Prezident yeni yarımstansiyanın və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışını edib
İyun 10
14:44
2022
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Azərişıq" ASC-nin 110/35/10 kilovoltluq yeni yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına yeni yarımstansiyada və idarəetmə mərkəzində yaradılan şərait barədə məlumat verib.
Bu yarımstansiyanın mövcud və yeni qurulacaq 35 və 10 kilovoltluq şəbəkələrlə əlaqələndirilməsi digər 110 kilovoltluq yarımstansiyalar arasında yaradılacaq dairəvi sxemlərlə şəhərin mərkəzində artacaq yüklərin qarşılanmasını və idarə olunmasını, avtomatlaşdırılmış məsafədən dispetçer idarəetmə sistemi (SCADA) vasitəsilə yüklərin bir mənbədən digər mənbəyə köçürülməsi əməliyyatlarının operativliyini, eyni zamanda, elektrik təchizatının dayanıqlılığını təmin edəcək.
Dövlət başçısı "Azərişıq” ASC-nin Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzini işə salıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, rəqəmsal idarəetmənin tətbiqi və ya paylayıcı şəbəkələrin intellektual-rəqəmsal idarə olunması elektrik enerjisinin ötürülməsi və paylanması proseslərinə fasiləsiz nəzarətin həyata keçirilməsini, həmçinin müasir kompüter proqram sistemləri insan amili təsirinin aradan qaldırılmasını təmin edir. Digər tərəfdən, rəqəmsallaşma elektrik şəbəkələri üzrə müəyyənləşdirilmiş beynəlxalq tələblər çərçivəsində iqtisadi səmərəliliyin yaxşılaşdırılması istiqamətində mühüm təyinedici texnoloji vasitədir.



