“Postsovet məkanında ciddi hadisələr başlanıb”
Mart 16
12:22
2018
Azad Demokratlar Partiyasının sədri, milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər müsahibəsində Rusiya ilə Britaniya arasında yaranmış gərgin münasibətləri şərh edib
Müsahibəni oxuculara təqdim edirik:
– Sülhəddin bəy, İngiltərə ilə Rusiya arasında müşahidə olunan casus qalmaqalı dünyanın diqqət mərkəzindədir. Sizin bu qalmaqalla bağlı fikirləriniz nədən ibarətdir?
– İngiltərə ilə Rusiya arasında uzun müddətdir ki, kəşfiyyat müharibəsi gedir. İngilis kəşfiyyat xidməti Mİ6 Rusiyada aktiv fəaliyyət göstərir. Mən deyərdim ki, ən aktiv fəaliyyətdə olan kəşfiyyat xidmətidir. Rusiya kəşfiyyat və təhlükəsizlik əməkdaşlarının Mİ6 tərəfindən ələ alınması Rusiyanı ciddi narahat edir. Odur ki, Rusiya cəza tədbirləri həyata keçirir. Bu cəza tədbirləri xüsusilə İngiltərədə həyata keçirilir. Təsadüfi deyil ki, London hökuməti son dövrlər İngiltərədə öldürülən 15 agentin ölüm hadisəsini yenidən araşdırmaq haqqında qərar qəbul edib. Çünki bu şəxslərin hamısının bu və ya digər şəkildə Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə ödürüldüyünə dair ciddi şübhələri var. Bir sözlə, İngiltərə-Rusiya arasında kəşfiyyat müharibəsi gedir, bu müharibəni Rusiya uduzur və uduzduğuna görə də, belə sərt metodlara əl atılır.
– İngiltərədə öldürülən şəxslərin çoxu SSRİ KQB-sinin və ya müasir Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Onların bəziləri Rusiya əleyhinə İngiltərəyə casusluq etsələr də, öz ölkələrində vətənə xəyanət maddəsi ilə ittiham olunub və həbsxanalarda yatıblar. Azadlığa çıxdıqdan sonra isə İngiltərəyə gediblər. Əgər Rusiya xüsusi xidmət orqanlarının bu şəxsləri aradan götürmək niyyəti olubsa, niyə imkanları olduğu halda bunu Rusiya ərazisində həyata keçirməyib?
– Əgər siz Sergey Skripalı nəzərdə tutursunuzsa, o, cəza müddəti çəkməyib, digər casuslarla dəyişdirilib. İkincisi, bu casuslar Rusiyada öldürülsəydi, bunun məsuliyyəti Rusiyanın üzərində qalacaqdı. Üçüncüsü və başlıcası odur ki, Rusiya öz "satqınlarına” nümayiş etdirir ki, Böyük Britaniya sizin üçün etibarlı yer deyil, bizim əlimiz ora çatır və sizi cəzalandıracağıq. Bu, həm də qaçanlardan daha çox qaçmaq niyyətində olanlara mesajdır. Yəni profilaktik məqsəd daşıyır. Bir tərəfdən xəyanət edənləri cəzalandırır və mesaj verirlər ki, dünyanın harasında olsanız da, sizi cəzalandıracağıq. Digər tərəfdən də, bu, Rusiyada olanlar və ölkədən getmək niyyətinə düşənlərə mesajdır.
– İngiltərədə çoxmu Rusiya əleyhinə bu ölkəyə casusluq edən agent öldürülüb?
– İngilis hökuməti 15 ölüm işinin araşdırılması haqda qərar verib. Ola bilsin ki, bu 15 nəfər haqqında daha ciddi şübhə və əsaslar var. Bildiyiniz kimi, üzərindən bir neçə gün keçdikdən sonra ölüm işinin araşdırılması çətin olur. Görünür, istintaq əsasən 15 ölüm məsələsi üzərində durub. Ola bilsin ki, ilkin ibtidai istintaq zamanı hansısa ipucları olub ki, indi 15 ölüm hadisəsi üzərində dayanılıb. Mümkündür ki, öldürülən agentlərin sayı daha çoxdur, sadəcə onların ölümü zamanında şübhə çəkməyib, buna diqqət yetirilməyib və ya hər hansı bir əsas, dəlil, sübut olmayıb.
– Deyirsiniz ki, Mİ6 ən çox Rusiyada aktiv fəaliyyət göstərir. Ancaq sözsüz ki, MKİ və digər xüsusi xidmətlər də Rusiyada işləyir. Ancaq nədənsə belə casus qalmaqalları əsasən İngiltərədə qalxır. Niyə məhz bu məsələ qabarıq formada Londondan qaldırılır?
– Barak Obama dövründə də qalmaqal qalxmışdı. Konkret olaraq Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı 35-ə yaxın rus diplomatı Amerikadan çıxarıldı. Belə skandallar olub, amma diqqət etsəniz, görərsiniz ki, burada aktiv tərəf Rusiya olub. Yəni Rusiya aktiv kəşfiyyat fəaliyyəti göstərdiyinə görə qalmaqal yaranıb. Amma Rusiyada tərsinə olur, İngilis kəşfiyyatının aktivliyinə qarşı Rusiya bu addımları atır. O, səbəbdən də mən qeyd etdim ki, Mİ6 son dövrlər Rusiyada ən effektiv fəaliyyət göstərən kəşfiyyat orqanıdır.
– Casus qalmaqalından sonra London hökuməti ciddi açıqlamalar verdi, hətta Rusiya ilə əlaqələri kəsməyi də göz önünə aldı. Bu prosesin sonu hansı istiqamətdə inkişaf edə bilər?
– Təbii ki, siyasi-diplomatik addımlar olacaq. Böyük Britaniya sanksiyalara əl atacaq. Artıq Londonun istəyi ilə BMT Təhlükəsizlik Şurasının iclası çağırılıb. Eləcə də NATO bu hadisələrə reaksiya verdi. ABŞ və Avropa Birliyi daxil olmaqla bütövlükdə Avro-Atlantik qurumlar İngiltərənin yanında olduğunu bəyan etdi. Yəni Rusiyanın istədiyinin əksinə olaraq ilk öncə Qərb dünyasının birliyi nümayiş etdirildi. Hazırda bir sıra sanksiyalar hazırlanır. İngilis hökumətinin başçısı Tereza Mey bildirdi ki, əgər bu sui-qəsdlərin arxasında Rusiyanın olduğu sübuta yetirilərsə, bu zaman ciddi sanksiyalar tətbiq ediləcək. Sanksiyalar Rusiya hökumətinə məxsus aktivlərin dondurulmasına qədər irəli gedə bilər. Hesabların dondurulması, daşınmaz mülklər, maliyyə, bank hesabları dondurula, ticarət-iqtisadi əlaqələrdə sanksiyalar ola bilər. Əlavə olaraq digər platformalarda İngiltərə və müttəfiqləri Rusiyaya qarşı birgə hərəkət edə bilər.
– Demək istəyirsiniz ki, bu sanksiya və tədbirlər sayəsində dünya Yaxın Şərqdə baş verənlər unudula bilər…
– Bizim mətbuatımızın başı əsasən Yaxın Şərqə qarışıb. Ancaq postsovet məkanında, xüsusilə Ukrayna istiqamətində ciddi hadisələr baş verir. Martın 1-də ABŞ Dövlət Departamenti Ukraynaya tank əleyhinə öldürücü raketlərin verilməsini təsdiq edib. Eyni zamanda Ukraynada anti-terror əməliyyatlarının statusunun dəyişdirilməsi haqda qanun hazırlanır. Qanunda torpaqların işğaldan azad edilməsi məsələsi qoyulur. Artıq işğal edilən ərazilərin reinteqrasiyası, açıq dildə desək, torpaqların işğaldan azad edilməsinin qanuni əsası hazırlanır. Bu, Ukrayna böhranının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Yəni yenidən müharibə başlaya və Ukrayna aktiv şəkildə hərbi əməliyyatlara keçə bilər. Digər maraqlı və əhəmiyyətli hadisə martın 10-da NATO-nun qəbul etdiyi qərardır. Bu qərarla Bosniya və Herseqovina, Makedoniya ilə yanaşı, Ukrayna və Gürcüstan da NATO üzvlüyünə namizəd ölkə kimi tanınıb. 2008-ci ildə Buxarest sammitində prinsipial qərar qəbul edilməsinə baxmayaraq, 10 il idi ki, bu proses uzadılırdı. Fikrimcə, oyun Rusiyada və postsovet məkanında qızışacaq. Xüsusilə QUAM xəttində. Böyük ehtimalla Ukrayna və Qara dəniz hövzəsində. Ukraynada gedən proseslər çərçivəsində Londonun Kiyevə hər cür dəstəyini artıracağı da gözləniləndir.
– Casus "ovu” ilə bağlı ittihamlar olsa da, ortada dəlil və fakt yoxdur. Bu göstərmirmi ki, beynəlxalq ictimaiyyət hazırda hüquqi deyil, perspektivi olmayan siyasi ittihamları müzakirə edir?
– Mən belə deməzdim. Bildiyiniz kimi, Tramp Rusiya ilə münasibətlərə çox həssas yanaşır. Amma İngiltərə baş naziri ilə telefon danışığı zamanı açıq dedi ki, Londonun bu ittihamları irəli sürməsi üçün əsasları var. Görünür, Britaniya hüquq-mühafizə orqanlarının əlində ciddi dəlillər var. Əks halda Böyük Britaniya kimi ciddi dövlətin baş naziri parlamentdə belə açıqlama verməzdi. Eləcə də ABŞ kimi nəhəng dövlətin rəhbəri ilə bu söhbəti etməzdi. Mənə elə gəlir ki, Böyük Britaniyanın əlində artıq ciddi əsaslar mövcuddur.
– Casus ölümlərində daha çox Rusiya istehsalı olan zəhərli qazlardan istifadə edilməsi az qala dəb halını alıb. Sizcə, niyə?
– Bu, olduqca ciddi məsələdir. Rusiya ilə imzalanan sazişə əsasən, Rusiya kimyəvi silahlarını tam məhv etdiyini bildirib. Ancaq əldə olunan sübutlar onu göstərir ki, Rusiya kimyəvi silahları tamamilə təmizləməyib. Çünki Sergey Skripalın və qızının öldürülməsi zamanı istifadə edilən kimyəvi maddə hərbi məqsədlə istifadə edilir. Bu səbəbdən də bunu Böyük Britaniya özünə qarşı həyata keçirilən hücum hesab edib. Buna görə də cavab ciddi olacaq. Yəni hərbi hücuma qarşılıq olaraq hərbi cavab veriləcək.
– Casusların məhz Rusiya istehsalı olan kimyəvi maddə ilə öldürülməsi hallarını mesaj hesab etmək olarmı?
– İndiyə qədər müxtəlif metodlardan istifadə edilib. Buna qədər Böyük Britaniyada casus sui-qəsdi zamanı reaktiv maddədən istifadə edilmişdi. İndi niyə məhz kimyəvi maddədən istifadə edərək bunun törədildiyinin səbəbini demək çətindir. Amma ittiham budur ki, məhz bu cəza əməliyyatını Rusiya Baş Kəşfiyyat İdarəsi həyata keçirib. İstifadə edilən kimyəvi maddə də QRU-nun nəzarətində olub.
Mənbə: teleqraf.com