Psixiatriya xəstəxanasının baş həkimindən yeniyetmə ilə bağlı ŞOK AÇIQLAMA: "Gördük ki, normal uşaqdır..."

Aprel 04
15:31
2023
Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirildi.
Bundan sonra ictimaiyyətin kəskin etirazı ilə məsələ daha da böyüdü. Sosial şəbəkələrdə və mediada gedən müzakirələrdə əsas fikir yeniyetmənin əqli durumunun normal olduğu və onun məhz hər şeyin üstünü açdığı üçün cəza olaraq psixiatriya xəstəxanasına göndərilməsi istiqamətində idi.
Məsələ ilə bağlı Sitat.info-nun əməkdaşı 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovla əlaqə saxlayıb.
A.Rəsulov yeniyetmənin vəziyyətinin ruhi xəstəxanada saxlanılacaq qədər ciddi olmadığını, yüngül pozuntuların olduğunu və geri göndərməyə çalışıqlarını deyib.
"O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox".