SON XƏBƏR

Politoloq: “Konstitusiyanı dini kitablarla müqayisə etmək olmaz, lakin...”

Noyabr 12
14:23 2019
Politoloq Qabil Hüseynli Qaynarinfo-ya Azərbaycanın Konstitusiya günü barədə danışıb. 

- Qabil bəy, bu gün Azərbaycanda  Konstitusiya günüdür. Konstitusiya olmasaydı, nə baş verərdi? Dövlətimiz, ölkəmiz necə olardı?

- Konstitusiya ölkənin ali qanunvericiliyi, əsas qanunudur. Müstəqilliyi əldə etmiş olan dövlətin konstitusiyası olmalıdır. Çünki konstitusiya yerdə qalan qanunvericilik aktlarının hazırlanması üçün bir növ mayak rolunu oynayır. Yəni bütün qanunlar konstitusiyaya uyğun şəkildə işlənib, hazırlanıb. Suverenlik əldə etdikdən sonra Azərbaycan köhnə dövlət dövründə qəbul olunmuş konstitusiyadan istifadə edə bilməzdi. Ona görə də yeni konstitusiya hazırlandı. Həm də konstitusiyamız dünya standartları səviyyəsində hazırlanmalı idi. O da edildi və mükəmməl, dünyanın qabaqcıl konstitusiyaları ilə eyni səviyyədə ola bilən bir konstitusiya hazırlandı. 

- Konstitusiya dövlətin ərazisində ən yüksək hüquqi qüvvəyə malik xüsusi hüquqi sənəd, ali qanundur. Konstitusiyaya cəmiyyətin müqəddəs kitabı kimi baxmaq olarmı?  

- Konstitusiya  - əsas qanundur, qanunların şahıdır. Müqəddəsliyi o mənada axtarmaq lazımdır ki, onun ideologiyaları ayrı-ayrı qanunlarda təcəssüm edir və eyni zamanda insan hüquqları normalarının həyata keçirilməsində müəyyən problemlər yarananda, insanlar məhkəmədə buna nail olmadıqda, Konstitusiya Məhkəməsinə müraciət edirlər. Onu dini müqəddəsliklə müqayisə etmək olmaz, sadəcə olaraq cəmiyyətdə normal idarəçiliyin, qayda-qanunun, nizam-intizamın bərqərar edilməsində önəmli rolu olur. 

- Konstitusiya, dövlət və cəmiyyətin strateji inkişaf məqsədlərinin, arzuolunan, hədəflənən gələcək modelini müəyyən edir. Mövcud Konstitusiyamız bu model üçün nə dərəcədə uyğundur?  

- Birmənalı sürətdə deyə bilmərəm ki, bizim konstitusiyamız son hədəflərimiz üçün də tam cavab verəcək mükəmməliyə malikdir, amma ən azından bunu deyə bilərəm: keçid dövrü - sosializm quruluşundan yeni bazar iqtisadiyyatı cəmiyyətinə keçid üçün bütün suallara cavab verə bilən bir konstitusiyamız var.

- Konstitusiyanın ideoloji potensialı haqda nə deyə bilərsiniz? 

- Yüksək fikirdəyəm. Konstitusiya cəmiyyətdə insanlar tərəfindən etirazla qarşılanardı. Əgər bu gün cəmiyyət onu qəbul edirsə, demək ki, onun ideya potensialı yüksəkdir. Çünki Avropa standartlarına uyğun hazırlanıb. 

- Konstitusiyada təsbit edilən haqların qorunması proseslərinin güclənməsi, yaxşılaşması üçün nələr etmək, hansı islahatları keçirmək lazımdır? Burada hakimiyyətin üzərinə hansı vəzifələr düşür?
- Hakimiyyətin üzərində çox vəzifələr düşür. Bu haqda insan hüquqları və vəzifələri bölməsində xüsusilə göstərilmişdir. Bu nöqteyi-nəzərdən dövlət insan haqlarını qoruyan qurumların, insan haqları ilə bağlı məsələləri realizə edən cəmiyyətlərin yaradılmasına, eləcə də insan haqlarının, insan azadlıqlarının istər iqtisadi, istər siyasi sahədə olsun, təmin edilməsinə kömək etməlidir. Xüsusilə məhkəmə-hüquq sistemində islahatlar həyata keçirilməlidir ki, birbaşa konstitusiyada təsbit edilən haqların qorunması prosesləri güclənsin.  

- Konstitusiyanın orta məktəblərdə hansısa formada tədris olunmasına necə baxırsınız?

- Məncə, bu, çox vacibdir. Konstitusiya hüququ və yaxud da konstitusiya haqqında orta məktəb şagirdlərinin ibtidai formada da olsa, təsəvvürləri olmalıdır. Ona görə də konstitusiya hüququ dərsinin keçirilməsi insanların həm öz hüquqlarını bilməsi, həm həmin hüquqlara əməl edilməsi, həm də gələcək cəmiyyət quruluşu haqqında təsəvvürlərinin yaranması baxımından prinsipial əhəmiyyətə malikdir. 
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook