SON XƏBƏR

Parlament referendumdan sonra buraxıla bilər?

Sentyabr 06
10:13 2016
Parlament referendumdan sonra buraxıla bilər-ekspertlər nə deyir?

Növbədənkənar seçkilərin olacağı xəbərləri intensivləşir 

26 sentyabrda keçiriləcək konstitusiyaya dəyişikliklər edilməsi haqqında referendum bitəndən az sonra Milli Məclisin buraxılması ilə bağlı qərar veriləcək. Yeniləşən konstitusiya bu səlahiyyəti prezidentə verəcək. Bu barədə istiqlal.az hakimiyyətdəki mənbələrə istinadən xəbər yayıb. 

Mənbənin məlumatına görə, konstitusiya dəyişiklikləri parlament seçkilərinin ertələnməsini zəruri edir: "Daha doğrusu, referendumdan sonra parlament fərqli səlahiyyətlərə sahib olacaq. Ancaq fərqli səlahiyyətləri indiki parlamentə tətbiq etmək konstitusiyaya ziddir. Çünki indiki parlament hazırda qüvvədə olan konstitusiyaya uyğun formalaşıb. Ona görə də referendumdan az sonra hakimiyyətin qanunverici qolunu yeni konstitusiyaya uyğunlaşdırmaq üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Hətta böyük ehtimalla yeni parlamentin səlahiyyət müddəti 5 il yox, 4 il müəyyən ediləcək.

Mənbənin iddiasına görə, yeni parlament seçkisinin keçirilməsinin siyasi səbəbləri də var: "Təxmini hesablamalara görə, Milli Məclisin 125 deputatının 40-a yaxını bu və ya başqa formada Gülən camaatı ilə bağlıdır”. 

Azərbaycanın müxalifət düşərgəsində və hakim partiyada isə yeni parlament seçkilərinin keçiriləcəyi barədə iddialara fərqli münasibətlər var. Bəziləri bunun gözlənilən olduğunu, bəziləri isə inandırıcı olmadığını düşünürlər.

AXP sədri Pənah Hüseyn isə "Yeni Müsavat”a bildirdi ki, növbədənkənar seçkilərin keçiriləcəyi barədə deyilənlər ehtimallardır: "Növbədənkənar parlament seçkilərinin olacağı barədə heç kim indiyə qədər konkret birmənalı fikir söyləməyib. Ehtimal olaraq fikirlər ifadə olunub. Belə ehtimallar kimin nə deməsindən asılı olmayaraq yenə də qalır. Növbədənkənar seçkilərin olub-olmayacağını isə referendumdan bir az sonra dəqiq biləcəyik. İndidən kimsə deyirsə ki, olacaq, kimsə deyirsə ki, olmayacaq, bu fikirlərin özü də fərziyədir”. 

VİP sədri Əli Əliyev isə bildirdi ki, növbədənkənar seçkilər keçirilməyə bilər:"Konstitusiyaya edilən dəyişikliklər hakimiyyətin idarəçiliyə münasibətini ortaya qoyur. Referendum müddəalarının hər biri iqtidarı qoruyub saxlamağa, onu sürəkli etməyə yönəlib. Elə isə yeni seçkilərin nə aktuallığı qalır. Əgər növbədənkənar seçkilər keçirilərsə, təbii ki, oraya da qatılmaq vəzifələrimizdəndir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, parlamentin yenidən seçilmə ehtimalı  nəzəri baxımdan mümkündür. Amma bu təbii ki, referendumdan sonra və prezident seçkiləri keçirilərsə, ondan sonra dünyada baş verən hadisələr və onun Azərbaycana təsirinin  necə olacağından qaynaqlana bilər: "Birmənalı surətdə ”keçirilməyəcək" demək bu gün yanlışdır. Təcrübə göstərir ki, keçirilə bilər. Amma birmənalı surətdə "keçiriləcək” demək də yanlış olardı".

KXCP sədri Mirmahmud Mirəlioğlu isə qeyd etdi ki, referendumdan bir müddət sonra növbədənkənar parlament seçkiləri təyin edilə bilər: "Bu, sırf hakimiyyətin istəyindən asılıdır. İstəkləri olsa növbədənkənar parlament seçkiləri, hətta prezident seçkiləri təyin edə və istədikləri şəkildə də keçirə bilərlər. Konstitusiyaya dəyişikliklər qüvvəyə minəndən sonra yeni dəyişikliklər işləməyə başlayacaq. Gözləniləndir ki, yeni parlament seçkiləri təyin edilə bilər. Amma bu da məlumdur ki, hakimiyyətin fəaliyyətini proqnozlaşdırmaq mümkün deyil”.

Xatırladaq ki, iki həftə öncə referendumdan sonra növbədənkənar parlament seçkilərinin olacağı barədə yayılan xəbərlərə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Yeni Müsavat”a müsahibəsində "xülyadır” deyə cavab vermişdi. YAP rəsmisi qeyd etmişdi ki, növbədənkənar seçkilərin keçirilməsi konstitusiyada əvvəl də var idi, indi də var. Seçkilər isə azad və demokratik şəkildə keçirilib: "Növbədənkənar seçkilərlə bağlı deyilənlərsə kimlərisə şirnikləndirmək üçün ortaya atılan xülyadır. Prezident də seçilib, parlament də və onların öz müddəti var, bu müddət də başa çatmalıdır”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook