SON XƏBƏR

“Palata, qiymətləndiricilərin peşəkar inkişafını dəstəkləyəcək” - Nüsrət İbrahimov

Dekabr 16
14:39 2024
"Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanunun icrası çərçivəsində 9 müxtəlif istiqamətlər üzrə imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzinə həvalə edilib. 27 oktyabr 2024-cü il tarixində bu imtahanların ilk mərhələsi uğurla təşkil edilib və nəticə olaraq 106 qiymətləndirici müvafiq sahələrdə yüksək nəticə göstərərək, peşəkar qiymətləndirici kimi fəaliyyət göstərmək hüququ qazanıblar”.

Bunu "AzPolitika”-ya açıqlamasında Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, yuxarıda göstərilən qanundan irəli gələn təşkilati məsələlərin icrası Təşkilat Komitəsinə (İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndələri) tapşırılıb və komitənin təşkilatçılığı ilə 30 noyabr 2024-cü il tarixdə Qiymətləndiricilər Palatasının təsis yığıncağı keçirilib: "Yığıncağın nəticəsi olaraq 102 nəfərdən ibarət üzv, qapalı səsvermə yolu ilə 9 nəfərdən ibarət Rəyasət Heyəti, 5 nəfərdən ibarət İntizam Komissiyasını seçib. Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının Sədri vəzifəsinə Nüsrət İbrahimov, müavinlər Günay İsmayılqızı və Ayan Qəmbərova, İntizam komissiyasının sədri isə Nahid Həsənov seçiliblər”.

N.İbrahimov qey edib ki, yeni yaradılan təşkilatın qarşısında qanundan irəli gələn vəzifələr qoyulub və hazırda seçilmiş rəhbər üzvlər tərəfindən fəaliyyət və normativ sənədlər üzərində iş aparılmaqla yanaşı, qiymətləndiricilərin növbəti konfransına hazırlıq işləri aparılır. "Palatanın ilk konfransı 21 dekabr 2024-cü il tarixində keçiriləcək. Konfransda qiymətləndirmə sahəsinin inkişafı, qarşıda duran məqsədlər və bu sahənin gələcəyi ilə bağlı ətraflı müzakirələr aparılacaq”, - o əlavə edib.

Palata sədri vurğulayıb ki, bu addımlar, Azərbaycanın qiymətləndirmə sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, daha keyfiyyətli xidmətlərin təmin olunmasına şərait yaratmaq və sektorda davamlı inkişafı təmin etmək məqsədini güdür. "Palata, qiymətləndiricilərin peşəkar inkişafını dəstəkləyəcək, onların bilik və bacarıqlarını təkmilləşdirmək üçün müxtəlif təlimlər və inkişaf proqramları təşkil edəcək. Bu təşəbbüslər, ölkənin müxtəlif iqtisadi sahələrində daha müasir, effektiv və şəffaf qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinə mühüm töhfə verəcək”, - Nüsrət İbrahimov yekunlaşdırıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook