Prokurorluq işə qarışdı: şagirdi intihar həddinə çatdıran direktorun işi araşdırılır
Dekabr 18
17:35
2015
Hövsan qəsəbəsi, Ələddin Məmmədov adına 76 saylı məktəbdə direktorla şagird arasında yaşanan qalmaqalda şagirdin intihar həddinə çatdırılması ilə bağlı xəbər vermişdik.
Cebhe.info-ya daxil olan məlumata görə, hadisə Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırılır. Belə ki, 76 saylı məktəbin direktoru Tehranə Tağıyeva tərəfindən döyülən 6-cı sinif şagirdi Emil Kərimovun ailəsi baş verən hadisə ilə bağlı izahat vermək üçün bu gün Suraxanı rayon Prokurorluğuna çağırılıb.
Məlumatı şagirdin anası da Cebhe.info-ya təsdiqləyib.
Qeyd edək ki, məktəbin direktoru Tehranə Tağıyevanın 6-cı sinif şagirdini sinif otağında döydüyü iddia olunur. Saçının uzun olması səbəbini əsas gətirən direktorun "Bu nə saçdır?” deyə oğlana acıqlanaraq, şagirdlərin gözü qarşısında ona sillə vurduğu deyilir. Sinif yoldaşları arasında özünü pis hiss edən şagird dərhal evə qaçıb və mətbəxdən bıçaq götürərək özünə qəsd etmək istəyib. Anasının və qonşuların köməyilə bıçaq şagirdin əlindən alınıb. Məktəb direktoru isə Cebhe.info-ya açıqlamasında şağirdi döymədiyini, sadəcə başının arxasından tutaraq itələdiyini bildirib.



