Prezident DTX-ya yeni səlahiyyətlər verib – Bu informasiya strukturlarına nəzarət edəcək
İyul 07
13:49
2022
"Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin qorunması sahəsində səlahiyyətlərin xeyli hissəsi Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) verilib”.
"AzPolitika.info” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, bu məsələlər Prezidentin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna kibertəhlükəsizliklə və kritik informasiya infrastrukturu ilə bağlı edilmiş dəyişikliklərin təsdiqi və onun tətbiqi ilə bağlı fərmanında öz əksini tapıb: "Bu fərmana görə, həm də bir neçə ay bundan öncə kritik infrastrukturun təhlükəsizliyi ilə bağlı qəbul edilən fərmana görə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin qorunması sahəsində səlahiyyətlər əsasən DTX-ya verilib. Yeni qaydalara görə, yalnız DTX-nın müəyyən etdiyi qurum, yəni kibertəhlükəsizlik xidməti provayderi kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi üçün kritik informasiya infrastrukturu subyektinin dəvəti ilə sahibkarlıq subyektlərinin kritik informasiya infrastrukturu obyektlərinə gələ bilər. Amma bu fəaliyyət zamanı aşkar edilən pozuntulara görə sahibkar məsuliyyətə cəlb edilə bilməz.
Ekspert vurğulayıb ki, yeni dəyişikliklərə görə kritik informasiya infrastrukturu subyektləri təhlükəsizliyi qorumaq üçün müvafiq infrastrukturun informasiya təhlükəsizliyini idarəetmə sistemini təşkil etməli və onun fəaliyyətini təmin etməlidirlər. Onun sözlərinə görə, DTX həmin idarəetmə sistemlərinin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə uyğunluğunun təmin olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə bilər.
"Bütün kritik informasiya infrastrukturu subyektləri məsul şəxs təyin etməli və bu barədə məlumatı kritik informasiya infrastrukturu obyektlərinin reyestrində yerləşdirməlidir”, - O.Gündüz əlavə edib.



