan Ceyhan limanına çatdırılması xərci isə 7 dollardır. BP əsas neftini ikinci kəmərlə ixrac edir.
SOCAR isə həm quruda, həm də dənizdə neft çıxarır. Qurudakı neft quyularından hasil olunan neftin maya dəyəri yüksəkdir, bəzən xərci borcunu ödəmir. Dənizdəki quyuların isə köhnə, neft ehtiyatlarının dərində olması hasilatı çətinləşdirir və maya dəyərini atrır. Ona görə də SOCAR-ın çıxardığı neftin 1 barelinin maya dəyəri daha yüksəkdir: təxminən 16 dollar. SOCAR hasil etdiyi neftin 1 barelini Bakı-Novorossiysk boru kəməri ilə 3.5 dollara ixrac edir.
Rəsmi statistikaya görə, 2014-cü ildə Azərbaycanda 42 022,7 min ton neft hasil olunub. Onun 8320, 4 min tonu SOCAR-ın payına düşüb.
Dünyada da neft hasilatının maya dəyəri fərqlidir. Rusiyada hasilatın təxminən yarısı "Rosneft”in payına düşür. Şərqi Sibirdəki yataqlardan hasil olunan neftin 1 barelinin maya dəyəri 5 və 15 dollar arasında, Qərbi Sibirdə isə 3 və 5 dollar arasında var-gəl edir. Başqırdstanda isə hətta 1 barelin 30 dollara başa gəldiyi quyuların olduğu bildirilir.
Ümumiyyətlə, dünyada ən ucuz neft Səudiyyə Ərəbistanında və İranda hasil olunur: 1 bareli 4-5 dollara. Əgər qiymətlərin 20 dollara qədər düşməsi baş verərsə və bu hal üzün müddət davam edərsə, o zaman bəzi ölkələr, o cümlədən, Azərbaycan üçün neft hasilatının dayandırılması gündəmə gələ bilər.
Qlobal.az