Putinin aşbazı "trol fabriki" saxlayırmış - ARAŞDIRMA
Dekabr 16
12:26
2019
"Novaya qazeta" bu ilin yayında Moskva şəhər dumasına seçkilər zamanı müxalifətə qarşı kampaniyanın arxasında kimin durması ilə bağlı araşdırmanı dərc edib. Məlumat kampaniya iştirakçılarının işçi sənədlərinə, eyni zamanda icraçılardan birinin şərhlərinə istinadla hazırlanıb. Jurnalistlər sonda bələ nəticəyə gəliblər ki, davamlı təxribatların arxasında KİV-in Putinin yaxın dostu və "aşpazı" adlandırdığı Yevgeni Prixozin durur.
Prixozinə bağlı olan Federal Xəbər Agentliyi (FAN) iyulun 29-da Moskvada müxalif namizədlər Lyubov Sobol, İlya Yaşin və Konstantin Yankauskas üçün saxta imzalar hazırlayan gizli fabrik aşkar olunması ilə bağlı xəbər yayıb. "Novaya qazeta" araşdıraraq bu feyk xəbərin arxasında siyasi texnoloq, Ukraynadakı separatçıların tərəfdarı və əvvəllər Prixozinin "internet-troll fabriki"ndə çalışan İqor Manguşevin durduğunu üzə çıxarıb. Aydın olub ki, "saxta imzaların hazırlanması fabriki" üçün mənzili məhz elə Manguşev kirayə edib və bu işə görə o, 300 min rubl alıb. Jurnalistlərlə görüşə razılıq verən Manguşev bu məlumatları təsdiq etsə də sifarişin kimdən gəldiyini açıqlamayıb. O həm də deyib ki, "bu barədə məlumatlar onun deyil sifarişçinin günahı ucbatından yayılıb. Bu sifarişi mən işləmişəm, amma ondan sonrakı işlər mənlik deyil", -deyə o bildirb.
Araşdırmaya görə, müxalifətə qarşı kampaniyada iştirak edənlərdən biri də iyulun 16-da FAN-ın yaydığı məlumatda adı çəkilən Arsenya Şipelenko olub. Lyubov Sobolun qərargahında işlədiyini deyən Şipelenko seçki qərargahında "çirkli metodlarla" iş aparıldığını, "razılaşmayanların izlənildiyini"deyib. Aldığı qəbzlərdən aydın olur ki, Şipelenko gördüyü iş üçün 850 min rubl alıb.
"Novaya qazeta" bildirir ki, həmin gənc əvvəllər Kreml tərəfdarı olan "Novıy rubej" hərəkatının üzvü olub. Daha sonra onun Rusiyanın Xalqlar dostluğu universitetinin xətti ilə qondarma Luqansk respublikasındakı universitetə baş çəkdiyi də vurğulanır. Amma Şipelenko jurnalistlərin bu məsələlərlə bağlı suallarını cavablandırmayıb.
Jurnalistlər avqustun 31-də FAN-ın, Moskva ətrafındakı evlərdən birində Aleksey Navalnın pul ödədiyi fəalların toplaşması ilə bağlı xəbəri də araşdırıblar. "Novaya qazeta" həmin evi tapıb, ancaq xəbər agentliyinin yazdıqları təsdiqini tapmayıb.
Beləki İqor Manguşev "pullu fəallar" barədə saxta hekayənin də müxalifətə qarşı aparılan kampaniyanın bir hissəsi olduğunu təsdiqləyib. Onun bu, süjetdə iştirak haqqı alması da qəbzlərlə təsdiqlənir. Burda göstərdiyi xidmətə görə o, 220 min rubl alıb ki, onun da 150 min rublu saxta fəalların mükafatlandırılmasına "ödənilib".
Bundan başqa Yevgeni Prixozinin adı Rusiyanın özəl hərbi şirkəti "Vaqner" ilə də əlaqələndirilir. İş adamı "Novaya qazeta" nın Moskva Şəhər Dumasına seçkilərlə bağlı apardığı araşdırmaya münasibət bildirməyib. (azadliq.org)