Parisdə azərbaycanlı uşaqlar üçün Novruz şənliyi təşkil edilib
Mart 22
12:06
2016
Parisdə fəaliyyət göstərən "Azərbaycan Evi”nin təşkilatçılığı və bu ölkədəki səfirliyimizin dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan Azərbaycan dili dərsləri çərçivəsində Fransa paytaxtı və onun ətraf qəsəbələrində yaşayan azərbaycanlı uşaqlar üçün Novruz şənliyi keçirilib.
Qlobal.az Azərtac-a istinadən xəbər verir ki, "Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva uşaqları və onların valideynlərini salamlayıb, onları Novruz bayramı münasibəti ilə təbrik edib.
Sonra xalqımızın qədim tarixini, milli adət-ənənələrimizi əks etdirən atributlarla bəzədilmiş zalda Mehri Quliyeva və Jalə Babayevanın rəhbərliyi ilə uşaqların hazırladıqları bayram səhnələri təqdim olunub.
Milli geyimdə olan uşaqlar Novruza dair şerlər söyləyib, milli rəqslər nümayiş etdirib, Novruz ənənələrinə uyğun olaraq yumurta döyüşdürüb, papaq atıblar. Müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram süfrəsi ətrafında uşaqların təqdimatı şənlik iştirakçılarında xoş ovqat yaradıb.
Milli bayramlarımızı təşkil etməkdə məqsəd doğma ölkəmizdən uzaqlarda yaşayan azərbaycanlı uşaqlara milli mənsubiyyətlərini, adət-ənənələrimizi, tariximizi unutmamağa yardım etməkdir.
Şənliyin sonunda iştirakçılar bayram süfrəsinə dəvət olunublar.
Qlobal.az