Prezident Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin məzarını ziyarət edib

May 09
14:45
2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.
Bildirilib ki, XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvab Qarabağinin Şuşa şəhərindəki məzarı və qəbirüstü abidəsi bərpa olunub.
Prezident İlham Əliyev Mir Möhsün Nəvvab Qarabağinin məzarı üzərinə gül dəstəsi qoyub.
Qeyd edək ki, bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işləri alim və şairin xatirəsinə ehtiram, eləcə də mədəniyyətimizin qorunub saxlanılması istiqamətində görülən işlərə daha bir töhfədir.