Professor: İlham Əliyevin nə iqtidarda, nə müxalifətdə, nə də bitərəflər arasında alternativi yoxdur!
Oktyabr 07
23:32
2016
Azərbaycanın ictimai- siyasi, elmi- iqtisadi həyatı ilə bağlı Qlobal.az saytı professor Qüdrət İsaqovdan müsahibə alıb.
Müsahibəni təqdim edirik:
- Qüdrət müəllim sentyabrın 26-da keçirilən ümumxalq seçkiləri - Referendum ilə bağlı ekspert qrupu yaratmışdınız. Qrupu yaratmaqda məqsəd nə idi?
- Bu ekspert qrupunu yaratmadan öncə mən özüm Referendum aktı layihəsi üzərində ciddi düşündüm. Başa düşdüm ki, refrendum aktı layihəsində ölkəmiz üçün kifayət qədər faydalı müddəalar var. Ona görə də referendum qabağı təbliğat mərhələsində seçicilərin Referendum aktındakı müddəaları daha yaxşı dərk etməsi, cəmiyyətin maarifləndirilməsi və insanların Referendum seçkilərinə gəlib-gəlməyəcəyini öyrənmək naminə sorğular keçirmək, Referendum qabağı situasiyanın monitorinqini aparmaq, Referenduma çağırışlar etmək məqsədilə Müstəqil Ekspert Qrupu yaratdım.
- Rəhbərlik etdiyiniz ekspert qrupu müntəzəm olaraq keçirdiyi görüşlər barədə mətbuata məlumat verirdi. Referendumun sabahısı qrupunuzun yekun press-relizindəki göstərilən rəqəmləri insanlar birmənalı qarşılamadı. Belə ki, press-relizdə Sumqayıt və Bakının 98 məntəqəsində Referendumun gedişini izlədiyinizi qeyd etmisiniz. Göstərdiyiniz rəqəmlər nə dərəcədə doğrudur?
- Bəli biz keçirdiyimiz görüşlər barədə cəmiyyətə kifayət qədər məlumatlar vermişik. Keçirdiyimiz görüşlər haqqında məlumatların cəmiyyətə çatdırılmasında mətbuatın böyük rolu oldu. Həm ekspert qrupunun üzvləri, həm də onların dostları və qohumları, bilavasitə mənim qohumlarım çoxsaylı sorğuların keçirilməsində, referenduma çağırışlarda, seçkiqabağı, seçki günü mühitin monitorinqinin aparılmasında yaxından iştirak ediblər. Ən çətin işimiz Referendum qabağı təbliğat dövründə olub. O zaman biz 1 aya yaxın müddətdə gündüzlər Sumqayıtın demək olar ki, bütün məhəllələrində olduq, çoxsaylı mənzillərdə görüşlər keçirtdik. Bizim üçün ən asan gün seçki günü olub. Müstəqil Ekspert Qrupumuz əvvəlcədən məlumat verdiyi kimi, seçkilər sakit və səssiz bir şəraitdə keçdi. Belə olan şəraitdə bizim Bakının və Sumqayıtın 98 məntəqəsində seçkiləri izləməyimiz ciddi çətinliklər yaratmadı. Biz ən böyük işi referendum gününə qədərki zamanda gördük. İstəsəydik 150 məntəqədə də seçkiləri izləyə bilərdik.
- Qrupun maliyyə mənbəyini necə təmin etmişdiniz?
- Qrupumuzun heç bir maliyyə mənbəyi və maliyyəsi olmayıb. Amma dəqiq deyə bilərəm ki, Referendum dövründə heç bir partiya bizim qrupumuz qədər aktiv və böyük miqyaslı fəaliyyət göstərməyib.
- Bəs bir ay ərzində rəhbərlik etdiyiniz ekspert qrupu maliyyəsiz necə fəaliyyət göstərdi?
- Hər kəs öz cibindən yeyib. Heç kimin 1 manatını görməmişik, heç kimdən 1 manat istəməmişik.
- Siz iki dəfə 2008 və 2013-cü illərdə Azərbaycan Respunlikasının prezidentliyinə namizəd olmusunuz. Ancaq sonradan namizədliyinizi digər namizəd- Prezident İlham Əliyevin xeyrinə geri götürmüsünüz. Bunun səbəbini nə ilə izah edərdiniz?
- Reallığı doğru və dürüst qiymətləndirən bir insanam. Mən Prezident İlham Əliyevin nə iqtidarda, nə də müxalifətdə, nə də bitərəflər arasında alternativi olmadığını dəqiq bilirdim. Prezidentliyə namizəd olmaqda əsas məqsədim seçki dövründən istifadə etmək naminə namizədliyimi vermək idi. İctimai və siyasi həyatımızın bütün sahələrinə aid yüzlərlə məqalələrin və təkliflərin müəllifiyəm. Mən seçki dövründən istifadə edərək özümün proqram xarakterli fikirlərimi yaydım. Namizədliyimi Prezident İlham Əliyevin xeyrinə götürməyimin əsas səbəbi İlham Əliyevin hər iki seçki prosesində alternativsizliyini bir daha cəmiyyətin bütün təbəqələrinə çatdırmaq olub. Həm 2008, həm də 2013-cü ildə namizədliyimi İlham Əliyevin xeyrinə geri götürərək, onun lehinə təbliğatlar apardım. Facebookda "Mənim Prezidentim İlhamdı" adlı çox aktiv bir səhifə və aktiv bir qrup yaratdim. Gördüyüm işlərin nəticəsi olaraq "Mənim Prezidentim İlhamdı" adlı kitab yazdım. Referendum dövründə gördüyümüz işlərdən də "Referendum: İlham Əliyevin Yeni Dövlət Modeli" adlı bir kitab yazdım. 1993-cü ilin yanvar ayının sonunda Naxçıvanda 1,5 saatlığa Heydər Əliyevin kabinetində olmuşam və bu görüşün təəssüratı ilə "Heydər Əliyev tarixlər yaratdı. Heydər Əliyevin, İlham Əliyevin və Mehriban Əliyevanın tarixi missiyaları" adlı kitab yazmışam.
- Referendumdan 15 gün keçib, referendum haqqındakı kitabı 15 günə yazdınız?
- Xeyr. Kitab referendumda gördüyümüz işlər
haqqında yazılıb. Bütün yazılar öncədən mətbuatda yayımlanıb. Sorğularımızın,
Referenduma çağırışlarımızın və monitorinqlərimizin hamısının fotolarini çəkmişik.
100 səhifəyə yaxındır. Onları bir kitaba yığmışıq. Referendumdan sonra cəmi bir
neçə yazimız olub ki, onlardan biri də indiki müsahibəmizdi.
- Azərbaycanın real siyasi- iqtisadi vəziyyətini necə dəyərləndirirsiz?
- Qarabağ problemi həll olunmayıb. Prezident İlham Əliyev mövcud imkanlarımız daxilində Azərbaycan ordusunu gücləndirir. Türkiyə və Rusiya ağıla və məntiqə dayanan siyasət yürüdərək böyük iqtisadi projeləri həyata keçirmək istəyirlər. Prezident İlham Əliyev Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması və inkişaf etməsi naminə böyük təşəbbüslər etdi və böyük işlər gördü. İran da bu prosesə qoşulmaq niyyətlərini bəyan etdi. İlham Əliyevin təşəbbüsü ilə Bakıda Rusiya, İran və Azərbaycan prezidentlərinin üçlü görüşü göstərdi ki, həm İran, həm də Rusiya İlham Əliyevin təşəbbüslərini dəstəkləyirlər. Roma Papasının Azərbaycana gəlməsi katolik kilsəsinin və Qərbin Azərbaycandakı maraqlarının yeni mərhələyə keçməsindən xəbər verir. İqtisadiyyatımız haqqında onu demək olar ki, Rusiya iqtisadiyyatında baş verən bütün hadisələr, neft ölklərində baş verən bütün hadisələr Azərbaycanda da təkrarlanır. Manatımız dəyərini itirir, qiymətlər qalxır. İqtisadi bölümə rəhbərlik edən nazirlərin fəaliyyətsizliyi görünür. Onlar çixış edərkən islahatların aparılmasından, hansısa işlərin görülməli olduğundan danışırlar. Demirlər ki, bu zavodu, bu fabriki və s. filan zaman başlayıb, filan zaman tikib başa çatdıracağıq. Onlar Prezident İlham Əliyevin çıxışlarını demək olar ki, olduğu kimi təkrarlayırlar. Onlar bilmirlər ki, Prezidentin çıxışı ilə nazirin, icra başçısının çıxışı tamamilə fərqli olmalıdır. Prezident ümumi göstərişlər verməlidir. Məmurlar konkret proqramlar əsasında çıxışlar edərək nəyi nə zaman başlayıb, nə zaman başa çatdıracaqlarını dəqiq deməlidirlər. Belə olmayan halda məmurlar baş girləməklə məşğul olacaqlar. Yəni mən ancaq İlham Əliyevin işlədiyini görürəm. Məmurların işini isə görmürəm.
- Heç bir məmur işləmir?
- İşləyənləri də var.
- Amma Siz görmürsünüz...
- Kimin işlədiyini görürəm. Çoxunun işlədiyini isə görmürəm.
- Niyə fəaliyyətinizi siyasi partiya yaradaraq daha da genişləndirmirsiniz?
- Siyasi partiya yaratmaq üçün mütləq maliyyə dəstəyi lazımdır. Partiya üçün ofis lazımdı. Partiya aparatında işləyən insanlara əməkhaqqı verilməlidi.
- Azərbaycanda heç bir maliyyəsi olmayan kifayət qədər siyasi partiyalar var. Əməkdaşları ictimai əsaslarla işləyir. Yoxsa ətrafınızda fədakar insanlar azdır?
- Fədakar insanların ailəsi var, yaxud onlar ailə qurmalıdılar. Onlar gəlib partiyalarda gününü keçirməməlidilər. Partiyanın aparatında işləyən insanların hamısı əməkhaqqı almalıdılar. Yaxud onların biznesi olmalıdır. Mən partiya yaratsam intellektuallar partiyası yaradaram. Partiyanın dövlətə və cəmiyyətə xeyri dəyməlidir. Fədakar insanlar işlədiyi yerdən evlərinə çörək aparmalıdılar. Hər bir insan gördüyü işin müqabilində əməkhaqqı almalıdır.
- Azərbaycanda mövcud siyasi durumu vətəndaşlar kifayət qədər dərk edir. Bəs Azərbaycanda elm sahəsində vəziyyət necədir? Professor kimi fikirləriniz maraqlıdır.
- Elm sahəsində vəziyyət ağırdır. Elmlə məşğul olan alimlər eyni dərəcənin sahibi olan universitetlərdə çalışan dosent və professorlardan 2-2,5 dəfə aşağı əmək haqqı alırlar. Elmin real səviyyəsini ən azı Sovet İttifaqı dövründəki səviyyəyə qaldırmaq, elmi-tədqiqat institutlarının elmi-texniki bazasını yaratmaq lazımdı. Elm sahəsinə rəhbərlik edən insanlar vətənpərvər insanlar olmalıdılar. Elm sahəsinə rəhbərlik edən insanlar yüksək mədəniyyət sahibi olmalıdılar. Elm sahəsinə rəhbərlik edənlər Azərbaycanı və dövlətimizi sevməlidirlər. Azərbaycanımızı sevən, dövlətimiz üçün işləyən insanlara yüksək dəyər verməlidirlər. Sadaladığım keyfiyyətlərə malik olmayan məmurlar istər elm sahəsində, istərsə də digər sahələrdə Azərbaycanın və dövlətimizin nüfuzuna xələl gətirirlər. Azərbaycanımızı və dövlətimizi gözdən salırlar.
- Professor olaraq nə qədər məvacib alırsız?
- Məvacibim dərəcəmlə birlikdə 450 manatdan azdır. Amma yan-yörəmdə ayda 10 min, 100 min, bəzən 1 milyon və s. alanlar var.
- Deyilənlərə görə, AMEA-da çalışan alimlərin hərəsinin bir otağı, bir dənə də elektrik çayniki var. Məsələnin maraqlı tərəfi budur ki, bu yaxınlarda bir rayonda yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş tələbələrə həmin rayonun İH-nin başçısı elektrik çaydanı hədiyyə etdi. Bu bəlkə də mistik əlamətdir. Doğrudanmı alimlərimiz xidməti otaqlarında ancaq çay içməklə məşğuldurlar?
- Mən bir alim olaraq daima elmimizin və dövlətimizin inkişafı üçün çalışıram. Bəzən yazmıram. Çoxlu piyada gəzirəm. Amma həmişə düşünürəm. Sonra düşündüklərimi yazıram. Düşündüklərimi konkret işlərlə reallaşdırıram. Alimlər də hamı kimi çay içib. Bəzən digər insanlardan daha çox çay içib. Çay içə-içə düşünüb. Alim də yazıçı və şair kimidir. Yüz ölçüb bir dəfə yazır. Sizin dediyiniz icra başçısı çaydan hədiyyə etməklə düz edib. Tələbənin ən sevimli cihazı elə çaydandı.
- "Yarımkeçirici-metal evtektik kompozisiyalarında elektron prosesləri" mövzusunda doktorluq dissertasiya etmisiz. Sadə dillə bu nə deməkdi?
- Ən sadə dillə desək. Xüsusi temperatur və kristallaşma sürəti ilə bəzi yarımkeçiricilərin daxilində metallar paralel iynələr, yaxud paralel lövhələr şəklində formalaşırlar. Metallar yarımkeçiricinin daxilində bərabər paylandıqda və bu sistemin 1 ərimə temperaturu olduqda belə kompozisiyalara evtektik kompozisiyalar deyilir. Bu kompozisiyalardan bir neçəsini ilk dəfə almışam. Bu kompozisiyalarda ilk dəfə ifratkeçiricilik və Cozefson effekti tapmışam. Bu işim 1986-cı ildə Sovet elminin mühüm nailiyyətləri sırasına daxıl edilmişdi. Bu kompozisiyalarda klassik və kvant elektron proseslərinin mexanizmlərini, onların fəza və energetik modellərini yaratmışam.
- Kəşfinizin iqtisadiyyata səmərəsi varmı?
- Mən laboratoriyamızın əməkdaşları ilə birlikdə keçmiş SSRİ dövründə yarımkeçirici-metal evtektik kompozisiyalarından tenzorezistorlar-yəni təzyiqölçənlər hazırlamışam. O zaman həmən tenzorezistorlardan neft maşınqayırması zavodlarında istifadə olunub. Həm Bakının, həm də SSRİ-nin. Bizim onlarla təsərrüfat müqavilələrimiz olub. Birgə çalışmışıq. Zavodlar bizə əməkhaqqı da veriblər. Yuxarıda dediyim Cozefson effekti isə ifratkeçiriciliyin ən çox tətbiq olunan bir sahəsidir. Mən doktorluq müdafiə edəndə ABŞ, Almaniya, Rusiya, Türkiyə, Ukrayna və s. ölkələrin çox böyük alimləri, akademikləri Cozefson effekti tapdığım evtektik kompozisiyanın kvant komputerlərində, maqnit sahələrinin ən dəqiq ölçülməsində, tibbdə və s. geniş tətbiq imkanları olduğunu dəfələrlə öz rəsmi rəylərində göstərmişdilər.
Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə namizədliyimi verəndə də xarici alimlər işlərim haqqında eyni fikirləri yazmışdılar. Azərbaycanda həmən şərait və həmən sənaye sahələri olmadığından biz onları öz ölkəmizdə harasa tətbiq edə bilməzdik. Elm isə dünyəvidi. Bu işlərin kimin hansı ölkədə və nəyə tətbiq etdiyini isə deyə bilmərəm. Çünki biz o zaman SSRİ-də həmən kompozisiyalarda və digər işlərimizdə tapdığımız elmi nəticələrimizi xaricdə patentləşdirə bilməzdik. SSRİ isə həmən işləri götürüb özünün istənilən hərbi zavodunda tətbiq edə bilərdi. Təbii ki, bunlardan bizim xəbərimiz olmazdı.
- Allah anlayışı mənim fikrimcə müqəddəs kitablarda göstərilən və təsvir olunan anlamdan daha böyükdür. Əvvəlcə onu deyim ki, ateistlər Allahın yoxluğunu, dindarlar isə Allahın varlığını əyani şəkildə isbat edə bilməzlər. Çox zaman deyirlər ki, din elmdir. Dində dərin elm var. Məncə bu fikir
kökündən səhvdir. Din ehkamlardan ibarətdir. Bütün müqəddəs kitablar deyir ki,
Allah var və sən onun varlığını qəbul etməlisən. Peyğəmbər var və onun dedikləri
Allah kəlamıdır. Bunlar hamısı ehkamlardı. Sən bunları qəbul etməlisən. Burada
müzakirə yoxdu və ola da bilməz. Elm müşahidəyə, təcrübəyə və nəzəriyyəyə əsaslanır.
Elmdə ehkam yoxdu. Elm axtarışlar və müzakirələrdən ibarətdir. Elmdə bilmədiklərimizi
axtarırıq. Bilmədiklərimizi axtaranda yüz dəfə ölçürük, müzakirələr edirik.
Dində də dərinliyini bilmədiyimiz haqqında danışırıq. Ancaq bu danışdıqlarımız
dartışma deyil. Mübahisə olmaz. Qəbul etməliyik. Mən Allahın, Tanrının,
Yaradanın varlığını alim kimi dərk edirəm. Mən elmə söykənərək bilirəm ki,
kainat çox nəhəngdir. Ulduzlardan bizə qədərki məsafə milyonlarla, milyardlarla
işıq ili məsafəsindədir. Bütün kainatı Nyutonun tapdığı
Ümumdünya cazibə qanunu idarə edir. Yəni kainatı idarə edən, onu tarazlıqda
saxlayan bir, yaxud bir neçə qanunlar var. Mən elmə söykənərək dərk edirəm ki,
kainat, yaxud əlimizin altındakı cisim sirrlərlə doludur. Bir
sirr açılanda daha çox sirrlər yaranır. Mən bilirəm ki, insan idrakı sonsuz
olduğu kimi sirrler daha da sonsuzdur. Kainat haqqında bildiklərimizin bilmədiklərimizin
yanında daha kiçik olduğunu görürəm və bilirəm. Mən kainatın vəhdətini görürəm
və duyuram. Allah mənə görə təkcə balaca yer kürəsini və insanları yaratmaqla
kifayətlənməyib. Nəticələr deyir ki, kainatın eyni universal qanunlarla idarə
olunması vahid idarəedən tərəfindən yaradılıb. Allah bəlkə kainatın özüdür.
Allah bəlkə kainatı idarə edən pultun arxasında oturub. Bütün bu dediklərimə
görə deyirəm ki, Mən Allaha elm vasitəsilə inanıram. İnsanlar yaranıb, yaşayıb,
öldükləri kimi ulduzlar da, qalaktikalar da yaranıb, yaşayıb ölürlər. Mən
insanın ruhu olduğuna inanıram. Dünyada 100 minlərlə insanlar insanın ruhunu
görüblər. Mən də görmüşəm. Bütün görənlər eyni hadisəni nəql edirlər. Yəni
ruhların görünməsi eyni qanunauyğunluqla baş verir. Bu qanunauyğunluq
universaldı. Elm bu haqda heç nə bilmir. Elmə əsaslanıb deyirəm ki, ALLAH var,
TANRI var, YARADAN var. Allaha
inanmaqla insan daha rahat yaşaya bilər!
Qlobal.az