“Parabank”ın verdiyi kreditlərin 16%-dən çoxu “batıb”
Yanvar 27
12:19
2016
"Parabank” ASC-nin aktivlərinin həcmi 2015-ci ilin IV rübündə 190,705 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,42% çoxdur.
Bankdan verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 29,20% artaraq 190,705 mln. manat olub.
2016-cı ilin yanvar ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 54,267 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin eyni dövrünə olan göstəriciyə nisbətən 57,6% çoxdur.
Bankın kredit portfelinin strukturunda ödəmə vaxtı keçmiş kreditlərin həcmi hesabat dövrü ərzində 3,33 dəfə artaraq 31,135 mln. manata çatıb. Bu məbləğ 190,705 mln. manat kredit portfelinin 16,3%-nə bərabərdir.
Bankın depozit portfeli hesabat dövrü ərzində 46,99% artaraq 100,954 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 98,533 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 49,73% çoxdur.
İLİ ZƏRƏR İLƏ BAŞA VURUB, MƏCMU KAPİTALI AZALIB
Bir il ərzində bankın məcmu kapitalı 2,4% azalaraq 51,329 mln. manata düşdüyü halda, nizamnamə kapitalı 6,34% artaraq 38 mln. 887 min manat təşkil edib.
2014-cü il ilə müqayisədə 2015-ci ildə bankın gəlirləri 2,44% azalaraq 32,534 mln. manat, xərcləri isə 9,27% azalaraq 32,955 mln. manat təşkil edib.
Ötən ili bank 422 min manat zərərlə başa vurub.
Hazırda bankın ölkə üzrə 16 filialı, 16 bankomatı, 200 POS-terminalı fəaliyyət göstərir.