Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib
Oktyabr 26
13:47
2022
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
İsmail Serageldin son dövrlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzunun dünyada daha da artdığını vurğulayıb, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin aparıcı institutları ilə birbaşa əlaqələrinin yaradıldığını deyib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib.
İsmail Serageldin Mərkəzin təsis olunmasının 10 illik yubileyi münasibətilə xatirə hədiyyələrini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yubileyi münasibətilə təbriklərini çatdırıb və yubileyin Bakıda qeyd edilməsinin rəmzi xarakter daşıdığını bildirib. Dövlət başçısı Mərkəzin beynəlxalq səviyyədə əməkdaşlığının genişlənməsindən, dünyada rolunun və nüfuzunun artmasından məmnunluğunu ifadə edib.
Görüşdə vurğulanıb ki, Azərbaycan Prezidentinin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hər il keçirilən Qlobal Bakı Forumu artıq bütün dünyada aktual məsələlərin müzakirə olunduğu və onların həlli istiqamətində yeni yanaşmaların təklif edildiyi beynəlxalq platforma kimi qəbul olunur.



