SON XƏBƏR

Payız aylarında yoluxma halları arta bilər - Baş infeksionist

Avqust 09
11:44 2021
"Məlum olduğu kimi, soyuq aylarda respirator virus infeksiyalarına yoluxma hallarında artım qeydə alınır. Buna da infeksiyanın fəsilliyi deyilir. COVID-19 infeksiyasının fəsilliyi haqqında danışmaq hələ tezdir. Çünki pandemiyanın başlanmasından cəmi bir il yarım keçib”.

HİT.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, bunu zaman göstərəcək ki, həmin infeksiya həqiqətən fəsillik xarakterlidir yoxsa yox. Lakin hər halda soyuq aylarda insanların həyat tərzində dəyişiklik müşahidə edilir. 

"Yəni onlar daha çox qapalı məkanlara üz tuturlar və təmaslar sıx olur. Nəticədə yoluxma şansı daha çox artır. Buna görə də payız aylarında yoluxma hallarının artımını proqnozlaşdıra bilərik. 

Lakin nəzərə almaq lazımdır ki, burada əngəlləyici faktor vaksinasiya prosesidir. Əgər əhalinin vaksinasiyası yetərli sayda olsa, müəyyən qədər artımın qarşısı alına bilər. Nəticədə koronavirusa yoluxma halları ötən ilin noyabr-dekabr aylarında qeydə alınan saylar qədər olmaz. Yoluxma o həddə çatarsa belə peyvəndləmənin hesabına xəstəxanalara yerləşdirilənlərin, ağır halların və ölümün sayı az olar.

Hazırda yoluxma sayının artımı əsas deyil. Burada əsas olan hospitalizasiya olunanların, xəstəliyi ağır keçirənlərin və letal halların sayıdır. Vaksinasiyanın əhatə dairəsi artdıqca həmin göstəricilərdə də dəyişiklik olacaq. Ona görə də vaksinasiyada aktiv iştiraka çalışmalıyıq. 

Daha yoluxucu ştamları nəzərə alsaq, epidemioloji zənciri qırmaq üçün əhalinin təxminən 70-80 faizində immunitet olmalıdır. Ölkəmizdə COVID-19-la xəstələnənlərin sayı çoxluq təşkil etmir. Belə ki, koronavirusa yolxunların sayı 352 minə yaxındır. Bir doza vaksin alanların sayı isə 3 milyonu ötüb. Gün ərzində təxminən 60 min nəfər peyvənd olunur. Bu da o deməkdir ki, iki aydan sonra ölkəmizdə kifayət qədər insan vaksinasiyadan keçmiş olacaq. 

Təbii ki, bunlar hamısı son nəticədə öz sözünü deməlidir. Yəni, yoluxma hallarının sayında, xəstəxanaların doluluğunda, ağır halların və ölüm faizlərinin azalmasında öz effektini göstərməlidir”. 
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook