Polkovnik Ə. Qənizadə - "Necə yəni komandirə yer yoxdu? "
Fevral 11
00:31
2016
"KOMANDİRLƏR DANIŞIR..!" layihəmizin qonağı sabiq briqada komandiri polkovnik Əzizağa Qənizadədir
- Əzizağa müəllim, necə oldu ki, hərbçi olmaq qərarına gəldiniz?
- Mən 1957-ci ildə oktyabrın 6-da Bakı şəhərində hərbçi ailəsində anadan olmuşam. Atam MAXE (müddətdən artıq xidmət edən) – hərbi qulluqçu idi. Bizim evimiz hərbi şəhərcikdə yerləşirdi. Mən də hərbi şəhərcikdə doğulmuşam, zabitlərin, əsgərlərin arasında böyümüşəm. Hərbçilikdən başqa təsəvvürümdə heç bir sənət yox idi. O vaxt Bakı şəhərində Naxçıvanski adına hərbi lisey açıldı. Atam da mənim sənədlərimi yığıb, aparıb verdi o məktəbə. 1976-ci ilə qədər, 4 il ərzində mən Naxçıvanski adına hərbi liseydə təhsil aldım. 1976-ci ildə Bakı Ali Hərbi Ümumqoşun Komandanlıq Məktəbinə qəbul oldum. 1980-cı ildə leytenant rütbəsi alaraq məzun oldum və hərbi xidmətə göndərildim.
- 1981-ci ildə israrlı xahişinizlə Əfqanıstana müharibəyə göndərildiniz. Bu israrınıza səbəb nə idi?
- Mən 1980-ci ildə Bakı Ali Hərbi Ümumqoşun Komandanlıq Məktəbini qurtarandan sonra Özbəkistanın Termez şəhərinə xidmətə göndərildim. Termez şəhəri Əfqanıstanla sərhəddə idi. SSRİ-nin ordusu o vaxt Əfqanıstan dövlət rəhbərliyinin xahişi ilə (o vaxt belə deyirdilər) yeni dövlət qurmaq üçün köməyə getmişdi. Bu müharibədə biz Əfqanıstan dövlətinə dəstək verirdik. İstəyirdik Əfqanıstan da bir sosialist ölkəsinə çevrilsin. Gənc leytenant idim. Əfqanıstan cəbhəsindən gələn zabitlər bizim Termezdəki hərbi hissəyə gəlirdilər. Onlar danışanda biz susurduq, çünki onlar müharibə görmüş zabitlər idi. Onların yanında danışmayacaq qədər özümü mənəvi cəhətdən borclu hiss edirdim. Çox təcrübəli zabitlər idi. Qərara gəlmişdim ki, bir zabit kimi mən mütləq müharibəyə getməliyəm. Əgər insan həkimdirsə, mütləq cərrahiyyə əməliyyatı aparmağı bacarmalıdır. Zabitdirsə mütləq müharibədə iştirak etməlidir- əgər müharibə gedirsə. Elə bu vaxt yuxarı qərargahından- kadrlar idarəsindən nümayəndələr alaya gəlib Əfqanıstana getmək üçün könüllu zabitlər istədi. Mən əlimi qaldırdım, adımı yazdılar və getdilər. 24 yaşım var idi o zamanlar. Alayda özümü bacarıqlı zabit kimi təsdiq etmişdim. Bakı Ali Hərbi Məktəbdə bizi elə hazırlamışdılar ki, digər respublikalardan gələn zabitlərdən qat-qat üstün idik. Bilikdə bəlkə də müəyyən məqamlarda bizdən üstün ola bilərdilər. Məktəbi qurtaranda mən əlaçı olmamışam, 4 qiymətlə qurtarmışam. Ancaq işgüzarlıq və inisiativ cəhətdən biz yüksək idik. Mən də Bakı Ali Hərbi Məktəbin məzunu kimi orada özümü yüksək səviyyədə göstərdim. Hətta o dərəcədə ki, diviziya komandiri mənim – gənc leytenantın adını bilirdi. Şəhərin komendantı məni şəxsən tanıyırdı. Mən xidmətə çıxanda hamı rahat olurdu ki, orada dəmir intizam olacaq. Bütün bunlara görə yerli komandanlıq məni buraxmaq istəmirdi. Amma cəbhəyə getməkdə qərarlı idim. Axırda məcbur qalıb məni göndərdilər.
- 1981-ci ilin sentyabr ayında- cəbhəyə getdikdən 3 ay sonra qərargah rəisinizin təqdimatı ilə qəhramanlıq nümunələri göstərdiyinizə görə "Qırmızı Ulduz” ordeni ilə təltif olundunuz. 3 ay ərzində göstərdiyiniz qəhramanlıq nədən ibarət idi?
- Cəbhəyə getməkdən ötrü ərizə ilə müraciət edəndən sonra mənə dedilər ki, siz Əfqanıstandakı 180-ci alayın ikinci taborunda xidmət edəcəksiniz. Ancaq getməyim sənədləşmə işlərinə görə hələ ki, ləngiyirdi. Mənim ora getməyim iki-üç ay çəkdi. Bu müddətdə həmişə soraqlayaraq ikinci taborun harada yerləşməyi, nə etdiyi barədə məlumatlar əldə edirdim. Hər dəfə də zabitlər taborun döyüş əməliyyatlarında olduğunu deyirdi. Bir ay döyüş əməliyyatlarında, iki ay, üç ay… Bir dəfə də eşitmədim ki, bu tabor alayda oturub dincəlir. Məni dəhşətli bir maraq bürüyürdü. Nəhayət may ayında bizi helikopterə mindirib Kabula gətirdilər. Kabulda maşınlara minib alaya getdik. Alayda qərargah rəisi və alay komandiri ilə söhbət edəndən sonra məni tabora göndərdilər. Getdim, tabor yox idi. Taborun yerində ancaq boş çadırlar idi. Xoşbəxlikdən mənə dedilər ki, sabah sübhdən tabor alayın yanından keçəcək. Səhər saat 5-6 radələrində məni oyandırdılar. Yola çıxdım. Toz içinde PDM-lər, yorğun kolonna keçirdi. Mənim yeni komandirim kapitan Revnev idi. Ona özümü təqdim etdikdən sonra zirehli maşına əyləşib yolumuza davam etdik. Kolonna dayanmadan irəliləyirdi, tabora aid məktublar, əlavə vəsaitlər maşınlara atılırdı. Bir-iki saat getdikdən sonra tabor nahar etmək üçün dayandı. Hələ tabor komandirinə təqdim edilməmişəm. Bölük komandiri ilə PDM-in altında palatka sərib oturduq. SSRİ-dən iki araq verirdilər aparmağa, mən də o araqları gətirmişdim. Süfrəyə əyləşən kimi adımı soruşmadan öncə bölük komandiri məndən soruşdu: araq gətirmisənmi? Dedim gətirmişəm. Mənə dedilər ki, "xoş gəlmisən”! Çörək yeyəndən sonra soruşdular ki, yolu bizimlə, yoxsa tağımınla davam etmək istəyirsən? Mən tağımıma getmək istədiyimi dedim. Məni apardılar tağımıma. Tağım komandirinin, yəni mənim müavinim çavuş Xattamov adlı tacik idi. Xattamova söylədilər ki, tağıma yeni komandir gəlib. Xattamov ayağa qalxıb dedi ki, bizdə maşınlarda yer yoxdu. Yəni onlar iki il döyüşən əsgər olaraq mənə gənc, təcrübəsiz zabit kimi baxırdılar. Mən həmən dedim ki, necə yəni komandirə yer yoxdu? O, mənə bir də diqqətlə baxdı, dedi yaxşı, gəlin arxamca. Məni PDM-ə aparıb öz yerini verdi. Çalışırdım özümü təcrübəli zabit kimi göstərim, amma kənardakılar düsünürdülər ki, gənc leytenant gəlib. Kolonnanın – (maşın karvanı) PDM-lərin arasında gəzərək tağımımla tanış olurdum. Komandir müavini mənə yaxınlaşıb dedi ki, niyə axı avtomatı əlinizdən yerə qoymursuz, axı biz istirahət edirik. Deməli, burada təcrübə nizam-intizamdan öndə gəlirdi. Bir saat yolumuza davam etdikdən sonra bizi atəşə tutmağa başladılar. Bu hərbçi həyatımda başlanan ilk döyüş idi. Komandirimiz kapitan Ruslan Auşev idi (sonralar İnquşetiyanın prezidenti olacaq- red). Ratsiyada Auşev əmr verdi ki, hamı PDM-lərin içinə girib lyukları bağlasınlar ki, güllə dəyməsin. Nauşnuk mənim qulağımda idi. Tağıma PDM-ə girməkləri barədə əmr verib, oturdum PDM-ə, nişangahda əyləşib qarşı tərəfə baxırdım. Birdən geri çevrilib baxdım ki, içəridə heç kəs yoxdu. Düşündüm ki, bəlkə məni eşitməyiblər. Tez lyuku açıb yuxarı qalxdım. Baxdım ki, hamı PDM-in üstündə sanki heç nə baş verməyib kimi uzanıb. Mən dedim ki, düşmən güllə atır niyə içəri girmirsiniz, dedilər komandir içəridə minaya düşsək sağ-salamat qala bilmərik. Mən də çıxıb PDM-in üstündə uzandım. Təcrübəsiz olduğumu anlayırdım. Əsgərlər, cavuşlar məndən təcrubəli idilər. Ancaq sonralar döyüşlərdə qazandığım təcrübələr çox oldu. Və şəxsi heyət də mənə hörmət etməyə başladı. Artıq onların yanında hörmət qazanmışdım.
- Döyüşlər necə gedirdi?
- Çox döyüşlərdə iştirak etdim. 3 gündən bir döyüşdə idik. O üç günün iki gününü isə döyüş hazırlığı vəziyyətində olurduq. Cünki hər an düşmən hücum edə bilərdi. Məsələn, tez - tez yerdəyişmə edirdik…
- Ordenlə təltif olunmağınız hansı döyüşdən sonra oldu?
- Bu Paqman və Baraki- barakda gedən döyüşlər idi. Bizim ora getməyimiz maşınlarla alınmadı. Çünki ora qəfil hücuma keçmək lazım idi. Bizi helikopterə mindirib Paqmana gətirdilər. Helikopter aşagıya 4-5 metrliyədək enirdi və biz paraşütsüz yerə atılıb döyüşə girirdik. Yerə atılan zaman düşmən bizi atəşə tuturdu, əsgərlər elə yerindəcə həlak olur ya da yaralanırdı. Güllə başımıza yağırdı. Sağ qalmaq və qalib gəlmək üçün şücaət göstərməyə məcbur idik. Hər qrupda 8 nəfər var idi. Təbii ki, komandir kimi öndə gedirdim. Əsgərlərə nümunə olmağa çalışırdım. Qəfil elə şərait yarandı ki, mən əsgərlərimdən ayrı düşdüm. Düşmənin arasında idim. Xoşbəxtlik nəticəsində üz-üzə gəldiyim düşməni məhv edə bildim. Yanımda bir belarus rabitəçi var idi. Auşevlə tez- tez əlaqə saxlayırdım. Amma utanırdım deyəm ki, mən əsgərlərimdən – o vaxtkı ifadəylə desəm, "karandaşlarımdan” ayrı düşmüşəm. Məndən ayrı düşən əsgərlərimdə ratsiya yox idi. Auşevin isə komandalarının ardı-arası kəsilmirdi və biz iki nəfərlə verilən əmrləri yerinə yetirirdik. Bölüyə hücuma gedən əfqanların qarşısını kəsməyə çalışırdıq. Sonra rabitəçinin avtomatı xarab oldu və biz bir avtomatla qaldıq. Ancaq əfqanların qarşısını kəsə bildim. Xeyli itki verdikdən sonra düşmən çəkildi və biz bölüklə birləşdik. Üç ay ərzində döyüşlərdə oldum. Axırda "Qırmızı Ulduz" ordenini almaq üçün alay komandanlığı tərəfindən təqdimat verildi. Beləcə 3 ay sonra ordenlə təltif olundum.
- Sizinlə o zaman döyüşən əfqanlar hərbçilər idi, yoxsa mülki şəxslər?
- Bizə qarşı döyüşənlər nə tam hərbçi deyildilər, nə də tam mülki insanlar. Hərbi hazırlıq səviyyələri aşağı idi. Düzdür, çoxları düşməni şişirdir ki, özü daha qabarıq görünsün. Ancaq belə deyil, onlar çox zəif idilər. Amma onların üstünlükləri də var idi. Biz üzdə idik, onlar isə görünməz. İstədikləri an qəfil bizə hücum edə bilirdilər. Biz onları tapıb məhv edənə kimi itkilər verirdik. Bundan əlavə onların bizə qarşı Pakistanda hazırlanmış muzdlu dəstələri çox idi. Mütəşəkkil olsalar da hərbi cəhətdən zəif idilər.
- "Qırmızı Ulduz" ordeni aldıqdan sonra hərbçi həyatınızda hansı dəyişiklər baş verdi?
- Mən təltif olunandan sonra 733 saylı əlahiddə tabora göndərildim. Taborun komandiri Termezden məni tanıyırdı. Tabora gedən kimi məni axtarıb tapdı. Ora bölük komandiri təyin olunmuşdum. Bilirsiniz, "Qırmızı Ulduz" ordenini çox adam ala bilərdi. Məsələn, qərargahlarda, isti kabinetlərdə oturan insanlar hər zaman bütün mükafatlara özlərini layiq görürdülər. Bu, dunyanın hər yerində belədir. Amma biz əməyimizə görə təltif olunmuşduq. Tez-tez zabitlərlə söhbətim olurdu və mənə qoyulan hörməti hiss edirdim. Məsələn, Ruslan Auşev mənə həmişə hörmət edirdi. Onun mənə inamı böyük idi. O zaman- tabor mühasirəyə düşəndə köməyə məni göndərmişdi. Verilən əmrlərin öhdəsindən otuz nəfərlik tağımımla bacarıqla gəldim. Hətta o vaxt bir döyüşdən sonra biz düşməni məğlub etdik. Düşmən komandirin ağ atı var idi. O atı Auşevə bağışladım.
Sizə bir epizod danışım. Bir dəfə düşmən bizim taboru dərədə yaxaladı. Gecə idi. Başımıza yağan güllənin və mərmilərin ardı-arası kəsilmirdi. Düşmən əsasən minaatanlardan istifadə edirdi. Vəziyyət qəlizləşirdi. Mən PDM-də əyləşib ciddi müşahidə aparmağa başladım və düşmənin əsas nöqtəsini aşkarladım. Ratsiya ilə Auşevə məlumat verdim ki, tabora əmr etsin, tabor atəşi saxlasın. Mən PDM-in topundan düsmənin əsas toplaşdığı yerə atəş açacam. Bütün tabor atəş gücünü o nöqtəyə yönəlstin… Auşev əmr verdi, tabor "susdu”. Düşmən tərəfə atəş açdım. Sonra tabor başladı aramsız zərbələr endirməyə. Beləcə, düşməni məhv edib mühasirədən çıxa bildik. Bütün şücaətlərimiz komandanlıq tərəfindən görülürdü. Ancaq bu işdi – bizim peşəmiz idi. Yəni bu qəhramanlıq deyildi, zabit kimi mənim vəzifə borcum idi. Qəhramanlığı əsgər göstərə bilər. Qəhramanlığı məsələn, bulvarda gəzməyə çıxan adi bir insan dənizdə boğulan digər bir insanı xilas etməklə göstərə bilər. Hansı ki, bu onun borcu deyil. Amma o adamı boğulmaqdan xilas edir.
Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə silahlı qüvvələrinin göstərdiyi kütləvi Qəhramanlığın təbliği ilə mütəmadi məşğul oluram. Qarabağ savaşında bizim əsgərlər çox böyük qəhramanlıqlar göstəriblər. Bu qəhramanlıqlar nəylə seçilirdi? Qəhramanlıq mənim üçün o demək deyil ki, sən düşmənə qarşı vuruşmusan. Qəhramanlıq odur ki, sən özün həyatını riskə qoyub mühasirəyə, yaxud digər çətin vəziyyətə düşmüs əsgərləri və ya mülki əhalini xilas etmək üçün irəli atılırsan, düşünərək ölümə gedirsən. Qəhramanlıq budur. Böyük vətən müharibəsində minlərlə belə hadisələr olub. Və eləcə də Qarabağ savaşında. Qarabağ savaşında belə parlaq nümunələr çoxdu. Bunların bir hissəsi mənim gözlərim önündə baş verib.
- Vaxt gəldi "Qırmızı” dövlət dağıldı, siz o zaman harada idiniz?
- Mən o vaxt xidmət edirdim "DOSAF”da - Könüllü Hərbi Vətənpərvərlik İdman Cəmiyyətində. DOSAF nazirlik səviyyəsində bir struktur idi. Cəmiyyət sədrinin (o vaxt sədr general İsrafilov idi) ibtidai hərbi hazırlıq üzrə müaviniydim. Mayor rütbəsində polkovnik vəzifəsində çalışırdım. Hərbi vətənpərvərlik cəmiyyəti ictimai təşkilat idi. SSRİ Ordusu üçün mütəxəssislər hazırlayırdıq. SSRİ dağılandan sonra Cəmiyyət fəaliyyətini davam etdirərək Milli Ordu üçün mütəxəssislər hazırlamağa başladı. Daşaltı əməliyyatından (1992-ci ilin yanvar ayının axırları) sonra, hansı ki, çoxları o əməliyyata uğursuz deyir, ancaq mən belə sanmıram. O, çox uğurlu əməliyyat idi. Çünki onlar hücumda idilər, düşmən isə müdafiədə və bizdən də çox itki vermişdi. Yetmişə qədər bizdən, səksəndən çox isə düşmən tərəfindən itki olmuşdu.
Bilirsiniz, burada səbəblər çoxdur. O vaxtkı siyasi rəhbərlik çox zəif idi, komandirləri qurban verməyə məcbur idilər. Mənim düşüncəmə görə Daşaltı əməliyyatına müxtəlif insanların hərbi forma geyib getməkləri qəhramanlıq idi.
Bilirsiniz, o vaxt SSRİ məxfi xidmət strukturları bizim millət olaraq ruhumuzu sındırmaq üçün psixoloji işlər aparırdılar. Cəmiyyətdə isterika yaradırdılar. Sübut etməyə çalışırdılar ki, siz gücsüzsünüz. Döyüşə bilmirsiniz, ordunuz heç nəyə yaramır.
Çox təəssüf ki, o hərbi hissəni ləğv etdilər. Guya ki, hərb tariximizin qara səhifəsidir. Ancaq zaman keçir. Biz indi də o taborun döyüşçülərinin ruhları önündə baş əyirik. Onlar vuruşa bilmişdilər. Daşaltı əməliyyatından sonra mən qəti qərara gəldim ki, mənim kimi Əfqanıstanda müharibə görmüş bir peşəkar zabitin isti kabinetdə oturmağa mənəvi haqqı yoxdur. Nazirliyə gedib müraciət elədim. Elə həmin gün əmrim verildi. Tabeçiliyimə 120 əsgər, 9 PDM, minaatanlar verildi. Xüsusi təyinatlı I-ci Reyd Dəstəsinin komandiri oldum. İşğal olunmuş ərazilərimizdə düşmənin arxasına keçib əsgər və zabitlərimizlə zərbələr endirirdik. O vaxt hərbi hissələrimizin döyüşlərinə müdafiə nazirlərinin əmri ilə ən ağır istiqamətlərdə cəlb olunurduq.
- Bu dəstənin kəşfiyyatdan fərqi nədə idi?
- Kəşfiyyat dəstəsi deyildik. Biz düşmən arxasında müstəqil, rabitəsiz öz qərarlarımızla əməliyyatlar aparırdıq. Düşmənin cəmləşdiyi yerləri müəyyənləşdirib zərbələr endirirdik. Bu zərbələrdən sonra çəkilirdik. Gizlinə çəkilib dincəldikdən sonra yenidən müşahidə aparır, düşmən qüvvəsini aşkarlayaraq növbəti zərbələr endirirdik.
- Bəs sonra necə oldu bu hərbi hissə?
- Sonra mən 701 saylı hərbi hissəyə komandir təyin olundum. O dəstəyə də həmin hərbi hissənin dəstə komandiri Abbasov Ramiz komandir təyin olundu. Sonra o komandir döyüşlərdə həlak oldu. Hərbi hissə də ləğv olundu. Qabaqcıl hərbi hissə idi. Dövlətə sadiq idi. Düşünürəm ki, gələcəkdə həmin 771 saylı hərbi hissənin tarixi, keçmişi barədə material yığım. İndi hələ ki, 701 saylı hərbi hissənin keçdiyi yolu təqdim edirəm.
- 1992-ci ilin noyabr ayında 701 saylı hərbi hissənin komandiri təyin olundunuz. Həyatınızda yeni dönəm başladı.
- Muharibə ümumilikdə mülki əhali üçün ağırdır. Hərbçi üçün ağır gün olmur. Dövlətin vəziyyəti ağır idi. Biz döyüş tapşırıqları yerinə yetirirdik. Hərbçi heç vaxt müharibədən qaçmır, yazıq olmur, ya peşəsini davam etdirib döyüşərək yaşayır, ya da döyüşlərdə həlak olur. Əgər biz indi 701 haqqında ağır günlər deyiriksə, deməli, vaxtilə düşmənlərin "Daşaltı əməliyyatları” haqqında dediklərini təkrarlayırıq.
- Mən sizin taleyinizin ağır məqamlarını nəzərdə tuturdum.
- Mənim taleyim ağır deyil. Həyat həmişə ağırdır. Qarşımıza hansı problemlər, maneələr çıxırsa biz onları dəf etməliyik. Mən 701-ə komandir təyin olunandan sonra biz Laçin alayıyla, daxili qoşunlarla və başqa hərbi hissələrlə birgə bir çox uğurlu əməliyyatlar həyata keçirdik. İrəli gedirdik. Sonra elə oldu ki, o vaxtkı siyasi qurumlar bundan daha səmərəli bəhrələnə bilmədi. Bunun səbəbləri çox idi. İndi mənim bundan - siyasi məsələlərdən danışmağa təcrübəm yoxdur, çünki hərbçiyəm. O vaxt Laçın dəhlizini bağlamağa şansımız var idi. Ancaq qəfil atəşkəs elan oldu. Təəssüf ki, düşmən bu atəşkəsdən bəhrələnə bilib toplandı və yenidən hücuma keçdi.
Suvorovun bir sözu var: "Əgər düşmən geri çəkilirsə ona qızıl körpü tikmək lazımdır ki, o geri çəkilə bilsin, onun qabağını kəsmək lazım deyil”. Mən düsünürəm ki, o vaxt dəhliz bağlanmamalıydı, amma atəşkəsə də qol çəkməməliydik. Hücum əməliyyatları davam etməli və düşmənin silahlı qüvvələri həmin dəhlizin vasitəsi ilə Azərbaycan ərazisindən çıxarılmalı idi. Çox təəssüf ki, o vaxtkı gənc, təcrübəsiz diplomatiyamız aldadıldı. Biz döyüşənlər də bunu anlamırdıq.
- Laçında döyüşlər necə gedirdi?
- Biz Laçın dəhlizində düşmənə ardıcıl, sarsıdıcı zərbələr endirirdik. Düşmən heç ağlına gətirə bilməzdi ki, bizə qalib gələ bilər. Nə qədər qüvvəsi olsa belə, hətta bütün hərbi hissələrini birləşdirib bizə hücumə keçsəydilər də, biz onları dəf edə bilirdik. Biz təcrübəli briqadaydıq. Əsgərlərimiz də zabitlərimiz də peşəkar idilər. Çox rahatlıqla düşmənlə döyüşləri apara bilirdik. Atəşkəs elan edilməsə idi dəhlizi bağlamaq gücündəyidik. Bir dəfə istədim dəhlizi bağlayım, əməliyyata başladım da. Ancaq yarıda dayandırdım. Sol cinah zəif hərəkət etdi. Məcbur olub dayandırdım əməliyyatı və əvvəlki yerimizə çəkildik…
- Sol cinah sizin tabeçiliyinizdə deyildi?
- Tabeçiliyimdə idi, amma belə hallar döyüş əməliyyatlarında olur. Sağ, sol cinahlar, yaxud mərkəz hücumda ləngiyə yaxud daha irəli gedə bilər. Səbəblər çoxdur. Bayaq qeyd etdiyim kimi düşmən bizim briqadanı yaxşı tanıyırdı.
Düşünürdülər ki, bizdən canlarını necə qurtarsınlar. Çünki biz Gorusun üstündə oturmuşduq. Sağ tərəfimizdə Gorus, qarşımızda Laçın dəhlizi idi. Onlara o vaxt yeni dağılmış SSRİ-nin nəzarətsiz hərbi hissələri çox köməklik etdi. Planlar cızılırdı. Həm də ümumilikdə, bizim orduyla müqayisədə ermənilərin çox böyük zabit korpusu var idi. Hələ SSRİ-də baş qərargahda, nazirliklərdə erməni zabitlər çox idi. SSRİ ordusunda onlarla erməni generalları var idi. Məsələn, Əfqanıstandakı 40-cı ordunun qərargah rəisi Ter Qriqoryans idi. Çox təcrübəli general idi. Hətta indi də sosial şəbəkələrdə Qarabağ müharibəsi barədə müzakirələr edir. Son zamanlar deyəsən səsi gəlmir. SSRİ ordusundakı zabitlərin isə sayı- hesabı yox idi. Onlar hamısı Ermənistana dəstək göstərirdilər. Bu normal hal idi. Hər bir insan öz millətinə kömək etmək istəyir. Necə ki, Qarabağ müharibəsi başlayanda az sayda olan hərbçilərimiz gəlib döyüşlərdə iştirak etdilər.
- Təcrübələrini tətbiq də etdilər...
- Bəli, onlar daha təcrübəli davranaraq Ağdərə rayonunun işğalını həyata keçirdilər. Ağdərə döyüşlərində biz də birbaşa iştirak etmişik. Böyük bir qüvvə ilə onlar Ağdərə istiqamətində hücuma keçdilər. Mərmilər onlarda tükənmirdi. Artilleriya dayanmadan atırdı. Qış ayları idi. Biz hücumda idik. Ancaq nə qədər etsək də bir metr də olsun irəliləyə bilmirdik. Qarşımızdakı bütün hər yerə mərmi yağırdı. Əlbəttə ki, bu mərmiləri yağdıranlar həm də onların tərəfinə keçən qeyri-rəsmi keçmiş SSRİ hərbçiləri idi. İndi biz yalnız 366-cı alayın Xocalıdakı qətliamından danışa bilirik. Xocalı qətliamından sonra Ermənistandakı keçmiş SSRİ-nin hərbçiləri daha ehtiyatlı hərəkət edirdilər. Düşmən Ağdərənin işğalına nail ola bildi. Kəlbəcər blokadaya düşdü. Biz də Kəlbəcərlə qonşu rayon olan Laçında mühasirəyə düşdük. O vaxtkı siyasi rəhbərlik elə düşünürdü ki, bu müharibə Dağlıq Qarabağın inzibati ərazisindən kənara sıçraya bilməz. Çox təcrübəsiz idi gənc iqtidarımız. Kəlbəcər blokadaya düşəndə, bu, o vaxtkı siyasi hakimiyyət üçün şok oldu. O vaxt Kəlbəcər rayonunda bir dənə də olsun hərbi hissə yox idi. Ay yarım muddətdə bu vəziyyət davam elədi. Kəlbəcər rayonunda dağ atıcı alayının yaradılması barədə əmr verildi. Kəlbəcərin keçmiş polis rəisi də dağ atıcı alayın komandiri təyin olundu. Və Kəlbəcərlilərdən canlı qüvvə yığılmağa başlandı. Ağdərə işğal olunan zaman mən 130 nəfərlik taboru Kəlbəcərin girişində yerləşdirmişdim. Əsas qüvvənin Laçında olduğuna görə arxa magistral yolun təhlükəsizlik təminatı lazım idi. Biz gözləyirdik ki, Azərbaycanın digər bölgələrindən hərbi hissələr Kəlbəcərə gəlsinlər. Martın 26-da Kəlbəcər rayonunun işğalı başladı. Müdafiə naziri mənə təcili Kəlbəcərə qayıtmağım barədə əmr verdi. Gəldim Kəlbəcərə ki, birinci döyüş sona yetib. Briqadanın taboru burada düşmənə güclü müqavimət göstərib. Magistral yolla hərəkət etməyə çalışan düşmən geri çəkilməyə məcbur olub. Növbəti gün daha böyük qüvvə ilə düşmən yenidən hücuma keçdi. Artileriyya hazırlığından sonra tank taboru və hərbi qruplaşmaların iştirakı ilə beş ədəd mi-24 helikopteri taborun üzərinə hücuma keçmişdi. Taborun komandiri baş leytenant Qurban Qurbanov idi. Tabor düşmənin iki helikopterini vura bildi. Çoxlu sayda düşmənin tankı, PDM-i, canlı qüvvəsi məhv edildi.
Həmin istiqamətdə Monte Melkonyan komandanlıq edirdi. O vaxt onların jurnalistləri döyüşlərdə birbaşa iştirak edirdilər. Çoxlu döyüş şəraitlərini çəkiblər. İndi də o kadrlar "Youtube”-da var. Beynəlxalq terrorist Monte Melkonyanın bu hücum barədə şərhi var. Ona sual verirlər azərbaycanlılar necə döyüşür? O deyir ki: "Çox güclü müqavimət göstərirlər. On metrlikdən döyüşürük. Mənim qrupumdan yeddi nəfər artıq həlak olub”. Daha helikopterlərin və tankların vurulduğunu demir. Əlbəttə ki, o qrup deyəndə öz yanındakı adamları nəzərdə tuturdu. Döyüşlərin 3-cü günü - mart ayının 28-də ondan yenidən müsahibə alırlar. Melkonyan müsahibəsində deyir ki, "axır ki, biz Çarektar yaşayış məntəqəsini ala bildik. Düzdür, onlara döyüşdə qalib gəlmədik, amma nədənsə onlar özləri geri çəkildilər”...
- Kimin taboru, Qurban Qurbanovun?
- Bəli, Qurban Qurbanovun taboru. Amma burada bir məqam da var. Ermənilər bu əməliyyata mükəmməl hazırlaşmışdılar. Hətta o səviyyədə ki, Xocalı hadisəsindən sonra onların işğalçılıqlarına kömək etmış keçmiş SSRİ dövründən nəzarətsiz qalan keçmiş SSRİ-nin hərbi hissələrini video kadrlara salmırdılar. O döyüşlərdə bu cür peşəkar, nizam-intizamlı hərbi hissələr iştirak edirdilər. İndi Qurbanovun taborunun geri çəkilməyinə gələk. Onlara mən əmr verdim. Taboru sol və sağ açıq cinahlardan mühasirəyə almağa başladılar. Amma bilirdim ki, briqadam Kəlbəcərdə olsaydı öz qüvvəmlə bu işğalın qarşısını ala bilərdik. Döyüş tapşırığımız ləğv olunmamışdı deyə briqadamın əsas qüvvələri Laçın dəhlizində döyüşürdü. Mən 30 əsgər, 3 tank ve 5 PDM-dən ibarət zirehli mobil dəstənin Kəlbəcərə gəlməsinə əmr verdim. Tabora dəstək vermək istəyirdim. Ağdərə rayonu istiqamətindən Ağdaban istiqamətinə 1 motoatıcı alaya qədər qüvvə hücuma keçmişdi. Daha doğrusu, onlar alay sistemli Qarabağdakı separatçı rayon qruplaşmaları idiler. "Şuşa rayon qruplaşması" "Mardakert rayon qruplaşması” və sairə döyüşlərdə iştirak edirdi.
Kəlbəcər rayonunun işğalında iştirak edən qüvvələr:
Ermənilərin əsas qüvvələri
I - Şimal qruplaşması- "Ömər” aşırımı istiqamətində
Mardakert Rayon Qruplaşmasının = 1-2 TABOR
II – ÇAREKTAR istiqamətində:
MARTUNİ (Xocavənd) və HADRUT R-n Qruplaşmaları:
Birləşmiş döyüş dəstələri. = 1-2 Tabor
Mərkəzi Təxribat Zərbə Qruplaşması = 1-2 Tabor
Ermənistan Respublikası Könüllü Dəstələri
III– Nəriştar İstiqamətində:
Mardakert (AĞDƏRƏ) Rayon Qruplaş-nın VƏNK = 1-Tabor
Ermənistan Respublikası Könüllü Dəstələri = 1-2 Tabor
VI - QIRXQIZ İstiqamətində
ƏSGƏRAN Rayon Qruplaşmasının = 1-Tabor
V – Cənub istiqamətində
35, 53, 51- saylı Taborları = 3-Tabor
Ermənistan Respublikası DİN-nin Daxili qoşunlarının = 1-2 Tabor
Ermənistan Respublikası Könüllü Dəstələri = 1-2 Tabor
VI – Şimali-Qərb istiqamətində:
Ermənistan Respublikası Şimal Qoşun Qruplaşmasının Hərbi Hissələri = 1-2 Tabor
Ermənistan Respespublikası Könüllü Dəstələri = 1-2 Tabor
Döyüşlər zamanı bu taborlar növbə ilə bir birini əvəz edirdi.
Ağdərə istiqamətində cəbhədə 70 kilometr xəttdə bizim briqadanın cəmi 130 nəfər əsgəri var idi. Qüvvəmiz yox idi. Biz magistralın ətrafını- 3 kilometrlik xətti müdafiə edirdik ki, düşmən Kəlbəcərə rahat girə bilməsin. Amma dağlıq və qrunt yollar bizim nəzarətimizdə deyildi. Ancaq Ağdaban yaşayış məntəqəsində yerli əhalidən təcili formalaşan könüllü dəstə nəzarət edirdi. Onların içində bir nəfər də olsun zabit, gizir yox idi. Tələm- tələsik silahlanıb müdafiəyə çəkilmişdilər. Ağdabanda onlar düşmənə bacardıqca müqavimət göstərdilər. Komandirləri Rüfət Kərimov həlak oldu. Sonra onlar Bağlıpəyə yaşayış məntəqəsinə doğru geri şəkilməyə məcbur oldular. Mən gedib çatdım yanlarına və onları əks hücuma göndərdim. Əks hücum nəticə vermədi. Və Baglıpəyənin üstündə yenidən müdafiə xətti tutduq. Biz Çərikdağdakı birinci taborumuzun sol cinahını qoruyurduq. Amma düşmən qüvvələri çox üstün idi. Düşmənin Ağdabandan çıxarılması üçün Buzdağun üzərinə çıxıb əməliyyat planı cızdım. Ağdabandakı düşmən qüvvəsi çox böyük idi. Bir motoatıcı tabor - canlı qüvvə, xeyli tank, artilleriya var idi. Düşmən Bağlıpəyəyə hücuma keçmişdilər. Zabit olaraq tək idim. Kəlbəcərdə bir nəfər də olsun zabit yox idi…
- Bəs Kəlbəcərdə yaradılan Dağ Atıcı Alayı hardaydı?
- Alay yarana bilmədi. Alay əmr üzərində qaldı. Bir əmrin kağızı var idi, bir də komandir. Bilirsiz necədir, alayın formalaşması üçün azı 1 ay lazım idi. Ancaq əmrdən iki gün sonra düşmən hücuma keçdi. Gətirdiyim zirehli dəstəylə Bağlıpəyədə düşmənlə döyüşə girdik. Düşməni çixarda bildik, amma az idik. Onlar yenidən hücuma keçərək yaşayış məntəqəsini ələ keçirdilər. Sonra biz toparlanıb yenidən əks hücuma keçərək növbəti dəfə düşməni yaşayış məntəqəsindən çıxardıq. Ancaq nəfəsimiz tükənirdi. Düşmən bu dəfə də yenidən hücuma keçərək iki zirehli texnikamızı sıradan çıxartdı. Biz çox əlverişsiz duruma düşmüşdük. Düşmən yüksəklikləri tutmuşdu, sayca da bizdən üstün idilər. Biz az sayımızla əlverişsiz nöqtələrdən yüksəkliklərdə mövqe tutmuş çoxsaylı düşmən üzərinə hücuma keçirdik. Amma düşmənin bizə endirdiyi üçüncü zərbədən sonra biz magistrala düşduk və tunel tərəfə geri çəkilməyə məcbur olduq. Birinci taborun arxası tam boşaldı. Düşmən başladı birinci taborun arxasına keçməyə. Mən gizir Babakişiyev tankla bir yedə I-ci taborunun yanına göndərdim ki, gedib taborun geri çəkilməyinə dəstək versin. Tabor iki sutkaya geri çəkildi. Çünki magistralla yox, dağ yolları ilə gəlirdilər. Sonra Babakişiyevin tankı geri gələrkən ermənilərin əlinə keçmişdi. Bu kadr da "Youtube”- da var. Orada terroristdən soruşurlar ki, bəs siz ekipajı neyləmisiniz? O da deyir " siz yaxsi bilirsiz neyləmişik”… Bilirsiniz, cəbhə xətti olmayan döyüşlərdə zirehli texnikanı ələ keçirmək asandı. Təsəvvür edin ki, tankla irəliləyirsiz, qarşınıza bir dəstə adam çıxır - eyni forma, eyni silah. Sizə əl edirlər və siz də saxlayırsız. Lyukdan çıxırsız. Və görürsünüz ki, bütün avtomatlar sizə tuşlanıb… O tankı ermənilər bu formada qənimət götürmüşdülər. Otuz əsgərdən 5 nəfərini itirmişdik. Tankımızın da biri artıq yox idi. 2 tankımız 4 PDM-imiz qalmışdı. Mərmi daşıyan MTLB-miz vurulmuşdu. Tunelin yanındaydıq. General Sadıkov (Nəcməddin Sadıkov nəzərdə tutulur-red) gəldi yanımıza…
- O vaxt Sadıkov general idi?
- Deyəsən yox… Xeyli zaman keçib. Mən məruzə elədim ki, briqada Laçından çıxsa, biz burda nə isə edə bilərik. Laçından isə çıxmağa əmr vermirdilər. Cünki o saat Laçın müdafiəsiz qalaraq işğal olunacaq, düşmən isə Kəlbəcərin digər tərəfinə keçəcəkdi. General Sadıkova məruzə etdim ki, tabeçiliyimdə 2 tank 4 PDM və 30 əsgər var…
- Axı 5 əsgər həlak olmuşdu...
- Bəli, mən belə dedim. General Sadıqova iki tank 4 PDM-imizin olduğunu bildirdim. Bütün olan qüvvəmiz bunlardan ibarət idi. Daha sonra general Sadıqova bildirdim ki, düşmən Getevan- Kəlbəcər istiqamətində hücumdadır. Sol cinahdan Bağlıpəyə hüdudlarına çıxıb. Sağ cinahdan düşmən Ağqaya-Narıştar - Mərcimək istiqamətində irəliləyirlər. General Sadıkov Müdafiə nazirinə məruzə elədi. Nazir General Dadaş Rzayev real qərar qəbul edərək əmr verdi ki, 701 saylı briqada Laçın rayonunun döyüşlərindən çıxaraq təcili Kəlbəcərin müdafiəsinə gəlsin. Çünki belə vəziyyətdə iki rayonda döyüş aparmaq bir briqadayla mümkün deyildi. Söhbət burada təxminən 3 min kvadrat kilometr ərazidən gedir.
Bu məqamda onu da deyim ki, Qurbanovun taborundakı zenit topçuları da düşmən helikopterləri vurmuşdu. Tabor 8 nəfər itki vermişdi. Briqada komandirin muavininin komandanlığı ilə Laçından Kəlbəcərə doğru hərəkət etməyə başladı. Ancaq burada bir məqamı qeyd edim. Təsəvvür edin, bu briqada dəhlizdə düşmənlə döyüşdədir. Düşmən isə briqadanın çəkilməyə məcbur olduğunu anlayır və gözləyir ki, hücuma keçsin.
Təsəvvür edin, indi briqada həm geri çəkilir, həm də onu təqib edən düşmənlə döyüşür. Ermənilər briqadanı təqib edərək Kəlbəcərə çəkilməyini yubadırdılar. Ancaq dağlarla, meşələrlə hərəkət etmək mümkün idi. Yola çıxan kimi düşmən helikopterləri zərbələr endirirdilər. Əsgərləri gətirməyə texnika yox idi. Briqada bu formada 3-5 sutkadan sonra Kəlbəcərə çatdı. İkinci tabor aprel ayının 5-də gəldi. Birinci tabor isə mühasirədən aprelin 4-ü çıxıb gəldi.
Artıq Kəlbəcər işğal olunmuşdu. Biz Tunel ətrəfında döyüşlərdə General Sadıkovun əmri ilə 10 dəfədən çox əks hücum təşkil elədik. Sadıkov da bizimlə atəş xəttinə qədər enmişdi. Ancaq yenə də qüvvələr nisbətinin qeyri-bərabərliyindən əks hücumlarımız ancaq düşmənin irəliləməsini ləngidirdi. Sadıkovun bu döyüşlərin birində yanında dayanan rabitəçiləri yaralandı. Bu zaman bizə Bakıdan müdafiə naziri tərəfindən helikopterlərlə kömək gətirilirdi. O vaxt təcili səfərbərlik elan olunmuşdu. Evlərə çağırış vərəqəsi göndərməyə vaxt yox idi. İnsanları küçədən, metrodan yığıb "Nasosnu”dakı hərbi təyyarə meydanına aparırdılar. Orada onlara hərbi forma geyindirərək helikopterlərə mindirib cəbhəyə göndərirdilər. Və indi bu gələnlərdən çoxu silahdan heç bir anlayışları olmayan insanlar idi. İndi təsəvvür edin, bu əsgərləri göndəriblər cəbhəyə, zabitləri yoxdur, ətrafındakıları tanımır, silahla davranmağı bilmirlər. Vaxt yox idi. Düşmən irəliləyirdi. Mən tez bir zamanda bu əsgərlərə qumbara atmağı, avtomatla davranış qaydasını başa salıb onlara arxamca əks hücuma aparırdım. Mən öndə gedirdim, çünki o əsgərlərə tapşırıq vermək mümkün deyildi. Həm də bu gənc əsgərlərə nümunə olmaq, onları ürəkləndirmək lazım idi. Bu əsgərlər mərdliklə vürüşürdular, qəhraman idilər. Heç bir hazırlıqları olmadan nizamlı düşmənə qarşı döyüşürdülər. Döyüşlərdə həlak olan son əsgərə qədər vuruşurduq. Həlak olanları çıxartmağa canlı qüvvəmiz qalmırdı. Tuneldən başlayaraq Qamışlı körpüsünə qədər bizim qəhrəmancasına həlak olan əsgərlərimiz yolda qalırdı. Həlak olanların yerinə yeni dəstələr döyüşə girirdi. Düşmənin irəliləməsini dayandırmaq istəyirdik. Bizim orada həlak olan qəhraman əsgərlərimiz hələ də Kəlbəcərdədirlər. Həlak olanları çıxarmaq heç cür mümkün deyildi. Çalışırdıq yaralılar düşmən əlində qalmasın.
Biz Kəlbəcər uğrunda döyüşlərdə 400 nəfərdən çox əsgər itirdik. Bu əsgərlər döyüşlərdə həlak ola biləcəklərini dərk edərək düşmən üzərinə hücuma keçirdilər. Bilirsiniz niyə? Çünki onlar qeyrətli xalqın övladları idilər. Arxada - Qamışlı körpüsü ilə mühasirədən çıxan bizim mülki insanlarımız - qocalarımız, körpələrimiz, cavan gəlinlərimiz gəlirdi. Onlar düşmən əlinə keçə bilərdi. Bu əsgərlər öz həyatları bahasına onların təxliyyəsinə şərait yaradırdı. Əgər blokadaya düşmüş mülki əhalimiz olmasaydı biz bu qədər itki verməzdik. Hətta Kəlbəcərin 3/1 hissəsini saxlaya da bilərdik. Murovun üst tərəfindən başlayaraq aşağı hissəsində olan Yanşağı, Çaplı- Çiçəkli yüksəkliyini, Qamışlı - Bağırlı yaşayış məntəqələrini saxlaya bilərdik. Biz dilemma qarşısında qalmışdıq: ya mülki əhalini öz ixtiyarına verib yüksəkliklərdə döyüşməliydik və yüksəkliyi saxlamalıydıq ya da əlverişsiz mövqələrdə müdafiəni saxlayaraq əhalini xilas etməliydik. Biz əhalini xilas etmək variantını seçdik.
Bir film var. Cənubi Koreya ilə Şimali Koreyanın müharibəsindən bəhs edir, deyəsən adı "28-ci paralel”dir. Orada da eynən bizim Qamışlı körpüsü kimi körpü var. Cənubluların ordusu geri çəkilərək körpünü adlayandan sonra komandirinə müavini deyir ki, nə edək arxamızca Şimallıların ordusu gəlir. Komandir deyir ki, körpünü partladın. Müavini qayıdır ki, biz körpünü partlatsaq mülkü əhalimiz o tayda – düşmən əlində qalacaq. Komandir deyir biz muharibə aparırıq. Biz hərbi hissənin döyüş qabiliyyətini saxlamalıyıq. Əsgərlərimi qorumalıyam. Körpünü partladın. Gələcək qələbə naminə körpünü partladırlar. Kəlbəcər və Laçın rayonunda mühasirədə birlikdə 60 min mülki əhali qalmışdı. Düşmən o əhalini ələ keçirsəydi, Xocalıdakı aqibəti yaşayacaqdı xalqımız. Bəşəriyyətin ikinci Holokostu baş verəcəkdi. Düşmən öz vəhşiliyini artıq Xocalıda göstərmişdi. Əgər dövlət rəhbərliyi təxliyyəni həyata keçirə bilməsəydi, Kəlbəcərin mülki əhalisi məcbur olub dağlarla Daşkəsən istiqamətinə getmək istəyəcəkdilər və o dağlarda coxları həlak olacaqdılar.
Təsəvvür edin ki, sonra biz bunu heç bir beynəlxalq qurumlara sübut edə bilməyəcəkdik. Axı düşmən işğal etdiyi, nəzarətində olan torpağa o şəxsləri- beynəlxalq qurumların nümayəndələrini və bizim müxbirləri daha buraxmayacaqdı. Bu bizim dövlət üçün də mənəvi cəhətdən çox ağır olardı. Dövlətin qüruru sınardı. 60 minlik mülki əhalimizin 10 mini də girov götürərək düşmən bizi ən ağır şərtlərlə müqaviləyə vadar edə bilərdi. Belə hadisələr dünya tarixində baş verməyib. Baş vermədi də. Qəhrəman azərbaycan əsgərlərinin və zabitlərinin qanı bahasına. Axırıncı döyüşdə Qamışlı körpüsünün uğrunda Ermənilər bizi dar mühasirəyə saldı. Düşmənlə 30-80 metrlik məsafədəydik. Bizi mikrafonlarla təslim olmağa dəvət edir, təslim olanların həyatlarını bağışlayacağını vəd edirdilər. Bizə saat 3-ə kimi vaxt verdilər…
- Siz mühasirəyə düşəndə saat neçə idi?
- 12 olardı, bəlkə də çox olardı. Bunun fərqində deyildik o zaman. Briqada tam olaraq Laçın rayonundan çıxa bilmədi. Martın 31- də 4-cü tabor 100 nəfərlə Qamışlı körpüsünün müdafiəsinə gəldi, bunlarla da 3 gün ərzində döyüşləri apardıq. 3 dəfə Çiçəkli yüksəkliyi əldən ələ keçdi. Döyüş zamanı hər on dəqiqədən bir kimsə yaralanır və ya həlak olurdu. Aprelin 2- də bizi tam mühasirəyə ala bildilər. Əsgərlərə bildirmirdim tam muhasirəyə düşməyimizi, ruhdan düşə bilərdilər. Deyirdim briqada yaxındadı, kömək gəlir. Bakıdan da kömək gələcək. Onların ultimatumuna fikir verməyin, sona qədər döyüşmək lazımdır. Saat 3-də döyüş başladı. Düşmən Çiçəkli yüksəkliyini ələ keçirdi. Biz yoldan enib çayı keçərək o biri sahilə çıxdıq. Yenidən işğal olunan Kəlbəcər istiqamətinə getdik. Amma bizim yolumuzu düşmən bağladı. Məcbur qalıb əmr verdim ki, hamı özünü çaya atsın. Çaya atılaraq axın ilə aşağı getməyə başladıq. Lev çayının ətrafında gedən döyüşdə məndən başqa iki nəfər əsgər Məlikov Məlik və gizir Rəimov Qalib döyüşdən sağ çıxdılar.
Aprelin 1-də general Dəlibaltayanın rəhbərliyi altında Ermənistandan hücuma keçən iki alay Kəlbəcərə daxil oldu. Düşmən artıq təxliyyəylə məşğul olan helikopterləri də vururdu.
- Bəs əsgərlər necə oldu?
- Mən respublikanı gəzib tədbirlər aparıb danışıram bunları. Bəzi görüşlərdə məndən soruşurlar bunu, necə oldu sağ qaldın? Mən o zaman çaya enmək əmri verəndə bir əsgər Məlikov Məliki qoymuşdum təyin etdiyim posta. Onun vəzifəsi çaya tökülüşən əsgərləri düşməndən mühafizə etmək idi. Şəkili buradadır… (stolun üzərində karandaşla çəkilmiş rəsmi göstərir)
- Bu əsgər həlak olub?
- Xeyr sağdı. Ona əmr vermişdim ki, biz çayı adlayandan sonra öz bildiyi kimi hərəkət etsin. Biz çayı adlayandan sonra güllə-boran olduq. Və yenə məcbur olub özümüzü çaya atdıq. Terrorist Monte (bu kadr Youtube-da var) çayın kənarında bizim əsgərlərin meyidləri arasında gəzərək, soruşur: bəs komandirləri hanı? Onun yanındakı cavab verir ki, komandirləri özünü çaya atıb. çay tərəfə baxırlar. Həmin an kamera da dönür çaya tərəf və deyir: onların komandiri bu çaydan çox güman ki daha cıxmaz. Güman ki, onlar əsir götürmüşdülər, ona görə mənim çaya atılmağımı bilirdilər …
Sutka yarım mən tək yol getdim. Yanşaq kəndində iki bərdəli əsgər mənə rast gəldi. Hərəkət edə bilmirdim. Sonra həmin əsgərlər atla məni Murova çıxarıblar. Mən o əsgərlərə haldan düşməmiş dedim ki, 3 saat dincələyin, sonra geriyə briqadanı axtarmağa qayıdaq. Onlar dedilər ki, bu mümkün deyil. 15 dəqiqədən sonra düşmən bura çatacaq. Briqadanın 5 taboru Ermənistandan gələn alaylar tərəfindən darmadağın olub. Bərdə taborunun komandiri sıravi Tahir Cəfərov həlak olub. Briqadanın kəşfiyyat rəisi düşmən əlinə keçməmək üçün özünü tərtər çayına atıb. Briqadanın qərargah rəisi Qamışlı körpüsünün yanında ağır yaralanıb. Komendant tağımının komandiri leytenant Yaqnaliyev, istehkam bölüyünün komandiri Nəzərov Paşa, 4-cu taborun komandiri baş leytenant Mahir Quliyev hətta aşpazlarımız da döyüşlərdə həlak oldu…
Biz sənədli bir film hazırlamışıq - adı "Əsrin Qəhramanlığı”dır. Azərbaycan tarixində Kəlbəcər döyüşləri bir qəhramanlıq salnaməsidir. Bu tarixdir. Azərbaycan Prezidenti Yanında Qeyri- Hökümət təşkilantlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bu döyüşlər haqqında 2 layihə reallaşıb.
- Qarabağda gedən döyüşlər bizim müxbirlərimiz tərəfindən də qeydə alınıb. Hətta çox ağrılı, millətin ruhunu bükəcək kadrlar var. Bu cür məqamlar bəzən tv-lərdə nümayiş olunur. Buna münasibətiniz necədir?
- O vaxt bizə qarşı çox ittihamlar səsləndi. O zamankı siyasi hakimiyyət duruş gətirə bilmədi. Xalqın israrlı çağırışı ilə Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə gəldi. Bu xalqı, dövləti məhv olmaqdan qoruyub saxlaya bildi. Ölkədə siyasi qüvvələri bir araya gətirərək mərkəzi hakimiyyət yaratdı. Və bu məsələlərə hüquqi aydınlıq gətirildi. Mən o vaxtkı dövlətimizin vəziyyətini təsəvvürlərdə belə cızardım: elə bil ki, insult almış insandır, beyin iflic olub, bədən üzvləri qeyri-ixtiyari hərəkət edir. Sanki özünü qoruma instinkti hakimdi bu bioloji varlığa.
Bilirsiniz, ordu vuran əldir, vahid diplomatiya isə düşünən beyindi. İndi bu gün ölkəmizdə bunun hər ikisi var. O vaxt ölkə rəhbərliyi hələ formalaşmamışdı, ordu bir mərkəzdən idarə oluna bilmirdi.
Düşünürəm ki, indiki məqamda əlimizdə olan bu cür kadrları nümayiş etdirmək məsləhətə uyğun deyil. Bu millətin ruhunu sındırır. Əlbəttə ki, onlar tarixdi, onları qorumaq lazımdır. Məhdud bir çevrədə mütəxəsislərlə həmin kadrlara baxıb tədqiqatlar aparmaq, analizlər vermək, nəticələr çıxarmaq olar. O kadrların ictimaiyyətin baxışına verilməsi bizim bir – birimizə olan inamımızı, Qələbəyə olan inamımızı zəyiflədə bilər. Tarixə nəzər salaq. Fransız ordusu irəli gedəndə çox qürurlu idi, ancaq Rusiyanın soyuğuna tab gətirməyib geri çəkiləndə sınıq-salxaq idi. Fransız ordusu rus ordusuna məğlub olmamışdı. Ruslar partizan taktikasıyla fransızların geri çəkilməsini sürətləndirdi. Əsirlər götürürdülər. Ruslar o vaxt fransızların geri çəkilməyi haqqında milyonlarla pul xərcləyib filmlər çəkirdi. Hətta o filməri fransız dilinə tərcümə edib onlara göstərirdi.
Əlbəttə ki, məqsəd frasızların milli ruhunu tamam sındırmaq- silahlı qüvvələrini gözdən salmaq idi. Bizim televiziyalarda –Aztv-də, İctimai tv-də, ANS-də və eləcə də digər tv-lərimizdə müharibə dövrünə aid çoxlu filmlərimiz var. ANS çox yüksək səviyyədə çalışır ki, bizim qəhramanlıqlarımızı xalqa catdırsın. Hətta Kəlbəcər döyüşlərindən də ANS-in aparıcısı Rahib Qərib tərəfindən çəkilmiş 45 dəqiqəlik süjet var. Qarabağda döyüşənlər günahkar deyil.
Sözləri və ideyası Ə. Qənizadəyə maxsus "Briqada irəli" hərbi klipi
701 saylı briqadanı nə qədər vəsf etsəm də, bu onların qəhramanlıqlarının kölgəsində qalacaq. Geri çəkilən ordunu ittiham etmək olmaz. Ordumuz dünən geri çəkilibsə sabah irəli gedəcək!
- Bəlkə də düzgün deyil, amma bu sualı verməyə bilmirəm. İndiki ordumuzu necə qiymətləndirirsiniz?
- Döyüş ruhu bizim əsgərlərimizdə çox yüksəkdir. Necə Qarabağ savaşındakı əsgərlərdə var idi, indi də elədir. Mənəvi və fiziki cəhətdən sağlam ordumuz var. Döyüşçülərimizin ruhu 1918-ci illərdə, 1941-45-ci illərdə, 1992-ci illərdə necə yüksək olub, indi də elədir. Ancaq bir məqam da var. Ordu dövlətdən qaynaqlanır. Dövlətin başında duran rəhbərdən qaynaqlanır. Sizə deyim ki, biz artıq atəşkəs rejimindən bəhrələnə bilmişik. Ordumuz tam formalaşa bilib. Bizim ordumuz Qafqazdakı ordular ilə müqayisə olunmayacaq qədər yüksəkdir, peşəkardır. Ordumuz Ali Baş Komandanın daim diqqətindədir. Ən vacib olan isə ölkədə siyasi hakimiyyətin monolitliyidir. İctimai-siyasi vəziyyət tam nəzarətdədir. Dövlətin iqtisadi gücü yüksəkdir. Peşəkar diplomatiyamız var. Dövlətin ali təbəqəsində ləyaqətli, savadlı, peşəkar insanlar var.
Bizim isğalçı Ermənistanla bu gün də iqtisadi və siyasi savaşımız gedir və çox sevindiricidir ki, onlar məğlub durumdadırlar. Bu gün dövlətimizə heç bir siyasi qüvvə təsir edə bilmir. Bütün bu iqtisadi- diplomatik uğurlardan ilhamlanaraq biz hərbcilər daim hazır olmalıyıq Qələbəyə. Və hazırıq da. Bütün silahlı qüvvələrimiz baş komandanın əmrinə bənddir ki, işğal olunmuş torpaqlarımızı tez bir zamanda azad etsin. Bizim bayrağımız daim yüksəklərdə olacaq. Biz çox tolerant xalqıq. Heç vaxt düşmənimizə qarşı vəhşi üsullardan istifadə etməmişik. Heç bir zaman qarşı tərəfin mülki əhalisinə divan tutmamışıq. Bunu düşmənlərimiz də bilir. Torpaqlarımızın azad olunacağına əminəm!
- Cənab polkovnik müasir gəncliyə nə məsləhətləriniz var?
- Gəncliyə demək istəyirəm Azərbaycanın gələcəyi onların üzərindədir. Onlar daim çalışıb dövlətimizin şərəfini uca tutmalıdırlar. Savadlı olsunlar, fiziki hazırlıqlarına önəm versinlər. Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin üzvləri gənclərlə mütəmadi işləyir. 3 layihə təklifi hazırda bizim təşkilatın gənc üzvləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fonduna müsabiqəyə verilib. Ümid edirəm ki, bu layihələr müsabiqədə qalib olanların sırasında olacaq.
- Əfqanıstanda sizinlə birgə xidmət edən zabit yoldaşınız- Ruslan Auşev sonradan İnquşetiyanın prezidenti oldu. Münasibətləriniz davam edirmi?
- Ruslan Auşevlə münasibətim yüksək səviyyədədir. O indi Əfqanıstan veteranları birliyinin fəxri üzvüdür. Azərbaycanda Əfqanıstan Veteranları İctimai Birliyinə Məhəmməd Vəliyev rəhbərlik edir. Mən də bu birliyin üzvüyəm. Ruslan Auşev hərdən Bakıya gəlir. Azərbaycana gələndə onunla görüşürəm. Aramızda səmimi hörmətimiz var. Ruslan Auşev bu gün də mənə "leytenant” deyir. Bizim heç vaxt unudulmayacaq xatirələrimiz, zarafatlarımız və isti münasibətlərimiz var.
Qlobal.az
Mübariz Məmmədov