SON XƏBƏR

“Palmali”nin gəmi daşımaları sektorunda qlobal miqyaslı rolu yüksəkdir

Oktyabr 17
20:35 2016
"Palmali" Şirkətlər Qrupunun regional ofisinin rəhbərinin birinci müavini Tuyqun Nadirovun Trend-ə müsahibəsi
 
- Ötən həftə "Klarksons” tərəfindən tərtib olunan reytinqdə "Palmali Shipping”in 7-ci pillədə qərarlaşması xəbəri kifayət qədər rezonans doğurdu. Öncə reytinqi tərtib edən şirkət barədə sizdən daha ətraflı məlumat almaq istərdik.
 
- "Klarksons” şirkəti gəmiçiliyin müxtəlif seqmentlərində fəaliyyət göstərir və dünyada bu sahə üzrə aparıcı şirkətlərdən biridir. Şirkət artıq uzun müddət ərzində London fond birjasının FTSE 250 indeksində yer almaqdadır ki, bu da sırf gəmiçilik profili üzrə ixtisaslaşan bir biznes üçün kifayət qədər ciddi nüfuz göstəricisidir. 150 ildən çox tarixi olan "Klarksons”un fəaliyyət istiqamətlərindən biri də dünya miqyasında gəmiçilik sektoru üzrə araşdırmaların aparılmasından ibarətdir. Sözsüz ki, onlar tərəfindən tərtib olunan reytinqlər, eləcə də mütəmadi şəkildə dərc olunan hesabatlar çox ciddi və önəmli xarakter daşıyır. "Palmali”nin də son reytinqdə ilk onluqda yer alması şirkətimizin gəmi daşımaları sektorunda qlobal miqyaslı rolunun nə dərəcədə yüksək olduğunu növbəti dəfə nümayiş etdirdi.
 
- Bu reytinqdə tutduğunuz mövqe nəyin hesabına əldə edilib? Ümumiyyətlə, bu mövqedə olmaq "Palmali” üçün hansı əhəmiyyət daşıyır?
 
- Tərtib olunan reytinqə nəzər saldıqda gəmiçilik sahəsində ixtisaslaşan aparıcı şirkətlərin adlarını görə bilərsiniz. Ümumilikdə isə, gəmi daşımaları biznesində dünya üzrə minlərlə şirkət fəaliyyət göstərir. Bu sektorda uzunmüddətli tərəfdaşlar qazanmaq və yeni müştərilər cəlb etmək üçün biznesin istər regional, istərsə də dünya miqyasında güclü rəqabətə davam gətirməsi şərtdir. Bazara daxil olan yeni oyunçular möhkəmlənmək üçün müəyyən müddət gözləməli olurlar. Biz artıq bu işdə yeni deyilik, lakin reytinqdə geridə qoyduğumuz bir çox şirkətdən daha sonra bazara daxil olmuşuq. İyirmi ildən az müddət ərzində Türkiyə, Rusiya və Azərbaycanda uzunmüddətli tərəfdaşlar qazanmışıq, eləcə də digər regionlarda uğurlu nəticələr əldə edə bilmişik. "Palmali”nin yarandığı dövrdən bu günə kimi gəmiçilik çox inkişaf edib və biz hər zaman bu sahənin trendləri ilə ayaqlaşmağı bacarmışıq. İki il bundan öncə "Armada” zavodunun fəaliyyətinə start verərək özümüz də gəmi inşaatına start vermişik. Artıq yeni qütblər barəsində düşünməliyik, qarşımıza qoyduğumuz hədəfləri və bu hədəflərlə birgə özümüzü də inkişaf etdirməliyik. Bu gün qlobal bir reytinqin yuxarı pillələrində olmağımız nailiyyətlərimizin layiqli qiyməti və yeni hədəflərə çatmağımız üçün çağırışdır.
 
- Bəs sırf biznes baxımından bu reytinqin ilk onluğunda olmağınızın şirkətiniz üçün hansı dərəcədə əhəmiyyəti var?
 
- Hər bir işdə bir sifarişçi hüquqi münasibətləri rəsmiləşdirməkdən öncə icraçının fəaliyyətini geniş şəkildə analiz edir. Və əgər söhbət on minlərlə ton yüklərin su yolları ilə daşınmasından gedirsə, bu araşdırma ən detallı səviyyədə aparılır. Bizim çalışdığımız sahədə bu tip araşdırmaların ən əsas mənbəyi olaraq məhz "Klarksons” kimi nüfuzlu şirkətin hesabatlarını qeyd etmək olar. "Palmali”nin bu reytinqdə yerləşdiyi mövqe istənilən potensial müştəri üçün ən yaxşı portfoliodur. Hazırkı iqtisadi reallıqların və güclü rəqabətin fonunda belə nailiyyətlərin rolu danılmazdır.
 
- "Palmali Shipping”in baş ofisinin yerləşdiyi Türkiyədə bu xəbər nə dərəcədə əks-səda yaratdı?
 
- Əvvəlcə Azərbaycan mətbuatına bu vacib xəbərə diqqətlə yanaşdığı üçün şirkətimiz adından təşəkkür edirəm. "Palmali” üçün Azərbaycanda həyata keçirilən hər bir layihənin xüsusi əhəmiyyəti var, və fəaliyyətimizin sosial yüklü tərəfinin əsasən ölkəmizdə həyata keçirilməsi bizə böyük qürur verir. Bu səbəbdən dövlətimizin vətəndaşlarının uğurlarımız haqqında bilgi alması vacibdir. Bəli, ölkəmizlə yanaşı, Türkiyənin nüfuzlu media resursları da bu xəbəri diqqət mərkəzində saxladı. Qeyd etmək istərdim ki, Türkiyə hökuməti bizə bununla əlaqədar məmnunluğunu ifadə etdi. Türkiyə iqtisadiyyatının dünya miqyasında təbliği və iqtisadiyyata verdiyimiz töhfəni nəzərə alaraq, bizə xüsusi güzəştlərin olacağı bildirildi. Əlbəttə, bu dəstək bizim fəaliyyətimiz üçün əlavə stimul olacaq. Ümumiyyətlə, hesab edirik ki, bu reytinqə düşməklə "Palmali” olaraq biz həm Türkiyənin, həm də Azərbaycanın adını ucaltmış oluruq.
 
- Yaxın keçmişdə bəzi mətbu orqanlarda "Palmali” barədə mənfi xarakterli məlumatlar dərc edilmişdi. Bu baxımdan yəqin ki, əldə etdiyiniz uğura həm də imic qələbəsi kimi yanaşırsınız.
 
- "Palmali”nin imic və ictimai reytinqlə bağlı heç bir problemi olmayıb. Buna istənilən sosial sorğu həyata keçirməklə şahid ola bilərsiniz. Şirkətimizin rəhbəri Mübariz Mənsimovun da dediyi kimi, biz işimizi tam şəffaf şəkildə görürük və bütün böhtanlara öz işimizlə cavab veririk. Dərc olunmuş həmin yazıların qarayaxma və qeyri-sağlam rəqabət vasitəsi olduğunu müəyyən etmək çox rahat idi. Zamanında bütün o yazıların böhtan olduğunu bildirmişik və öz yolumuza davam etmişik. Bu gün də biz irəli gedirik, nailiyyətlərimiz göz qabağındadır və bu nailiyyətlərimizi Azərbaycan xalqı ilə bölüşməkdən fərəh hissi keçiririk. Böhtan atanlar isə ortalıqda yoxdur, çünki əsası olmayan heç nəyin ömrü uzun ola bilməz. Bizim dayaqlarımız möhkəm, vicdanımız təmizdir. Odur ki, yolumuza davam edirik.
 
- "Palmali”nin Azərbaycanda gəmiçiliklə bağlı hazırkı fəaliyyəti nədən ibarətdir?
 
- Azərbaycanda əvvəlki illərdə olduğu kimi fəaliyyətimiz davam etməkdədir. Hazırda Bakı ofisimizin əsas fəaliyyət istiqaməti gəmilərə agentlik xidmətlərinin göstərilməsindən ibarətdir. Agentlik dedikdə gəmi sahibinin tapşırığına əsasən limanda və ya müəyyən ərazidə göstərilən kompleks xidmətlər nəzərdə tutulur. Bu xidmətlərə əsasən gəminin limana daxil olması ilə bağlı sənədləşmənin aparılması, yüklərin boşaldılması və yüklənməsi ilə əlaqədar dəstək, gəmi sahibi ilə liman administrasiyası arasında vasitəçilik və digər xidmətlər daxildir. Hər ay Bakının limanlarına daxil olan 40-dan çox gəmiyə bu xidmətlər tərəfimizdən göstərilir.
 
- "Palmali” Azərbaycanın qida sektorunda da "Palsüd” brendi ilə təmsil olunur. Bu sahədə işlər hansı səviyyədə gedir?
 
- Cari il "Palsüd” brendi üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. İyun ayında məhsullarımızın qonşu Gürcüstana ixracına start verildi. Bundan əlavə iki ay öncə şirkətimizin məhsulları Rusiya Federasiyasının Ekoloji, texnoloji və nüvə nəzarəti üzrə federal xidməti ("Rostexnadzor”) tərəfindən müvafiq şəkildə sertifikatlaşdırıldı. Bu isə o deməkdir ki, artıq məhsullarımızı Rusiya bazarlarına da çıxarmaq imkanı əldə etmişik. Hazırda dövlətimiz tərəfindən qeyri-neft məhsullarının ixracına dair atılan önəmli addımların fonunda şirkətimizin öz ixrac potensialından istifadə etməsi bizim üçün prioritet məsələlərdən biridir.
 
- Yeniliklər təkcə ixracla əlaqəlidir, yoxsa daxili bazarlarda satışla bağlı da hər hansı addımlar atılıb?
 
- Bəli, daxili bazara hesablanmış vacib qərarlar verilib. Ölkə ərazisində bütün market şəbəkələri və digər pərakəndə satış mağazalarına mallarımızın satışını müqavilə əsasında yerli şirkətə həvalə etmişik. Hotellərə, ictimai iaşə obyektlərinə və müəssisələrə məhsulun satışı öz komandamız tərəfindən həyata keçirilir və bu kateqroiya üzrə son 9 ayda satış dövriyyəmiz 17% artıb. "Palsüd” olaraq biz əsas diqqətimizi istehsalın təkmilləşdirilməsinə, məhsulların çeşidlərinin artırılmasına yönəldəcəyik. Alıcıların məhsullarımızdan məmnunluğunun əsas səbəbi "Palsüd”ün yüksək keyfiyyətidir və biz bu keyfiyyətə daim ciddi nəzarət etməliyik.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook