Prezidentin fərmanı niyə icra olunmur? - Agentliklərin formalaşması uzun müddətdir ləngiyir
Avqust 03
09:38
2022
Ötən ilin oktyabrında Prezident İlham Əliyev rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
"AzPolitika.info"
Bu fərman əsasında adı dəyişdirilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) adlandırılan qurumun tərkibində iki Agentlik yaradılıb:
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, az qala bir il keçməsinə baxmayaraq, indiyədək bu qurumların nizamnamələri təsdiqlənməyib, idarəetmə orqanları formalaşmayıb, idarə heyəti və rəhbərliyi müəyyən edilməyib. Onun sözlərinə görə, nizamnamələri təsdiqlənmədiyindən bu qurumlar dövlət qeydiyyatına da alınmayıb: "Ümumiyyətlə, görünən odur ki, nədənsə RİNN tərəfindən hazırlanan və ya ona aidiyyatı olan hüquqi sənədlərin təsdiqi "daşdan keçir". İllərdi ki, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, "ağıllı şəhər və kəndlər" , innovasiyalar və startaplarla bağlı konseptual sənədlərin də layihələrinin hazır olduğu bildirilsə də, heç birisi indiyədək təsdiqlənməyib. Bu cür uzunmüddətli ləngimələr, səlahiyyətli qurumların zamanında formalaşmaması idarəetmədə effektivliyi aşağı salır, sektorun inkişafını xeyli ləngidir. Yuxarıda adı çəkilən qurumların sektorda həllini gözləyən tənzimləmə və keyfiyyətə nəzarət sahəsində, əlaqələndirmə işlərində, rəqabətin güclənməsində, rəqəmsal transformasiyada və startapların dəstəklənməsində görəcəkləri xeyli işlər var".
Ekspert vurğulayıb ki, qonşu ölkələrlə aparılan müqayisələr, dünyada gedən texnoloji proseslər Azərbaycanın rəqəmsal sektoru üçün ciddi çağırışlar müəyyən edir. "Düşünürəm ki, səlahiyyətli şəxslər və aidiyyatı qurumlar, xüsusilə də RİNN rəhbərliyi səylərini gücləndirməlidirlər", - O.Gündüz vurğulayıb.