SON XƏBƏR

“Poz, qazan” tələsinin qurbanı: “Uşağımın pulunu hamilə arvadımdan oğurlayıb uduzdum” - (VİDEO)

Noyabr 04
10:17 2022
Qısa zamanda sürətlə yayılan, gündən-günə tələsinə düşənlərinin sayını artıran "poz-qazan” xəstəliyindən yaxa qurtarmaq istəyənlərdən biri ilə həmsöhbət olub. Üzünün görünməsini və adının qeyd olunmasını istəməyən "Poz-qazan məğlubu”nun açıqlaması bəlkə bu tələyə düşməkdə olan kimlərəsə "saman çöpü” olar. O deyir ki, asan pul qazanmağa onu "Xəbərlər”də eşitdiyi bir fakt cuşlandırıb.

"Bir neçə ay öncə "Xəbər”lərdə eşitdim ki, Quba sakininin biri 100 min pul udub "Poz-qazan”dan. O vaxtı "Poz qazan” belə məşhur deyildi. Dedim görüm nə olan şeydi bu?! 100 min udan varsa, deməli, nəsə var, 3-dən 5-dən biz də udarıq. Yaxınlaşdım birinə, 3 manat, 5 manat deyə-deyə 20 manat uduzdum. Dedim olan şeydi, eybi yox, şansım bu gün gətirməyib, yenə yoxlayaram. Səhərsi gün bir də elədim, 1000 manat uddum. Dedim yəqin belə asandır bunu udmaq. 200 manatlıq aldım yenə. Getdim evdə pozdum, heçnə udmadım. Belə-belə, min manat udmağımın həvəsi, üstəlik 100 min udan Qubalı sakin, ətrafımda qonşuluqda 50 min uddu bir nəfər, bunları düşündükcə həvəsləndim. Asan yolla pul qazanmaq adamı şirnikləşdirir. Ali təhsilliyəm, idman sektorunda fəaliyyət göstərirəm, 1000 manat maaş alıram. Demək olar ki, maaşı götürəndən sonra yarısından çoxunu uduzdum. Həvəsdəndüşmə oldu. Çoxusu deyir ki, cahillikdəndir. Amma elə deyil. Həvəsdir, ətrafda çox yayılıb. Ətrafın təsiri çox olur. İnsan düşünür ki, asan yolla pul qazanmaqdır, niyə etməyim ki?! Ziyana düşəcəyini düşünmürsən, amma görürsən ki, artıq ziyandasan, uduzduğunu geri qaytarmaq mümkün deyil.”

Beləliklə, yeganə xilaskar kimi "Poz-qazan” kartlarını görən şikar günün əksər hissəsini "poz-qazan qumarxanası”nda keçirir:

"Günüm orda keçirdi. Nahar vaxtında, axşam evə gələndə, harda görsəm düşüb alırdım,axırda elə oldu ki, çox uduzdum. Hətta elə oldu ki, borc çox yığıldı. Mən də məcbur olub maşını satdım. Borclarımın müəyyən qədərini verdim, qalan pulla da istədim yenidən oynayım borclarımın qalanını qaytarım və maşını geri alım. Amma heç nə edə bilmədim. Qumarı yalnız oynaan qazanır. Bu yolun sonu uçurumdur. Ailəliyəm, bir övladım var. ikinci uşağa yoldaşım hamilədir. 4 min pul yığmışdıq doğuş zamanı pul lazım olur deyə. Həmin pulun 2 min manatını gizlicə götürüb "poz-qazan”a xərclədim. Çox peşmanam. Yoldaşım sağ olsun, bildirmədi belə bir məsələ olduğunu. Yəni, atam,anam bilmədi. Bilmirəm, sonra biləcəklər ya yox, amma hələlik gizli saxlaya bilmişəm. Sadəcə yoldaşım bilir, bir də ətrafdakı dostlarımın bəziləri- ən yaxınları.”

İllərlə toplaya biləcəyi məbləği qısa zamanda "Poz-qazan” a qurban edən məğlub itirdiyi puldan daha çox, itirdiyi etibarına acıyır:

"Toplam 18-20 min məbləğ itirdim. Təbii ki, çox peşmanam. Heç kimə tövsiyə etmirəm bu və bu kimi qumar oyunları oynamağı. Ola bilər qazanasan bir-iki dəfə, amma bilsinlər ki, qazandıqlarından dəfələrlə çox məbləğdə pulu itirəcəklər. Mən pulu itirdiyimdən daha çox, ailəmi üzdüyümün üçün peşmanam. Eləməməli olduğum şeyləri elədim. Doğulacaq uşağımın, iki yaşlı oğlumun, yoldaşımın, xəbərləri olmasa da valideynlərimin ruziləri ilə oynadım. İstəyirəm, dediklərimi daha çox adam oxusun, eşitsin və belə tələlərdən uzaq olsunlar.”
 
Mənbə: Demokrat.az
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook