Politoloq: “Konkret nəticələrin əldə olunacağı inandırıcı görünmür” AÇIQLAMA
Noyabr 29
10:34
2015
"Ermənistan atəşkəsi pozmaqda və beynəlxalq normalara riayət etməməkdə davam edir. Azərbaycan rəhbərliyi erməni təcavüzünü sərt bəyanatlarla tənqid edir və hətta lazım gəlsə güc nümayiş etdiriləcəyini söyləyir. Belə bir şəraitdə Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 1-də baş tutacaq görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret nəticələrin əldə olunacağı inandırıcı görünmür”.
Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev deyib.
Politoloq bildirib ki, Ermənistan münqaişənin həllində status-kvonu saxlamağa çalışır:
"Düşünürəm ki, belə şəraitdə nəzərdə tutulan görüş münaqişənin həlli üçün əhəmiyyətli rol oynamır. Rusiya bu görüşün ABŞ tərəfindən təşkil ediləcəyinə qısqanclıqla yanaşır. Yəqin ki, Rusiya bu görüşün baş tutmamasına çalışacaq. Regional güclər arasında geosiyasi savaşın pik səviyyədə olduğu şəraitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çətinləşəcək. Rusiya bundan əvvəl də müsbət istiqamətdə addımlar atmırdı. Ən qorxulusu odur ki, Suriyadan olan ermənilərin işğal olunmuş ərazilərdə yerləşdirilməsi davam edə bilərlər. Bundan başqa, Dağlıq Qarabağ ərazisinə silahlı qüvvələr gətirə və ya orada olan hərbçilərini leqallaşdıra bilərlər”.
A.Nağıyev söyləyib ki, Türkiyə Azərbaycanı beynəlxalq arenalarda daima dəstəkləyib və münaqişəyə görə ermənilərlə sərhəddini açmayıb: "Təbii ki, Ermənistan ərazisindəki 102 saylı Rusiya bazasına NATO-Rusiya sərhəddini daha da bərkitmək adı altında yeni silah və sursat, eyni zamanda canlı qüvvə yığacaq. Bu da ermənilərin xeyrinədir. Məhz belə bir vəziyyətdə münaqişənin həlli geosiyasi vəziyyətdən asılı olaraq çətinləşəcək və hətta gərginlik də arta bilər”.



