“Ovçular ət və ət məhsulları” MMC təkzib edir
Fevral 09
11:50
2018
Qlobal.Az "Ovçular ət və ət məhsulları” MMC-nin təkzibini oxuculara təqdim edir:
"2018-ci ilin fevral
ayının 3-də AzEuroNews.com saytında "Ovçular ət və ət məhsulları” MMC-nin fəaliyyətinə,
Azərbaycanın qida sənayesində tutduğu önəmli mövqeyə, şirkətimizin işgüzar
nüfuzuna ciddi zərbə vuran, istehsalçı ilə istehlakçı arasında münasibətlərə
kölgə salan, qeyri-etik başlıqlı "NZS-də gizlənən "Ovçular” xalqa nə yedirir”
adlı obyektivlikdən uzaq, qərəzli, sübut və dəlillərə, faktlara əsaslanmayan
qondarma, tənqidi yazı dərc olunmuşdur.
Sizin sayt heç bir araşdırma və dəqiqləşdirmə aparmadan, məqsədi bəlli olmadan
həmin materialı öz səhifəsində tirajlamış, bununla peşə etikasını pozmuş və
şirkətimizə qarşı qərəzli mövqe nümayiş etdirmişdir. 25 ildən çoxdur davamlı
olaraq Azərbaycan xalqına ləyaqətlə xidmət edən istehsalçı qurum olaraq hər
zaman media işçiləri ilə etik çərçivədə, qarşılıqlı hörmətə söykənən münasibətlər
qurmuş, irad və təkliflərə qarşı açıq olmuş, dözümlülük göstərmişik. Barəmizdə
yazılan qeyri-obyektiv yazıdan kollektivimiz nə qədər qəzəblənsə də, bu dəfə də
prinsiplərimizə sadiq qalaraq hüquqi tələb irəli sürmədən cavab haqqımızdan
istifadə edərək AzEuroNews.com saytına müraciət edib ictimaiyyəti çaşdıran
yazının onlayn istifadədən həmişəlik yığışdırılmasını və təkzib verilməsini
xahiş və tələb etmişik. Qarşı tərəf yazını hazırlayarkən məsələyə ciddi
yanaşmadığını etiraf edərək, etirazımızı qəbul etmiş, adıçəkilən yazını saytdan
çıxartmış, təkzib vermişdir. Hazırda sizin istinad etdiyiniz yazı internetdə
yoxdur!
Yazıda qərəzli şəkildə hədəfə alınan qurum olaraq
mövqeyimizi sizə də bildirir, istinad etdiyiniz mənbənin (AzEuroNews.com)
atdığı düzgün addımı sizin davam etdirmənizi istəyirik. Bir iş günü ərzində
"NZS-də gizlənən "Ovçular” xalqa nə yedirir” adlı yazının saytdan
çıxarılmasını, təkzib verilməsini xahiş edirik.
Müraciətimiz cavabsız qalarsa, tələbimiz yerinə
yetirilməzsə, ləkələməyə çalışdığınız nüfuzumuzu qorumaq üçün saytınıza qarşı
Azərbaycan Respublikası Qanunları çərçivəsində hüquqi müstəvidə adekvat
addımlar atacağımız barədə sizə xəbərdarlıq edirik.
Etiraz xarakterli mövqeyimizi anlayışla
qarşılayacağınıza, jurnalistin peşə etikasına, əxlaq kodeksinə sadiq
qalacağınıza, cavab haqqına əsaslanan haqlı xahiş və tələblərimizi yerinə yetirəcəyinizə,
saytınızda bir daha barəmizdə əsassız, qərəzli yazılar yerləşdirməyəcəyinizə
ümid edirik".
***
Azərbaycanda qida təhlükəsizliyi hər zaman aktualdır. İstehlakçılar hansı qida firmalarının məhsullarına etibar edib-etməməkdə tərəddüdlə qərar verirlər.
Xüsusən də kolbasa-sosiska sektorunda qeyri-müəyyənlik var və istehlakçılar hansı şirkətin məhsullarına güvənəcəklərinə əmin ola bilmirlər.
Ancaq bu sahədə araşdırmalarımız, ayrı-ayrı kolbasa şirkətləri haqda yazılarımız bir sıra məqamlara aydınlıq gətirib.
Onlardan biri də "Ovçular ət və ət məhsulları” MMC müəssisəsinin istehsal etdiyi kolbasaların keyfiyyəti barədə məlumatlardır.
AzEuroNews.com-un məlumatına görə, adıçəkilən istehsalat müəssisəsi Avropanın qabaqcıl Almaniya, Polşa kimi ölkələrinin müasir avadanlıqlarından istifadə edir.
Firma ildən-ilə istehsalatda keyfiyyəti yüksəldir və bunun nəticəsidir ki, nüfuzlu "Uğur” mükafatına layiq görülüb.
Ötən il isə "Ovçular ət və ət məhsulları” MMC-nin istehsal sahələrində yenidənqurma işləri aparılıb.
Bu da müxtəlif çeşidli "Ovçular” kolbasalarının keyfiyyətində böyük yeniliklərə, dəyişikliklərə səbəb olub.
Bakının bir neçə marketində apardığımız sorğu zamanı da həm alıcılar, həm satıcılar "Ovçular”ın servalatlarına üstünlük verildiyini söylədilər.
Satıcıların sözlərinə görə, kolbasa vitrinində "Ovçular”a aid sosiska və kolbasalar qalmır, çünki alıcılıq qabiliyyəti yüksəkdir.
Ona görə də hər ayın sonunda mağazalar şirkətə məhsullarını sifariş verirlər ki, vitrində boşluq yaranmasın.
Bir neçə gün əvvəl isə saytımızda kolbasa firmaları haqda yazılarımızın birində "Ovçular” MMC barədə müxtəlif iddialar yer almışdı.
Əsasən internet resursları və bir neçə saytda əvvəllər yayılmış xəbərlər əsasında hazırlanmış məqalədə şirkətin məhsullarının keyfiyyətinin aşağı olduğu, kolbasada istifadə edilən ət məhsullarının yararsız olduğu bildirilmişdi.
Amma bu iddiaların kökündən yanlış, dəqiqləşdirilməmiş, ətraflı araşdırılmamış yayımlandığı məlum olub.
Şirkətin istehsal etdiyi məhsullar arasında halal, hisə verilmiş, pəhriz üçün nəzərdə tutulmuş müxtəlif çeşidli kolbasaların keyfiyyətinə təminat verilir.
Ona görə də saytımızda gedən həmin məqalədə "Ovçular” MMC barədə əsaslandırılmamış, səhv və həqiqətdən uzaq iddialar qeyd olunub.
1992-ci ildən fəaliyyətə başlayan, kolbasa emalı sahəsində ixtisaslaşmış, yüksək ixtisaslı mütəxəssislərə yiyələnən "Ovçular” MMC müasir şirkətə çevrilib.
Bildirək ki, müəssisə halal qida sertifikatlarına malikdir. Hazırda şirkət bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş məhsullarının keyfiyyətinə təminat verərək alıcıların önünə çıxır.
Ekoloji cəhətdən təhlükəsiz məhsullar istehsal edən "Ovçular” MMC keyfiyyəti diqqət mərkəzində saxlayır və 2017-ci ildə keyfiyyəti daha da yüksəldib.
Belə desək, "Ovçular ət və ət məhsulları” keyfiyyəti yüksəltməklə müştərilərin qəlbini ovlayır.
Qlobal.Az



