SON XƏBƏR

Peşəmizin nüfuzuna xələl gətirən ünsürlərə qarşı bir olmağa çalışmalıyıq” - Rəşad Məcid

İyul 20
14:08 2023
"Biz peşəmizin nüfuzuna xələl gətirən ünsürlərə qarşı bir olmağa çalışmalıyıq”.

Bunu Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şuranın və Mətbuat Şurasının Milli Mətbuatın 148 illiyinə həsr olunan "Media qlobal transformasiyalar dövründə: Ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfransda deyib.

Tədbirin rəsmi açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mətbuat Şurasının sədri Rəşad Məcid açılış nitqi ilə çıxış edib. O bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatına hər zaman böyük diqqət və qayğı göstərilib:

"Ulu öndərin mətbuata verdiyi dəyərin hər zaman şahidi olmuşuq. Azərbaycanda 100 ildən artıq davam edən senzura ləğv edilib. Dəfələrlə ümummilli liderlə jurnalistlərin görüşləri keçirilib. Bu ənənə Prezident İlham Əliyevin də dövründə davam etdirilib. Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət hər birimizin həyatında böyük rol oynayır. Keçən il Mətbuat Gününü Şuşada qeyd etdik. Bu il də Şuşada böyük konfrans keçiriləcək. Bu da dövlətimizin jurnalistikaya verdiyi dəyərin bariz nümunəsidir. Biz çalışmalıyıq ki, peşəmizin nüfuzuna xələl gətirən ünsürlərə qarşı bir olaq”.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə qeyd edib ki, 19-cu əsrdə "Əkinçi”nin çapı ilə möhkəm təməllər üzərində bünövrəsi qoyulan Azərbaycan mətbuatı 21-ci əsrdə də öz missiyasını uğurla davam etdirir:

"Bu missiya ilk növbədə maarifçilikdir, vətənpərvərlikdir. Azərbaycan dilinin saflığı və təmizliyini qoruyan, söz və ifadə azadlığı, təhsil və maarifləndirmə, qadın azadlığı ideyasını təbliğ edən, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edən mətbuatımızın əsas məsələsi milli kimliyimizin qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsi olub”.

Onun sözlərinə görə, Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra, zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün də yeni dövr başlayıb:

"Mediamızın bu dövrü məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də bu gün mediaya doğma münasibət bəsləyir. Məhz dövlət başçısı İlham Əliyevin diqqəti nəticəsində mediaya dəstək sistem halına gəlib. Media sahəsində aparılan bütün islahatların kökündə dayanan amil isə budur - dövlətə və dövlətçiliyə xidmət, medianın inkişafına nail olmaq. Bu gün peşə bayramını iş başında keçirən jurnalistlər həm cəmiyyəti informasiya ilə təmin edirlər, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayırlar. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə media işçilərinin üzərinə daha böyük məsuliyyət düşür. Qloballaşan dünyada qlobal təhdidlərə qarşı çıxmaq, texnoloji inkişafın verdiyi bütün imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyada səsləndirmək vacibdir. Düşünürəm ki, bu missiyanın öhdəsindən jurnalistlərimiz, media nümayəndələrimiz fəxrlə və böyük məsuliyyətlə gələcəklər”.

MEDİA-nın şöbə müdiri Natiq Məmmədli "Media haqqında" qanunun qəbulundan sonra görülən işlərdən danışıb. O bildirib ki, mediada islahatların başlanılması medianın inkişafının dövlətimiz üçün nə qədər prioritet olduğunu göstərir:

"Media haqqında” qanun qüvvəyə mindikdən sonra ipoteka ilə bağlı qanun dəyişdi. Keçən ilin oktyabrından Media Reyestri fəaliyyətə başlayıb. Azərbaycanın bütün ciddi media subyektləri məlumatlarını Media Reyestrinə bəyan ediblər. Bu proses artıq yekunlaşıb. Media sahəsində islahatların əsas məqsədi bu sahənin inkişafına nail olmaqdır. Sözügedən proses davamlı xarakter daşıyacaq. Media sahəsində islahatlar yeni imkanlar və yeni fürsətlər deməkdir. Qeyri-peşəkarlığın qarşısının alınması üçün bir şansımız var. Bu da media əxlaqıdır”.

"Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov "Azərbaycanın milli mətbuatı: ənənə və müasir trendlər” mövzusunda keçirilən paneldə ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğısından bəhs edib:

"Ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkəmizdə media sahəsində qanunvericilik yaradıldı, senzura ləğv edildi. Heydər Əliyev hər zaman xalqın sevgisinə arxalanırdı. Biz bu gün də Heydər Əliyevdən Vətəni, peşəmizi sevməyi öyrənirik. Bu gün də Prezident İlham Əliyev tərəfindən ölkə mətbuatının inkişafına böyük diqqət göstərilir”.

Toplantı panel müzakirələri ilə davam etdirilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook