SON XƏBƏR

Polis rəisi “Gelandewagen”ində klip çəkdirdi: “Kimdir şəhərdə nömrə 1?” – FOTOLAR, VİDEO

Sentyabr 10
08:15 2016
Orxan Mansuzadə: "Materialları araşdırandan sonra, məqsədəuyğun bilinsə, DİN buna münasibət bildirəcək”
 
Nadir Əzməmmədov: "Mən də Maykl Ceksonla dost olmuşam, sən bunu bilirdin?”
 
Məhərrəm Məmmədov: "Mən metropolitendə 1-ci müavin olanda Tağı Əhmədov tunellərə boyaq vururdu”

Bakıda bir polis rəisi öz maşının nömrəsinə rep yazdırıb və hətta maşınında klip çəkdirərək, özünün "İnstagram” profilində paylaşıb. Əldə etdiyimiz məlumata görə, söhbət "İsntagram” sosial şəbəkəsində "Nadooo_007” adlı profilin sahibi, eyni zamanda "Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Yük Stansiyasındakı Polis Məntəqəsinin rəisi Nadir Məhərrəm oğlu Məmmədovdan gedir. Verilən başqa bir məlumata görə, bu yaxınlarda Amil Adiloğlu adlı rejissor Bakı Yük Stansiyasında film çəkib və çəkilişlər zamanı Nadir Məmmədova məxsus "Gelandewagen” markalı avtomobil də lentə alınıb.
 
 

N.Məmmədovun "İnstagram” profilinə baxarkən, özünün avtomobiliylə birgə çəkdirdiyi bir neçə qısa videoçarxlarla da üzləşdik. "Yeraz balası” sözləri əks olunan videoçarxlardan başa düşmək olur ki, bu gənc polis rəisi əslən Qərbi Azərbaycandandır. Ona sözümüz yoxdur…

Amma daha çox diqqətimizi ""Kimdir şəhərdə nömrə 1? 10 RC 007” sözləri olan rep parçası səsləndirilmiş videoçarx çəkdi. Nadir Məmmədovun "birinci” olmaq həvəsi, necə deyərlər, bizi heyran etdi.
 
Araşdırma zamanı onu da öyrəndik ki, Nadir Məmmədovun atası Məhərrəm Məmmədov "Azərbaycan Dəmir Yolları” QSC-nin Qaradağ Dəmiryol Stansiyasının rəisidir. Və  verilən məlumata görə, M.Məmmədovun özünün vəzifədə irəliləməsində, eləcə də oğlunun DİN-in Nəqliyyatda Baş Polis İdarəsinə tabe olan polis məntəqəsinə rəis düzəlməsində vasitəli olaraq QSC sədri Cavid Qurbanovun dəstəyi olub.

Ölkə mətbuatında araşdırma zamanı, onu da öyrəndik ki, Məhərrəm Məmmədov vaxtilə Bakı Metropolitenində rəis müavini olub, Tağı Əhmədov rəis vəzifəsinə təyin olunduqdan sonra isə Metropolitendən uzaqlaşaraq, dəmiryol sisteminə transfer olunub.
 
 

Məsələdə adı keçən Nadir Məmmədovla əlaqə saxladıq. Nadir Məmmədov Bakı Yük Stansiyasının Polis Məntəqəsində rəis olduğunu, Amil Adiloğlunun məntəqədə "kino çəkdiyini”, hətta çəkilişlərdə ona məxsus "Gelandewagen”in də çəkildiyini təsdiqlədi.

"Nolub ki, problem var?”, – deyə N.Məmmədov jurnalistdən soruşdu. "Problem yoxdur, sadəcə məlumat maraqlı gəldi. Sizin videolara da baxdıq. 10-RC-007 "Gelandewagen”… Maraqlı gəldi ki, məntəqə rəisi 300 minlik avtomobil sürür”, – deyə qeyd etdi. "Sənə nə maraqlı gəlir?.. Birincisi, get maraqlan, gör 2005-in maşını neçəyədir… Mən bilirəm də, siz jurnalistlərin dərdi nədir. Cürbəcür şayiələr yayırsınız”, – deyə məntəqə rəisi əsəbiləşdi. "Bizə məlumat daxil olub və özünüzlə dəqiqləşdirmək istədik. Jurnalistin dərdi nədir?”, – deyə maraqlandıq.

"Mən bilirəm, siz jurnalistlərin dərdi nədir. Sənin nə səlahiyyətin var, mənə xidmət vaxtı zəng edirsən? Axşam 8-dən sonra zəng edərsən”, – deyə Nadir Məmmədov dəstəyi asdı. Biz daha sonra Məhərrəm Məmmədovla danışdıq.
 
  

"Gəl, görüşək, söhbət edək. Lazım deyil belə.. Götürüb uşağa zəng etmisiniz. Cavan uşaqdır, məzuniyyətdə nəsə edib, klip çəkdirib, saqqal buraxıb… Buna görə, uşağın karyerasını vuraq dağıdaq, onda nə oldu? Biz 1988-ci ildə İrəvandan qaçqın gəlmişik. Bala, qaçqınçılıq çox ağırdır. İdmançı uşaqdır, dərəcələri var, akademiyanı bitirib karyera qurur… Hər zaman təriflər eşidirəm onun haqqında. Özünün "çeşka”sı var idi, satıb 2003-cü ilin maşınını alıb, yığdırıb”, – deyə M.Məmmədov bildirdi. "Amma Nadir müəllim dedi ki, 2005-ci ilin maşınıdır”, – deyə qeyd etdik.

"Yox, 2003-dür, texniki pasportunda var. Lazım deyil belə şeylər, hər sözü yazmayın. Mən özüm gündəmdə olan adamam, Prezident Kitabxanasına nəzər salın, nə qədər kitablar müəllifiyəm. Özüm Yerevan Metropolitenində də rəis müavini işləmişəm. Mən metropolitendə 1-ci müavin olanda Tağı Əhmədov tunellərə boyaq vururdu”, – deyə M.Məmmədov əlavə etdi.

Biz Nadir Məmmədovun tabe olduğu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə ilə də əlaqə saxladıq və soruşduq ki, Bakı Yük Stansiyasında polis məntəqəsinin rəisi təxminən nə qədər maaş alır? O.Mansurzadə bu suala dəqiq cavab verə bilməyəcəyini dedi. Ondan sonra biz Nadir Məmmədovla bağlı məsələni izah etdik.

"Əgər özüylə danışmısınızsa, əlinizdə materiallar varsa, dərc etmək hüququnuz var. Buna münasibət bildirmək isə başqa məsələdir. Materiallar dərc olunduqdan sonra, araşdırılar və məqsədəuyğun bilinsə, nazirlik buna münasibət bildirər”, – deyə O.Mansurzadə cavab verdi.


"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovdan isə öyrənməyə çalışdıq ki, Məhərrəm Məmmədovun maaşı nə qədərdir, lakin yenə də sualımız cavabsız qaldı. Ona da məsələni danışdıqda, N.Əzməmmədov belə cavab verdi: "Polis məntəqəsi DİN-ə tabedir. Məhərrəm Məmmədovun özündən soruşmadınız ki, bu qədər pul səndə hardandır?”

"Soruşmaq istədik, amma Məhərrəm Məmmədov 1988-ci ildə İrəvandan qaçqın gəlməsindən danışdı. Açığı, suallarımıza aydın cavab ala bilmədik. Amma redaksiyamıza daxil olan başqa məlumatda bildirilir ki, M.Məmmədovun dəmiryolu sisteminə gəlməsində və irəliləməsində Cavid Qurbanovun dəstəyi olub, onların arasında dostluq münasibtləri varmı?”, – deyə soruşduq.
 
 

"Cavid Qurbanov əvvəl dəmiryol sistemində işləməyib, Məhərrəm Məmmədov isə uzun illərdir dəmiryolundadır”, – deyə N.Əzməmmədov cavab verdi. "Aralarında dostluq münasibətləri varmı?”, – deyə sualımızı təkrarladıq. "Mən də Maykl Ceksonla dost olmuşam, sən bunu bilirdin?” – deyə N.Əzməmmədov suala sualla cavab verdi. Biz rəhmətlik Maykl Ceksonun dostu Nadir Əzməmmədovla sağollaşaraq, məsələ barədə fikir bildirməyi ictimaiyyətin öhdəsinə buraxmağa qərar verdik.

Sözardı: Yazı sayta gedərkən öyrəndik ki, "İnstagram”dakı "nadooo_007” profili artıq deaktiv olunub. Həmin profildən "skrinşot”ları oxuculara təqdim edirik.(qafqaznews.az)
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook