SON XƏBƏR

"Prezident Putinin Bakı səfəri çərçivəsində iki ölkə arasında əlavə silah tədarükü ilə bağlı yeni müqavilələr imzalanacaq"

Avqust 05
12:43 2016
Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycana səfər edəcək.
 
Səfər çərçivəsində müzakirə ediləcək prioritet məsələlər barədə  YAP-nın GB- nin üzvü, politoloq Cəbrail Fərzəliyev Qlobal.az saytına açıqlama verib.
 
Cəbrail Fərzəliyev açıqlamasında bildirdi ki, "Artıq bəllidir ki, Bakıda Rusiya, İran və Azərbaycan prezidentləri səviyyəsində "Şimal-Cənub" nəqliyyat dəhlizinə dair məsələlər müzakirə olunacaq. Bəllidir ki, bu, üç ölkənin razılaşdırdığı və reallaşmaq üzrə olan strateji əhəmiyyətli nəqliyyat dəhlizidir. Hesab edirəm ki, Putinin Bakı səfəri zamanı Qarabağ məsələsi də əsas müzakirə mövzularından olacaq. Gözlənilir ki, Putinin Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlarının əsas mövzusu məhz Dağlıq Qarabağ münaqişəsinə dair nizamlama prosesinin hazırkı vəziyyətinə həsr olunacaq. Bundan əlavə, fikrimcə, Prezident Putinin Bakı səfəri çərçivəsində iki ölkə arasında əlavə silah tədarükü ilə bağlı yeni müqavilələr imzalanacaq. Bakı ilə Moskva arasında silah ticarəti isə işğalçı Ermənistanı həmişə ciddi narahat edən, onu Rusiyadan narazı salan məsələdir. Kreml Azərbaycanla uğurlu hərbi-texniki əməkdaşlıq içində olsa da, müttəfiqi Ermənistana 200 milyon dollarlıq kredit həcmində silah-sursat verməyə tələsmir. Ehtimal ki, Rusiya prezidenti özünün Bakı səfərinin ardınca Ermənistan prezidentini Moskvaya çağırmaqla ilk növbədə müttəfiq ölkədə bununla bağlı narazılığı səngitmək, rəsmi İrəvanı və erməni ictimaiyyətini sakitləşdirmək niyyəti güdür".

Prezidentlər arasında baş tutacaq görüşdə əsas mövzulardan birinin də Dağlıq Qarabağ probleminin olacağına diqqət çəkən politoloqun sözlərinə görə, "İkinci motiv Qarabağa dair növbəti üçtərəfli sammitin təşkilini, həmçinin hələ ki gündəmdə olan və "Putin planı" adlandırılan nizamlama variantına dair məsələləri müzakirə eləməklə ilgili ola bilər. Üçüncü motiv kimi, Ərdoğan-Putin görüşü və son vaxtlar Ankara-Moskva münasibətlərində başlayan istiləşmədən dolayı Ermənistanın əndişəsini azaltmaq istəyini qeyd eləmək olar. Hər necə olmasa, müttəfiq Rusiyanın iki gündə iki türk respublikasının lideri ilə bir araya gəlməsi işğalçı ölkənin təlaşını artıra, erməni cəmiyyətində anti-Rusiya ovqatını gücləndirə bilər".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook