Prezident yanvar ayında əfv sərəncamı imzalaya bilərmi?
Dekabr 30
21:14
2015
Dekabrın 28-də prezident gözlənilən əfv sərəncamını imzaladı. Lakin əfv olunanların siyahısında siyasi dustaqların adları olmadı.
Siyasi dustaqların adının siyahıda olmamasını ABŞ-ın Azərbaycana qarşı təzyiqləri ilə əlaqələndirdilər. Lakin ictimaiyyətdə yenə də bir ümid var ki, 2012-ci ildə olduğu kimi, yeni ilin ilk ayında prezident növbəti əfv sərəncamını imzalaya bilər.
Xatırladaq ki, 2011-ci ildə "aprel məhbusları" həbsdə idilər. 2012-ci ildə Bakıda keçirilən "Eurovision” mahnı müsabiqəsinə qədər Azərbaycan iqtidarına xaricdən siyasi məhbuslarla bağlı təzyiqlər olsa da, prezidentin imzaladığı əfv sərəncamında onların adına rast gəlinmədi.
Həmin zaman həbsdə olan jurnalist Əvəz Zeynallı bəhs etdiyimiz hadisə ilə bağlı bildirib: "Minlərlə jurnalist Bakıda oldu, dünya mətbuatı Azərbaycandan yazdı, "aprel məhbusları" və onları dəstəkləyənlər aclıq aksiyası etdilər. Ancaq prezident İlham Əliyev onları əfv etmədi. O zaman da belə siyasi məhbuslarsız bir əfv olmuşdu.
"Avroviziya" bitdi, hamı çəkilib getdi və İlham Əliyev 2012-ci ilin iyun ayının 22-də gözlənilmədən əfv qərarı verdi. Bütün "aprel məhbusları" azad edildilər. Heç bir nikbinliyə əsasım olmadığı halda, düşünürəm ki, yanvarın axırlarında eynilə 2012-ci ilin iyun əfvi formatında bir əfv ola bilər”.
Prezident yanvar ayında növbəti əfv sərəncamını imzalaya bilərmi?
Məsələ ilə bağlı musavat.com-a Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı danışıb.
O, bildirib ki, komissiya daim fəaliyyət göstərir: "Əfv fərmanının imzalanması üçün yüzlərlə işə baxılır. Bu, daimi işləyən komissiyasıdır. Hesab olunmasın ki, cənab prezidentin bir neçə gün öncə əfvlə bağlı imzaladığı sərəncamdan sonra Əfv Komissiyası fəaliyyətinə fasilə verir. Xeyr, belə deyil. Dünən də, bu gün də şəxsən mənə əfvlə bağlı iki-üç ərizə daxil olub. Digər idarələr necə daimi işləyirsə, Əfv Komissiyası da bu cürdür. Məhkumluqla bağlı sənədləri toplayırıq və araşdırmalara başlayırıq. Məhkumun cəzaçəkmə müəssisəsində olduğu dövrdə özünü necə aparması, törətdiyi cinayət əməlindən peşmançılığı və digər bu kimi faktlar hər bir müraciət əsasında tərəfimizdən toplanılır.
Eyni zamanda əsasnamənin prinsiplərinə uyğun olaraq, məhkum ona verilən cəzanın müəyyən bir hissəsini çəkməlidir. Yüngül cəza və ağır cəza verilənə eyni cür yanaşılmır. Sonda verilən hökmün sürətini əldə edirik. Tam material hazırlandıqdan sonra Prezident Aparatında Əfv Məsələləri Komissiyasının işini tənzimləyən dövlət sektorunda, məhkumlarla bağlı müraciətlər bir daha təhlil olunur. Eyni zamanda məhkumun özünün ərizəsi də tələb edilir. Əgər məhkum törətdiyi əməlin peşmançılığını keçirib, əfv olunmasını istəmirsə, onun məsələsinə baxılmır”.
M.İbrahimqızı bildirib ki, sadaladığı bu kimi vaxtaşırı işin nəticəsində prezident əfv sərəncamı imzalayır: "Prezidentimiz daimi olaraq, humanist sənədlər imzalayır. Bunu da çox yüksək dəyərləndirirəm. 210 nəfər məhkumun azad edilməsi, onların öz ailələrinə qovuşması və yenidən doğru həyat yaşamaları üçün onlara şansın verilməsi çox gözəl haldır. Ona görə də prezidentin bu siyasətini yüksək qiymətləndirirəm”.
Musavat.com



