“Oskar” mükafatlarında qalmaqallı açıqlama!
Fevral 27
10:57
2017
"La La Land” qrupuna verilən mükafat sonra gerçək sahibi "Moonlight”a çatdı
Bu gün Hollivuddakı "Dolby Theatre”də 89-cu "Oskar” film mükafatlarının təqdimatında böyük bir qalmaqal yaşanıb.
"Ən yaxşı Film” mükafatı açıqlandığı zaman zərflər qarışıb. Mükafat əvvəl "La La Land” qrupuna verilib. Ancaq daha sonra səhnəyə mükafatın gerçək sahibi "Moonlight” qrupu çağırılıb.
Mərasimə damğa vuran qalmaqal Hollivudun məşhur oyunçularından Varren Byuti və Fey Dunavayın ən yaxşı film mükafatı açıqlaması ilə başlayıb.
Dunavay mükafatı "La La Land” filminin qazandığını anons edib. Bunun ardından filmin bütün yaradıcı qrupu səhnəyə çıxıb. Filmin heyəti sevinc içində mükafatı səhnədə qeyd edib. Film qrupu tək-tək təşəkkür çıxışı etməyə başlayıb. Sıra filmin prodüserlərindən Fred Berqerə gəldikdə isə gözlənilməz bir hadisə yaşanıb.
Zərflərin qarışdığı açıqlanıb və "La La Land”ın digər prodüseri Cordan Horovitz də edilən səhvi düzəltmək üçün işə qarışıb. Horovitz: "Xeyr, xeyr, bir səhv var.
"Moonlight”, ən yaxşı film mükafatını siz qazandınız… Bu, bir zarafat deyil” deyərək, "Moonlight” qrupuna səslənib. Böyük xoşbəxtlik yaşayan "La La Land” qrupunun sevinci də yarımçıq qalıb.
Mükafatın sahiblərini açıqlamaq üçün səhnəyə çıxan təcrübəli oyunçular Varren Byuti və Fey Dunavay niyə yanlış ad açıqladıqlarını belə izah edib: "Bizə verilən zərfin içindəki kartda "Emma Stone – La La Land” yazılmışdı.”