“Pulları Ceyhun Cəfərovun göstərişi ilə almışam” - İcra başçısının həbsdə olan birinci müavini
Aprel 21
15:29
2022
Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısının həbsdə olan birinci müavini Tacəddin Novruzovun istintaqa verdiyi ifadəsi məlum olub.
"Report”un əldə etdiyi məlumata görə, o, dindirilən zaman bildirib ki, 2001-2014-cü illərdə Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.
T.Novruzov istintaq ifadəsində deyib ki, 2014-cü il iyunun 8-də Kürdəmir RİH-in başçısının birinci müavini vəzifəsinə təyin olunub:
"Vəzifəyə təyin olunduğum dövrdən saxlanıldığım dövrədək Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov olub. O, 2016-cı ilin yanvar ayında məni xidməti otağına çağıraraq göstəriş verdi ki, rayonda olan müxtəlif abadlıq işlərinin görülməsi üçün Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatından aylıq olaraq 1500-2000 manat pul alıb ona verim. Onun göstərişinin qanunsuz olduğunu bildim, yenə də razılaşdım. Kombinatın direktoru Müşfiq Sadıqovu xidməti otağıma çağırdım və ona başçının verdiyi tapşırığı söylədim. Müşfiq Sadıqov da həmin vaxt razılaşdı və bir neçə gün sonra xidməti otağıma gələrək 1500-2000 manat məbləğində pulu təqdim etdi. Bundan sonra Ceyhun Cəfərovun xidməti otağına gedərək həmin pulu ona verdim. Ceyhun müəllim də həmin pulu saymadan oturduğu masanın kənarında olan daxıla qoydu. Həmin puldan da mənə 300-400 manat təqdim etdi.
Sonra Müşfiq Sadıqov vəfat etdi. Həmin Müəssisəyə rəhbərlik onun oğlu Emin Sadıqov gətirildi. Emin Sadıqovdan da mütəmadi olaraq həmin məbləğdə pulu alaraq Ceyhun Cəfərova verirdim. 2019-cu ilin təxminən oktyabr ayında Kommunal Müəssisələr Kombinatının direktoru Emin Sadıqov həmin vəzifədən azad edilib, digər vəzifəyə keçirildi. Kombinata direktor isə Məhəmmədəli Surxayev təyin olundu. Yenə eyni qaydada onu xidməti otağıma çağıraraq Ceyhun Cəfərovun göstərişi barədə məlumat verdim və o, da razılaşdı. 2019-cu ilin oktyabr ayından başlayaraq 2020-ci ilin yanvar, fevral və mart aylarında mənə hər ay 1000-2000 manat məbləğində, bir dəfə də karantin rejimi vaxtında əlavə olaraq yenidən 1000-2000 manat məbləğində pul təqdim edib. Mən də həmin pulu təklikdə Ceyhun Cəfərova vermişəm. O da həmin puldan mənə həmişəki kimi 300-400 manat pul verdi”.
T.Novruzov istintaqda Kürdəmir RİH-in həbsdə olan başçısı Ceyhun Cəfərovun göstərişi ilə rayon Təhsil Şöbəsinin inspektoru Mətləb Allahverdiyevdən 35-40 min manat və Rayon Mərkəzi Xəsətxanasının (RMX) baş həkimi Eynulla Novruzovdan aylıq olaraq 3-4 min manat pul aldığını etiraf edib.
O, əlavə olaraq ifadəsində vurğulayıb ki, Kürdəmir rayon Təhsil Şöbəsinin vəzifəli şəxsi Mətləb Allahverdiyev, Kürdəmir rayon Komunal Müəssisələr Kombinatının direktoru Müşfiq Sadıqov, Emin Sadıqov və Məhəmmədəli Surxayev, Kürdəmir RMX-nın baş həkimi Eynulla Novruzov həbsdə olan icra başçısı Ceyhun Cəfərovun onları həm xidməti otağında, həm də rayon səviyyəli tədbirlərdə danlayacağını, irad bildirəcəyini, işlərinə maneçilik törədəcəklərini bildikləri üçün həmin pulu verməyə razılaşaraq etiraz etməyiblər.
T.Novruzov məkkəmədə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, həmin şəxslərdən pulları rayonda əsaslı təmir və abadlıq işləri aparıldığı üçün aldığını söyləyib.
Qeyd edək ki, Ceyhun Cəfərov, Tacəddin Novruzov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.